top of page
Per Rütbəsi

Həzrət Əbdül-Bəha

 

İlahi Planın həm kəmiyyət, həm də keyfiyyətcə böyüyən hər bir mərhələsində, dostların cavablarının İsmi-Əzəmin icmasının qarşısın-dakı tələblərə bərabər olacağına əmin olaraq biz  indi onları yuxarıda təsbit edilən  – biri əsasən beynəlxalq sahədə, digəri isə daxildə olmaqla - iki təcili pionerlik tələbinə cavab verməyə çağırırıq. Dünya üzrə klasterlərdə icma həyatı modelini  takt, sevgi, birlik və rəşadətli ruh gücü ilə bəsləmək üçün qalxan dostlar, şübhəsiz, Sərkər Ağanın  İlahi Plan Lövhündə ifadə olunmuş ürəkdən gələn nidasından ilham alacaqlar: “Ah, kaş ki mən, hətta piyada və tam yoxsulluq içində olsa da, bu diyarlara səyahət edə, şəhərlərdə, kəndlərdə, dağlarda, çöllərdə və dəryalarda “Ya Bəha-ül-Əbha” çağırışını ucaldaraq ilahi təlimləri yaya bilərdim! Əfsus, mən bunu edə bilmirəm. Mən buna necə acıyıram! İnşallah, siz buna nail olarsınız.”  

Hz. Əbdül-Bəha Abbas

 

Həzrət Bəhaullahın süudundan sonra, Onun Vəsiyyətinə uyğun olaraq, Dinin Rəhbəri, Əhdin Mərkəzi və Müqəddəs Yazıların yeganə Şərhçisi Hz. Əbdül-Bəha Abbas (1844-1921) təyin edilir. Buna oxşar hadisə din tarixində heç vaxt olmamışdır. Həzrət Əbdül-Bəha tarixi fenomendir. O, mükəmməl bir sistem yaratmışdır. 

 

Ümumiyyətlə, bütün dinlərdə ən mükəmməl nümunə məhz həmin dinin təməlini qoyan peyğəmbərlər sayılır. Peyğəmbərlərin hərəkətləri və Şəxsiyyətləri  bu və ya digər  hadisələr və misallarda kamil Nümunə kimi böyük sevgi ilə yada salınır.  Əbdül-Bəha, ümumiyyətlə, yazılı və təsdiq olunmuş vəsiyyətlə, Əhdin Mərkəzi, Məzhərin Xələfi, Müqəddəs Yazıların Şərhçisi təyin olmaqla və  Təlimin Nümunəsi olmaqla  din tarixində unikal bir Şəxsiyyətdir. 

Həzrət Əbdül-Bəhaya Per Rütbəsi Verilməsi Mərasimi

 

Böyük Britaniyada XIV əsrdən Lord rütbəsi lordlar palatasını təşkil edən dünyəvi və dini lordlara (perlərə) verilir. XIX əsrdən iri kapital nümayəndələrinə, siyasi, elm, mədəniyyət xadimlərinə və s. verilir və bu titulu kral da bəxş edə bilir. Bildiyimiz kimi, Birinci Dünya Müharibəsi zamanı Fələstində də aclıq olmuş və bu zaman Əbdül- Bəha yüzlərlə insanı səxavətliliyi hesabına aclıqdan xilas etmişdir.  Bu səbəbdən də Ona Lord rütbəsi verilmişdir. Maraqlısı isə odur ki, fotoşəkildən göründüyü kimi, mizin üzərində olan Böyük Britaniya dövlət bayrağının arxasında əyləşməkdən imtina etmiş və Öz statusuna uyğun olaraq qabağa çəkilmiş bir məqamda qürurunu saxlayaraq əyləşmişdir.

Per Rütbəsi Verilmə Mərasimi

O, Molla Sadığın şərəfinə türk dilində bu sözlərlə başlayan gözəl bir münacat yazmışdır: “Ey Sadıqım, ey Sadiqim, məhfildə nuri-bariqim...”  Molla Sadıq bir neçə dəfə Həzrət Əbdül-Bəhadan şəhidlik imtiyazının verilməsini xahiş etmişdi və nəhayət, həzrət Əbdül-Bəha onun xahişinə güzəştə getdi. Molla Sadıq dinin təbliğində hərəkətlərinin necə olmasını öz müəllimindən öyrəndikdən sonra Bakıya öz Məhbubunun Əmrinə itaətkar bir halətdə  qayıtdı. O, öz tərifəlayiq təbliğini davam etdi və nəhayət, öz istəyinə çatdı. Bir gün o parkda maraqlananları təbliğ edən zaman gecə qaranlığından atılan qatil gülləsi onu qətlə yetirdi. Ən dəhşətlisi isə odur ki, Axund İbrahimxəlil özü, hirsli bir vəziyyətdə, Bəhai dinini qəbul etdiyinə görə öz oğlunun ölümünə fitva vermişdi... Beləliklə,  Molla Sadığın (Molla Sadıq Hacı Qələndər) ruhu öz istəyinə çatdı. Onun cənazəsi dostlar tərəfindən Bakının kənarında dəfn edilmişdir və bütün dünyadan olan Bəhailər tərəfindən indi də ziyarət olunur. Beləliklə, Şimali Azərbaycanda Bəhai Dini uğrunda ilk şəhid olan  şəxslərdən biri öz “dönük“ oğlunun öldürülməsinə fitva verən məşhur üləmanın oğlu Molla Sadıq Haci Qələndər idi. Bu hadisə 1898-ci ildə baş vermişdi.

 

Dinin inkişafının nəticələri neçə il boyu hiss olunurdu. Misal üçün, Misirdə bu müvəffəqiyyətə aparan yol Şeyx Məhəmməd Əbdunun Əbdül-Bəhaya heyran qalması ilə hazırlanmışdı. Sonradan şeyx Misirin müftisi olub və Əl-Əzhər universitetinin -  İslam aləminin görkəmli siması olub. (“Kainatın yüzilliyi”, 2001, Kanada, “Единение” nəşriyyatın tərcüməsi, Moskva, 2004). İndi də o, islam aləmində ən tanınmış simalardan biri sayılır. Azərbaycanın Dini Qurumlarla iş üzrə komitənin mütəxəssisləri onun islam aləmindəki rolunu çox qiymətləndirirlər. Qeyd etmək lazımdır ki, müsəlman aləmində ilk dəfə məhz ən mötəbər Əl-Əzhər universitetində, Misirdə 80 il əvvəl Bəhai Dini müstəqil bir din kimi qəbul edilmişdir.

 

1925-ci ildə Misirin sünnü-müsəlman dini məhkəməsi (Qazı) müsəlman qadın və bəhai kişilərlə kəbininin kəsilməsinə etirazını “Bəhai Dininin Yeni və tam müstəqil olması” ilə əlaqələndirmişdir. (“Столетие Cвета” Перевод с английского- издательство Единение, Национальное Духовное Собрание Бахаи России), 2004. – с.208). 

1908 ci ildə Kiçik Türk İnqilabi Osman imperiyasının məhbuslarının çoxunu azad etdi, həmçinin Həzrət Əbdül-Bəhaya (O, 40 il atası ilə birlikdə sürgünlük və məhbusluq həyatını yaşamışdır), bununla da Qərbin böyük şəhərlərində Allahın Əmrini açıq elan etməyə imkan yaratdı. Əbdül-Bəhanın Amerika və Avropaya tarixi səyahətləri Bəhai Dininin yayılmasında böyük rol oynadı. Əsasən, Yaxın Şərq ölkələrində məlum olan yeni təlim geniş yayılmağa başlayır və qərbdə ilk bəhai icmaları təşkil olunur. Onun şəxsi xüsusiyyətləri və apardığı rəsmi görüşləri insanları Özünə cəlb edərək valeh edirdi. Əbdül-Bəha Abbas ömrü boyu təqib edilib. 40 illik sürgün və dustaqlıqdan sonra Əbdül-Bəha Abbas (100 il əvvəl!) Paris, London, Edinburq, Çikaqo, Qahirə və s. şəhərlərdə böyük auditoriya və mütəxəssislər qarşısında və həmin şəhərlərin mərkəzi qəzetlərinə müsahibə verərək bugünkü dövr haqda danışır, fikirlərinin genişliyi ilə insanları heyrətə salır və gələcək sivilizasiyanın modelini verirdi. Çoxları Onun dediklərini başa düşmür və bəzən lazımi əhəmiyyət vermirdilər.

Birlik modeli. Dünyanın 200-dən çox müxtəlif ölkələrinin Bəhai icmasını  2100-dən artıq millətin və  xalqın nümayəndələrini birləşdirir. Bu ən böyük möcüzədir. Heç bir insan birliyi (iqtisadi- sosial) belə yaşaya bilmir, baxmayaraq ki, daima müxtəlif hökumət və din qüvvələri onu parçalamaq istəyiblər. Yeni dinə qarşı belə cəhdlər 6000 illik din tarixində çox olub. Müəyyən dövrdə qısa müvəffəqiyyətlər olsa da, Allah İşinin qarşısını nəhayətdə almaq heç kimə nəsib olmayıb. Bu, bilavasitə Əhdin gücüdür.

Bu model universaldır. Bu sadəcə toplum deyil, çünki Bəhai icmasının məşvərət kimi bir vasitəsi var. Tarix boyu həmişə insanlar belə bir birliyə can atıblar. Belə birlik başqa bir yerdə, ümumiyyətlə planetimizdə, yoxdur. Hz.Bəhaullahın yaratdığı sistem bütün dünyada hamı ücün eynidir. Və yaxud Bəhai seçki sistemi öz növbəsində heç bir demokratik sistemdə olmayan xüsusiyyətə malikdir. Bu iki məqam bütün bəşəriyyətin vahid bir ruh kimi yaşaması üçün ən böyük vasitədir.

Həzrət Əbdül-Bəha gələcək sivilizasiyanın modelini verdi və bu sadəcə plan deyildi. Birinci dəfə insan irqinin vahidliyindən danışıldı. Ailə, tayfa, millətlər var idi, amma bütövlükdə bəşərin bütövlüyü ilə xarakterizə olunan bir ictimai varlıq forması yox idi. İndi biz bəşəriyyətin yetkinlik vaxtında yaşayırıq.

 

Onun (Bəhai Əhdinin Mərkəzi Əbdül-Bəhanın) Azərbaycan bəhailəri ilə müəyyən əlaqələri, - zəvvarlar və məktublar vasitəsilə, - olmuş və Onun əlyazısı olan sənədlər uzun müddət, təhlükəli və qorxulu olsa da, bəhai evlərində qorunub saxlanılmışdır. Belə hadisələr hal–hazırda bu ailələrin şərəf və iftixarıdır. Məsələn, Gəncə bəhailərindən tacir Qasimov Məsum Xəlil oğlu bir il Haifada, 1916-1917-ci illərdə, Əbdül-Bəhanın hüzurunda olub və maraqlısı odur ki, O, onun üç dəfə tutulacağı və qayıdıb gələcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. 

“Din bizə ruhani cəhətdən böyüməkdə kömək etməkdən daha çox iş görür.  O, həm də bizim kollektiv həyatımızla da bağlıdır. O, sosial nəzmin təbiətinə də təsir edir: strukturlar və təsisatlar, münasibətlər, icmanın mənəvi strukturu və bunların hamısının transformasiyası. Hər şeydən daha əvvəl, din cəmiyyəti, onun bütün üzvləri və qrupları arasında birlik yaratmaqla transformasiya etdirir. Məhz din bizim qəlbimizin dərinliyinə nüfuz edir, fədakarlığa və ümumun xeyrinə çalışmağa və cəmiyyətlərimizin yaxşılaşmasına, doğrudan da, sivilizasiyanın irəlilədilməsinə töhfə verməyə  sövq edir. Məhz din cəmiyyətin öyrənməsini və güclənməsini stimullaşdırır.” 

Dünya mənəviyyat və əxlaq düşkünlüyünə, iqtisadi böhrana, sosial çətinliklərə, terrorizmə və s. yuvarlanır.  Köhnə nizamın qüsurlu olması getdikcə daha aydınlığı ilə üzə çıxır. Bütün bəhailər ədalətli bir dünya, yeni dünya nizamı qurmaq uğrunda çalışırlar. Bu məqsəd üçün isə Dünya Bəhai həmrəyliyi olduqca böyük bir vasitədir.

 

“İnsan öz bəşər həyatının başlanğıcında ana bətni dünyasında rüşeym halında idi. Orada o, bəşər mövcudluğu dünyası üçün qabiliyyət və istedad almışdır. Bu dünya üçün zəruri olan güc və qüvvət ona o məhdud şəraitdə bəxş edilmişdir. Bu dünyada ona gözlər lazım idi; o, onları əvvəlcədən o biri dünyada almışdı. Ona qulaqlar lazım idi; o, öz yeni mövcudluğuna hazırlaşmaq üçün onları orada əldə etmişdi. Bu dünyada lazım olan güc ona ana bətnində əta edilmişdi.  Eynilə də, o bu dünyada özünü axirət həyatına hazırlamalıdır. Mələkut aləmində lazım olanlar bu dünyada əldə edilməlidir. Bu dünya üçün zəruri olan gücü toplamaqla özünü ana bətni dünyasında hazırladığı kimi, eləcə də mələkut aləmi üçün zəruri olan gücü bu dünyada əvvəlcədən toplamalıdır.'' (Abdul-Baha, Promulgation of Universal Peace, US Baha'i Publishing Trust, 2004, p. 470)

Şövqi Əffəndi
Tahirə
Tolstoy

 

Həzrət Əbdül-Bəhanın Azərbaycan Haqqında Dua və Lövhləri

Bakı Bəhailərinin - Allahın nuru üzərlərinə olsun-nəzərinə!

Ey Əbha Camalının dostları! Bilmirəm ki, hansı dil ilə söyləyim və nə cür yazım ki, az da olsa mənim ürəyimin dərinliyində Allahın dostlarına olan məhəbbəti bəyan edim. Allaha and olsun! Qələmlər bunu bəyan etməkdə acizdir və aqillər isə onu dərk edə bilməzlər. Ona görə də yaxşısı budur ki, bunu münacat dili ilə dua kimi söyləyim: 

Rəbbim, Rəbbim! Bunlar Sənin bəndələrindir ki, Sən bəxş etdiyin sığınacağa pənah gətiriblər. Və Sənin əzəmətli Əmrinin yanında pənah axtarmaq üçün gəliblər. Sənin dövründə əta dənizinin sahilinə can atıblar. Ya Rəbb! Onlara lütf və mərhəmət badələrini bəxş eylə. Comərdlik və bəxşiş buludlarını onların üzərinə yağdır. Onları fəzl və ehsan buludlarının kölgəsinə daxil et. Əhd və Misaq yolunda qədəmlərini möhkəmləndir. Ruh və bəxşiş nəsimlərini onlara göndər. Onları Öz varlıq və cəlal üfüqünə yüksəlt. Onların ürəklərini Öz tövhid nurunla ilhamlandır. Ruhlarını Sənin Camalını görməkdən məhrum edən şeylərdən pak et və qəlblərinə Öz münacatının ruhu ilə həyat ver. Və Öz müqəddəs rahiyələrini onlara duydur. Ey Allahım, onları bu dünyada Özünün tövhid nişanələrin və vəsfetmə bayraqların eylə. Həqiqətən, Sən Ən Əziz və Ən Qüdrətlisən.  

-Əbdül-Bəha Abbas

Hüvəllah! Ey Ələst* piyaləsindən məst olmuşlar! Şükr olsun Qəyyum Tanrıya ki, əzəmətli çadırın kölgəsində və Əbha Cənnətindəsiniz və Ən nurlu bağa daxil olmusunuz. Ələst badəsindən heyrətdəsiniz. Və Allahın məhəbbət odunun hərarətindən həyəcana gəlmisiniz. Camalı-Əbhanın fəzl və lütflərindən ümid edirəm ki, azad insanların başçısı və nəcib adamların öndəri olasınız. Qəyyum Allahın varlığının nişanəsi olasınız və Aşkar Allahın dan yerinin şəfəqləri olasınız. Tovhid nişanələri və təcrid məqamında parlaq ulduzlar olasınız. Cahanın qəlbində və dünyanın özəyində eşqin atəşindən yanan bir çıraq olasınız və elə nur saçasınız ki, hər yan nurlansın və müqəddəs rahiyələr irfan gülşənindən Qafqazın hər tərəfinə yayılsın.                                             

Ey mənim Allahım! Bu o şəhərdir ki, orada Sənin məhəbbətinin atəşi şölələndi və Sənin mərifətinin işığı buradan saçdı. Elə isə onları hər tərəfi və hər yeri işıqlandıran və ətirləndirən eylə. Və qoy onlar o üfüqlərdən Sənin tovhid nurunun yayılması nəticəsində səadət və xoşbəxtlik fəzasının genişlənməsinə səbəb olsunlar. Onları Öz əhədiyyət dənizinin dalğalarından, Öz mərifət ordunun dəstələrindən, Öz bəxşiş bağının ağaclarından və Öz inayət ağacının meyvələrindən ən sevimliləri eylə. Həqiqətən Sən Ən Kərim və Ən Ucasan.      

   -Əbdül-Bəha Abbas

 

* Çox guman ki, Eləst məclisinə Əhdi-peymana işarədir (S.Ə.)   Məşhur “Men sizin rebbiniz deyillenmi?”  [Quran-i Kərim 7/172-173] Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi), siz Qiyamət günü: “Biz bundan qafil idik” deməyəsiniz.

Şövqi Rəbbani (1897-1957)  

 

Həzrət Əbdül-Bəha dünyasını dəyişdikdən sonra Onun vəsiyyətnaməsinə uyğun olaraq, Dinin Mühafizi (Vəlisi) və eyni zamanda Müqəddəs Yazıların Şərhçisi təyin edilir. Şövqi Əfəndi, Bəhai inzibati quruluşunun incəliklərinə qədər işlənməsində və Əmrin müxtəlif ölkələrə planlı yayılmasında, indiki Əkka və Haifa şəhərlərində bəhai məbəd və inzibati binaların tikilişınə bilavasitə rəhbərlik etmişdir. Üç dili (fars, ərəb və ingilis) mükəmməl bildiyi üçün nəinki ana kitab olan Kitabi-Əqdəsi, həm də fars və ərəb dilində olan digər bəhai Müqəddəs Yazılarını ingilis dilinə tərcümə etmişdir. Öz öhdəsinə düşən əsas vəzifəni – Dinin qorunması, birliyinin saxlanması və yayılması işini – şərəflə yerinə yetirmiş, həmçinin, Müqəddəs Yazılara istinadən, din tarixində ilk dəfə olaraq Əmrin mərkəzinin Ümumdünya Ədalət Evinə verilməsinə şərait yaratmışdır.      

NKVD-in indi arxiv materiallarından məlum olub ki, Azərbaycan bəhailərinin də əlaqələri, Dinin mərkəzi ilə təmamilə kəsilməmişdir, məsələn, 1923-cü ildə Şövqi Əfəndidən alınmış məktuba  Bakı Məhfili Qafqaz bəhailərinin Ruhani Şurası kimi adlandırılmağa başlanıb və buna uyğun da fəaliyyət göstərib. Müəyyən məlumatlara görə, Tiflis bəhailəri ilə olduqca sıx əlaqələri olub.

 

"Müstəqil Peyğəmbərlər qanunvericilər və yeni silsilənin baniləridirlər... Digər Peyğəmbərlər isə ardıcıllar və davamçılardırlar, onlar budaqlara bənzəyirlər və müstəqil Peyğəmbərlər məqamına malik deyillər. Onların nuru ümumdünya Peyğəmbərlərinin Rəhbərliyinin nurudur. Onları öz-özündən işıq verməyən və şəfəq saçmayan, lakin günəşin işığını əks etdirən ay ilə müqayisə etmək olar."

Bəhai Dinində Müqəddəs Yazılar bir-neçə qrupa bölünə bilər

                                                                                       

1. Allah Kəlamları–Allahın zühurunun mahiyyəti olan, bilavasitə Həzrət Bab və ya Həzrət Bəhaullaha vəhy olunan yazılardır. Bu yazılar öz-özlüyündə qüsursuzdur və dərin tükənməz mənaya malikdir. Yazıları oxuyan hər bir insan özünün dərrakəsinə uyğun olaraq, onların dərin mənalarına çata bilər.       

                                                                                       

2. Bəhai Dininin Müqəddəs Yazıları – buraya Allah Kəlamları, həmçinin, “İlahidən verilən qüsursuzluq” bağışlanmış, bilavasitə Həzrət Əbdül-Bəhanın əli ilə yazılmış yazılar daxildir. Həzrət Bəhaullahın iradəsinə - Vəsiyyətnaməsinə əsasən, Həzrət Əbdül-Bəha bütün bəhailər üçün vacib olan bəhai yazılarının yeganə şərhçisi səlahiyyətinə malikdir.  

3. Mötəbər Yazılar – Şövgi Əfəndinin şərh etdiyi Yazılara və Ümumdünya Ədalət Evinin sənədlərinə aiddir. Bu yazıların Müqəddəs Yazılar deyil, lakin Həzrət Əbdül-Bəhanın iradəsinə - Vəsiyyətnaməsinə əsasən,  Şövqi Əfəndi bəhai yazılarının yeganə şərhçisi səlahiyyətinə malik idi, qüsursuzdur və buna görə bu yazılar da bütün bəhailər üçün səhvsiz rəhbərlik mənbəyi hesab olunur.

Tahirə Qürrətül-Eyn, Yazıçı və alimlər

Həzrət Babın edamından sonra  Onun davamçıları kütləvi surətdə məhv edilir. Ən görkəmli şəxsiyyətlərdən biri, yeni təqiblər vaxtı öldürülmüş, azərbaycanlı şairə Tahirə Qürrət`ül-Eyn idi. Onun şeirləri, yazıçı Professor Əzizə Cəfərzadənin “Azərbaycanın aşıq və şair qadınları” Bakı, “Gənclik”,1991 kitabında çap edilmiş və tarıxı romanlarından olan  “Zərrintac- Tahirə” Bakı, “Göytürk”, 207s.,1996, Tahirəyə həsr etmişdir.) 

O, Həzrət Baba ilk inam gətirmiş 18 nəfərdən biri idi. Azərbaycanın, İranın və başqa müsəlman ölkələrinin tarixində ilk dəfə olaraq Tahirə yeni dinin prinsiplərinə uyğun olaraq, iştirakçılarının sayı 81 nəfər olan Bədəşt müşavirəsində (1848-ci il) öz rübəndini atmışdı. Qürrət`ül-Eyn (“göz bəbəyi” kimi tanınan türk şairəsi, 1818-ci ildə Güney Azərbaycanın Qəzvin şəhərində, dövrün tanınmış müctəhidi Hacı Molla Məhəmmədsaleh Bərəğaninin ailəsində doğulub, yüksək təhsil alıb, dövrünün məşhur ülamələri ilə dini məsələlərin şərhində onlara, eyni otaqda tül pərdə arxasında, yeni baxış aşılamağı bacaran münəvvər bir qadın) həmin gündən Tahirə ("Pak") adı ilə məşhurlaşır. Bu adı ona Həzrət Bəhaullah verir. 

Azərbaycanın XIX əsr ən qabaqcıl mütəfəkkirlərindən sayılan, lakin din cəhətcə çox geridə olan iki mütəfəkkiri: ateist dramaturq Mirzə Fətəli Axundzadə (Bəzi tədqiqatlara görə bu səhv fikirdir, o yalnız İslamda müasirliyiə çağırıb, amma sovet dövründə məktəblərin əksər kitabxanalarında onun “Mən bütün dinləri puç və əfsanə hesab edirəm” sözləri görkəmli yerdə asılardı) və ilk şərqşünas alim, Rusiyanın Kazan və Sankt Peterburq Universitetlərinin professoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmiş Mirzə Kazım Bəy müsəlman ailəsindən çıxsa da, (Mirzə Məhəmmədəli Qasım oğlu) xristianlığı qəbul etmiş, Tahirə xanıma olduqca yüksək qiymət vermişlər.

Mirzə Fətəli Axundzadəyə görə Tahirə “atəşin təbə malik qeyrətli, hümmətli, öz zəmanəsinin gözəl qızı idi, həyatı dastanlara layiqdir”. Mirzə Kazım bəyə görə Tahirə xanım “qeyri-adi dərəcədə yüksək təhsil almış, sözə hakim bir insan idi, bütün bunların üzərində onun təsviredilməz gözəlliyi parlayırdı”. Bu məsələdə nə qədər haqlı olsa da, baxmayaraq ki, Mirzə Kazım bəy həmin dövrdə yaşamışdır, bir neçə Avropa və bir neçə şərq dilini kamil bilir və tərcümələr edirdi, ikinci dəfə də yeni Dinin mahiyyətini tuta bilməmiş, 1865-ci ildə yazdığı “Bab və babilik” tarixi kitabı isə uzun müddət insanları çaşdırmış, elə indinin özündə də çaşdırmaqdadır. Görünür belə güclü əql dühası olmasına baxmayaraq dindəki yenilikləri qavrama qabiliyyətinə malik olmaması onun ruhani qabilliyyətləri ilə birbaşa əlaqədardır. http://en.wikipedia.org/wiki/Alexander_Kasimovich_Kazembek
 
Böyük türkçü Nihal Atsız “Gənc qızlarımıza çağrı” adlı yazısında türk qızlarına özgür qadın Zərrintacı (Tahirənin başqa adı) örnək göstərirdi: “Sizlər də adı Zərrintac olan qəzvinli türk qızı kimi inanclarınız uğruna, üzündə xoş bir gülümsəmə ilə atəşə doğru erkək bir bozqurd kimi yürüməyi bacarın” söyləmişdir.
 
Beləliklə, Həzrət Baba ilk iman gətirən və “hürufi-həyy” adlanan 18 müridi ilk iman gətirmişlər arasında yeganə qadın Zərrintac Tahirə də var idi. Lakin digər 17 müriddən fərqli olaraq Tahirə həmin vaxt Kərbəlada olduğundan Onun hüzuruna gələ bilmir, bacısının əri Mirzə Məhəmmədəli Qəzvini ilə bir məktub və bir beyt şeir göndərir və Ona “Nə üçün “Mən sizin Rəbbiniz deyiləmmi?” deməyəsən?!” deyə müraciət edir və Ona iman gətirir.

Qacar dövlətinin hökmran olduğu regionda olduqca qətiyyətli addımlar atır, özünü Dinin təblərinə həsr edir, elə buna görə də 1848 - 1852-ci illərdə həbs olunaraq Tehrana göndərilir, o şəhərin kələntəri Mahmud xanın evində əsir qalır. 1852-ci ildə Nəsrəddin Şaha uğursuz sui-qəsdin bir ruhdan düşmüş babi tərəfindən törədildiyi aşkar olduqdan sonra Tahirəni baş nazir Mirzə Ağa xanın yanına aparmaq bəhanəsilə zindandan çıxarırlar, bir bağda boğaraq quyuya atırlar və üzərini torpaqla doldurur, əzabla faciəli surətdə şəhid edirlər. İlk iman gətirmişlər arasında, Tahirə xanımdan başqa, digər azərbaycanlılar da var idi.

Bəzi tədqiqatlarda Tahirənin babiliyə qoşulmasının səbəbi, səhvən qadın azadlığı sayılır. Sonralar, bizim günlərdə, tədqiqatçı alim Sabir Gəncəli də öz namizədlik dissertasiyasında Tahirənin qadınlar hərəkatında böyük rolunu qeyd etmişdir. 

Zəncanda 1850-ci il Babilərin özlərini amansız rejimin təqiblərindən qoruduqları zaman müdafiə dəstələrindən birində Zeynəb adlı çox gənc azərbaycanlı qız da olmuşdur. Tarix elmləri doktoru, professor Zülfəli İbrahimov bu qəhrəman qız haqqında yazmışdır: “Son dərəcə şücaətli olduğuna görə zəncanlılar bu qıza “Şahnamə”nin qəhrəmanı Rüstəmin adını vermişdilər. Xalq ona Rüstəmə deyirdi». Başqa tədqiqatçı, tarix elmləri doktoru, professor Sabir Gəncəli yazır: “Şah qoşunları dəfələrlə hücum edib, Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə casus əliylə öldürülmüşdür”. 
 
“Qalada olan qadınlar arasında Zeynəb adlı kəndli bir qadın da vardı. O əslən Zəncanın ətrafındakı kiçik bir kənddən idi. İmanın ən yüksək dərəcəsinə yüksəlmişdi, şücaətdə misilsiz, gözəllikdə bənzərsiz idi. O, din qardaşlarının məşəqqətlərə düçar olduqlarını gördükdə, onların köməyinə yetişmək qərarına gəlmişdi. Buna görə də əyninə cübbə geyinir, başına papaq qoyub saçlarını yığırdı...Beş ay ərzində Rüstəməli hədsiz şücaət və misilsiz cəsarətlə ona tapşırılan vəzifəni yerinə yetirməklə məşğul oldu. Nə yatmaq, nə dincəlmək, nə də yemək barədə düşündü. Tərəddüd içərisində olan bəzi şəxslər onun bu misilsiz şücaətini görüb ürəkləndilər və itirdiklərini geri qaytarmağa çalışdılar....Düşmənlərin heç biri Zeynəbin paklığına, şücaətinə, dəyanətinə və imanına şəkk-şübhə etmirdi. Zeynəb düşmənlərin nəzərində adi kənd qadını deyildi, bütün insani fəzilətlərin mücəssəməsi, gözəl rəftarın nümunəsi, igidlik ruhunun təzahürü idi və belə müqəddəs ruha malik şəxslərə yalnız Həzrət Babın dininin kölgəsində rast gəlmək olardı.”(Nəbil Zərəndi, “Dan yerinin şəfəqləri”, Bakı 2001, səh. 416-417). 

Bədəşt müşavirəsindən etibarən Mirzə Hüseyn Əli “Bəhaullah” (ərəbcə "Allahın Nuru") adı ilə məşhurlaşdı. Sonralar möminlərin bir qismi Həzrət Baba müraciətində bildirmişdilər ki, Tahirə xanım köhnə adət və ənənələri rədd edir. Buna cavab olaraq Həzrət Bab demişdi: "Mən onun haqqında nə deyə bilərəm ki, onu Qüdrətin və Nurun Dili Tahirə adlandırmışdır?"
 
Məhz bu tarixi Bədəşt müşavirəsində, əsrin yeni qanunları qəbul edildi və köhnə ənənələr rədd olundu. Burada Tahirə* üzüaçıq, rübəndsiz və bəzənmiş halda dostlarının qarşısında dayanmış və  üzünü dindaşlarına tutaraq “Quran”ın ayələri tək səslənən bəyanat vermişdi ki, Yeni dövrün gəlişi ilə köhnə qanunlar ləğv ediləcəkdir. 

Lakin hamı belə bir dəyişikliyə hələ hazır deyildi, buna görə də bəziləri öz narazılıqlarını bildirdilər, lakin Həzrət Bəhaullahın bu işə qarışması nəticəsində tərəflər arasında sülh yaradıldı. Professor Əzizə Cəfərzadə Tahirə xanıma vurğun olduğunu müəllifə dəfələrlə etiraf etmişdi.Onun, məhz Əzizə xanımın ifasında əzbərdən, xüsusi şövq və sevgi ilə söylənən şerlərini dinləməkdən doymaq olmurdu. Tahirə xanımın Azərbaycan dilində yazdığı “Hələ İsrafil Calır, Calır Sur...” (Surun calınması - Qurani-Kərimdə dəfələrlə rast gəlinən məqamlardandır. Burada “hələ” sözü çox maraqlıdır və hadisələrin məhz həmin vaxtda getdiyinə işarədir) və fars dilində yazdığı “Kuçəbe kuçə, xanə be xane...” şerlərini və s. xoşbəxtlikdən, məşhur tarixi romanlar müəllifi, professor Əzizə Cəfərzadənin web.site-da səs yazısını indi özünün ifasında dinləmək olar. https://youtu.be/_denr-37vcY.  

“Azad qadın” heykəli Bakı,1960-cı il
(müəllif Fuad Əbdürrəhmanov, memar Mikayıl Hüseynov)

* İllər keçəcək və təqribən 70 ildən sonra (!), Sovet hakimiyyəti dövründə, çadranı atmaq kütləvi xarakter alacaq, Bakının mərkəzi meydanlarından birində azadlıq rəmzi kimi çadrasını atan qadın heykəli -bəhailər üçün isə sanki Tahirənin heykəli- ucaldılacaqdır...

 

Maraqlıdır ki, alim və ensiklopedik biliklərə malik olan Şeyx Məhəmməd Əbdu məşhur rus yazıçısı L.N.Tolstoy ilə tanış olmuş və ümumbəşəri dinin reformasiyalarının aparılması yolları haqda öz düşüncələrini bölüşmüşlər. Bəhai Dini haqda L.N.Tolstoyun Yasnaya Polyana malikanəsindəki kitabxanasında müxtəlif mənbələr mövcuddur ki, bunlara F.C. Andreasın tədqiqatları və A. Tumanski tərəfindən Kitab-i Əqdəsin (Bəhailərin ana kitabı) ilk dəfə rus dilinə tərcüməsini misal gətirmək olar. Təqribən 100 il bundan əvvəl edilmiş bu tərcümənin foto nüsxəsi on illər boyu, sovet dövründə, bəhailərin yeganə kitab mənbələrindən biri idi. Əbdül-Bəhanın bəşəriyyətin birliyi üçün etdiyi bütün səylərə yüksək qiymət verən Tolstoy bununla bütün dünyanın işıqlanacağı fikrinə böyük ümidlə yanaşırdı.  Aşağıdakı əlaqə kanalına bax: A.L.M.Nikola, www.abc-globe.com/bahaizm.htmv

L. N. Tolstoy, Bəhai Dininin  prinsiplərinə dərin hörmət bəsləyən, bu Dinin gələcəyini görərək, hələ 1908 –ci ildə, onu "Dərin və Gələcəyi xəbər verən" adlandırıb. Bütün bəşəriyyət xoşbəxt cəmiyyət qurmaq haqqında fikirləşdiyi vaxtda, “İnsanların xoşbəxtlik açarının Əkkə dustağının əlində olduğunu“, – yəni Hz. Bəhaullahın, - göstərmişdir. (Mikhail Rodionov (Bazilenko, I.V.)  aşağıdakı əlaqə kanalına bax
http://www.ameenrihani.org/pdf/Rihani%20and%20Tolstoy%20-%20by%20Mikhail%20Rodionov.pdf 
“L.N. Tolstoy and Bahaism, in Russian, the West and the Muslim East in New time.” 
 
Mövcud dinlərdən 5 postulat təklif edən L.N.Tolstoy ömrünün sonuna yaxın yeni dinə ehtiyac duyur və xristianlıqdan çıxır. 

Sonralar, bizim günlərdə, rus tədqiqatçı alimləri İ.V.Bazilenko və başqaları öz dissertasiyalarında uyğun olaraq Şövqi Əfəndi və Bəhai Dini haqda öz müsbət mülahizələrini qeyd etmişlər.

Ümumiyyətlə, Rusiya - Bəhai Dininin tarixi inkişafında görkəmli rol oynamış ölkələrdən biridir. Belə ki, 1889-cu ildə Rusiya məhkəməsi, nəinki tarixdə ilk dəfə olaraq, Bəhai Dininin heç bir dinlə əlaqəsi olmadığını və müstəqilliyini göstərmiş və onun ardıcıllarının müdafiəsinə qalxmışdır. Məşhur rus yazıçısı İ.S.Turgenyev də Bəhai Dininə maraq göstərmişdir.
 

Dastoyevski
Edvard Braun
Avqust Forel
Couett
Əli Əkbər Nəxçıvani
Əli Nəxçıvani


F. M. Dostoyevskinin məşhur olan “Dünyanı gözəllik xilas edəcək” fikri və Hüseyn Cavidin “Mənim Tanrım gözəllikdir, sevgidir” fikirləri olduqca maraqlıdır. Çoxları bunları, sadəlövhcəsinə,  qadın gözəlliyi ilə əlaqələndirsə də, məncə, bu onların Hz.Bəhaullahın ən geniş yayılmış titullarından biri olan Camali-Mübarəkə - Həzrət Bəhaullaha (ərəbcədən camal –gözəllik, gözəl üz) işarədir və Onunla bağlı ümidlərə işarədir.  F. M. Dostoyevskinin ”Karamazovlar qardaşları” romanı bu anda yada düşür, çünki o, olduqca incə bir məqama toxunmuşdur. Görəsən min illər boyu yalvarıb İsa Peyğəmbərin yenidən yer üzünə qayıdıb, gəlişini gözləyənlər səmimidirlərmi? Sən demə heç də yox.
 

Yazıçı böyük məharətlə, riyakar insan psixiologiyasına uyğun olaraq, inkvizitorla İsa Peyğəmbərin ikinci qayıdışından sonrakı görüşü və hadisələri təhlil edir və nəhayətdə ən başbilən keşişin nəinki Onu qəbul etmədiyini göstərir, hətta yenidən Onu həbsə alıb, cəzalandıracağı ilə də hədələyir və ən nəhayət, Onu azadlığa buraxsa da, bir daha bu yerlərdə görünməməyi əmr edir.

Həmin hadisələr böyük oxşarlıqla Hz.Babın və Hz.Bəhaullahın da başına gəlmiş və indi də hələ bundan nəticə çıxarmayanlar az deyildirlər. 

Professor Edvard Braunun - Kembric universitetindən olan iranşünas alimin Bəhailiyin tarixi, təlim və prinsiplərinin elmi dairələrdə dərc olunmasında əməyini tam qiymətləndirmək mümkün deyildir. Onun “Fars ədəbiyyatı tarixi” adlı fundamental əsərində XIX əsrin 80-cı illərinin sonundan başlayaraq əvvəl Babiliyi (edam tarixini “İsa ilə əlaqədar hadisələrə” oxşatmışdır) sonra isə Bəhailiyi tədqiq etmişdir və yüksək qiymətləndirmişdir. E.Braunun 1890-cı ildə Əkkə şəhərinə səfər edib və 4 dəfə Hz.Bəhaullahın hüzurunda olmuşdur. Onun “..özümdən asılı olmadan qarşımdakı adamın qarşısında – Hz.Bəhaullahın - səcdə etdim..” sözləri ilə başlayan ilk təəssüratını oxumaq olduqca maraqlı və o vaxtkı dövrün ruhani atmosferini təsvir etməkdə əvəzsiz yazılardan biridir. Məşhur Kembric universitetinin professorunun İrandan sürgün edilmiş dustaq qarşısında bu ilk davranışı olduqca maraqlıdır!  
 


Professor, Doktor Avqust Henrix Forel 1908-ci ildə Bəhai Dini ilə tanış olduqdan sonra heyran olmuşdu. Öz çoxillik elmi tədqiqatlarının və dünya görüşünün nəticəsi kimi Monizmi (ideal və maddiliyin vəhdəti) təsbit etdiyindən Əbdül-Bəhaya məktubla müraciət edib, soruşmuşdu: Bəhaizmin tərəfdarı olaraq monizmliyində qala bilərmi? Hz. Əbdül-Bəha Abbasın ona 1921-ci ildə ünvanladığı müraciətnamə-məktubu (Abdu’l-Baha’s Tablet to Dr.Forel. Baha’i –Verlag, GmbH, 1980, 137 D-6238 Hofheim-langenhain) din və elm, ruh və materiya, elmi tədqiqatların xarakteri və həyatın məqsədi kimi məsələlərə aydınlıq gətirilmiş, bəşəriyyətin sosial həyatının və xəstəliklərindən xilas olmanın yollarını göstərən əzəmətli bir sənəddir.
 

Bundan başqa O, fizika elmində (ələxsus Moskva alimlərinin son 30 ildə) tez-tez toxunulan məsələlərdən olan, efir substansiyasının mövcudluğunu göstərməklə mahiyyətinin naməlum olduğunu qeyd edib, və ilk dəfə olaraq istilik, işıq və elektrikin mahiyyətində efir substansiyasının dalğavari hərəkətinin olduğunu göstərmişdir. 40 il Atası ilə bərabər məhrumiyyətlərə düçar olmuş, bir ölkədən digərinə sürgün edilən və dustaq olmuş bir iranlının avropalı professorla da onun dilində və məntiqinə uyğun danışması sonda alim kimi formalaşmış bir professorun fikrinin dəyişilməsinə səbəb olmuşdur.

Babiliyə və Bəhailiyə aid bir çox tədqiqatlar da bu tarixi hadisələrin möhtəşəmliyini göstərir. 

 

Couett, Oksford universitetinin məşhur alimi, Yeni Təlim barəsində belə bir fikir demişdir: ”Bu hadisələr olduqca əhəmiyyətli və bizdən çox az bir zaman kəsiyində olduğundan, biz onların əsl əhəmiyyətini qiymətləndirə bilmərik. Yalnız gələcək onların mahiyyətini aça biləcək.” (“Mир Бaxaи”. Toм XII, cтр. 625). 

 

Ümumiyyətlə, Qurani-Kərimdə rast gəlinən, lakin mənaları yalnız elmi təsdiqini tapdıqdan sonra məlum olan bir çox ayələr vardır. Məsələn, Yer kürəsinin fırlanması yalnız təqribən 1000 il sonra Covdano Bruno tərəfindən elmi sübut edildikdən sonra “dağların da buludlar kimi hərəkətdə olması”nın mənası aydın olub. Və ya dəmirin Yer kürəsinin kənardan gəlmə olması və s. O cümlədən, də eyni ilə Qurani-Kərimdə gələcəklə əlaqədar naməlum fikirlər yalnız öz təsdiqini Hz.Bab və Hz.Bəhaullahın bu məsələlərə aydınlıq gətirdikdən sonra, yəni öz təsdiqini tapdıqdan sonra indi bizə aydın görünür.

 

Leyla Məlikova, bizim dövrdə Azərbaycanda Bəhai Dini mövzusunda, Azərbaycanın Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda aparılmış ilk elmi-tədqiqat işləri nəticəsində, böyük həcmdə ədəbiyyat və arxiv materiallarını tapıb araşdıraraq 2008-ci ildə Ph.D. - elmlər namizədi alimlik dərəcəsini almışdır. Bəzi məqamları nəzərə almasaq, ümumiyyətlə o, müvəffəqiyyətlə məsələnin mahiyyətini tuta bilmişdir    (Bax: Azərbaycan Milli Elmlər Akademiyası, XƏBƏRLƏR, No 5-6, Bakı -“Elm” – 2005 və s.). Bu faktın özü isə, ona bir çox yazıçı, alim və mütəxəssislərdən fərqli olaraq, elmin heç bir təəssüb və önyarğıdan asılı olmamasını göstərməsinə  gözəl bir nümunədir. (Bu sətirlər Leyla Məlikovanın razılığı ilə kitabda qələmə alınmışdır).

 

Ümumiyyətlə dünyanın əksər ölkələrində Bəhai Dini elmi tədqiq edilmiş və 150-dən artıq (yalnız mənim bir gün ərzində aşkar edə bildiyim) – Ph.D. alimlik dərəcəsi verilmiş dissertasiyalar müdafiə edilmişdir. Aşağıdakı əlaqə kanalına

bax: http://library.bahai.org/gc/dess.html

Əli Əkbər Naxçıvani (1865-1920) və oğlu Əli Naxçıvani (1919)

 

Bəhai dininin Azərbaycanla əlaqəsindən danışanda iki şəxsiyyəti üzərində xüsuilə dayanmaq lazımdır. Bunlar Mirzə Əli Əkbər Naxçıvani (Məmmədxanov) və onun oğlu, hazırda Fransada yaşayan Əli Naxçıvanidir.

 

Mirzə Əli Əkbər 1865-ci ildə Ordubadda dünyaya göz açıb. Onun atası Hüseyn kişi şiə müsəlman idi, lakin Əli Əkbər doğulanda anası artıq Bəhai idi. Onun adı Məsmə xanım idi. 

 

Məsmə xanımın çox güclü xarakteri vardı və Ordubad qadınları üzərində böyük nüfuza malik idi. Din məsələlərində onu bilici və rəhbər kimi qəbul edən çox sayda qadınlar onun dinini —Bəhai Dinini qəbul edərək onun ardınca gedirdilər.

 

Mirzə Əli Əkbər belə bir mühitdə böyümüşdü. Ordubadda məktəb şagirdi olarkən o, belə bir fikri təbliğ edirdi ki, Aəzərbaycan məktəblərində təlim dili rus dili deyil, Azərbaycan dili olmalıdır. Güclü və inandırıcı (təsiredici) şəxsiyyət  olan  Əli Əkbərlə məktəbin rəhbərliyi arasında ciddi fikir ayrılığı vardı və nəticədə o, Ordubadda orta məktəbdən xaric edildi.

Bu məsələ Ordubadın ənənəçi üləmalarının Bəhai fəaliyyətlərinə qarşı təhrikləri ilə bir vaxta düşdü. Hadisələrin bu cür inkişaf etməsi üzündən, həmçinin Ordubadda olan yeganə məktəbdə oxuma imkanı itdiyindən, bütün ailə Bakıya köçməyin zəruriliyinə qərar verdi. Məsmə xanım ona ehtiram bəsləyən qadınlara məsləhət gördü ki, əgər şəraitləri imkan verirsə, onunla Bakıya köçsünlər, ya da ki, Ordubadda qalsınlar. Bir neçə il sonra Mirzə Əli Əkbərin atası  Bəhai Dini haqqında öz oğlundan daha çox məlumat öyrəndi və o da Bəhai oldu. 

 

Əli Əkbər öz təhsilini Bakı məktəblərində davam etdirdi. Orta Məktəbi bitiridikdən sonra Gori seminariyasında təhsilini davam etdirmək üçün o, Gürcüstana getdi. Lakin təhsil haqqını ödəməkdə gecikdiyi üçün onu həmin seminariyadan da xaric etdilər. Bundan sonra o, Ukraynaya, Xarkova getdi və orada universitetə daxil oldu. O, həmin universiteti bitirdi və neft mühəndisi ixtisasına yiyələndi. Ailə üzvlərinin dediklərinə görə, sonra o, Moskvaya da getmiş və bu sahədə öz ixtisasını artırmışdı. 

 

Rus ziyalı dairələrində o, Əli Əkbər Məmmədxanov kimi tanınırdı. Azərbaycanda isə o Əli Əkbər Məmmədxanlı kimi məşhur idi. Sonralar o, Avropa və Amerika Birləşmiş Ştatlarına səfər etdi və bundan sonra Mirzə Əli Əkbər Naxçıvani kimi tanınmağa başlandı.

 

Mirzə Əli Əkbərin özü şair idi, şairləri və poeziyanı çox sevirdi. Onunla Mirzə Cəlil Məmmədquluzadə arasında dostluq münasibətləri vardı və çox güman ki, Azərbaycan ədəbiyyatının bu görkəmli nümayəndəsinin ona müəyyən  təsiri olmuşdu. O, yazıçılıqda da özünü sınamışdı və təəssüf ki, onun ailəsində onun çap olunmamış yalnız bir hekayəsi qalmışdır. O, rus dilini çox mükəmməl bilmiş, həmçinin fars və ərəb dillərinə də yaxşı yiyələnmişdi. O, bir sıra mühüm Bəhai Yazılarını fars və ərəb dillərindən rus dilinə tərcümə etmişdi. Bu mühüm Yazılardan “İşraqat”, “Təcəlliyat”, “Tarazat” və “Birliyin Yeddi Şamı” Lövhü, “Şərqə və Qərbə Çağırış”, “Səyyahın söylədikləri” kimi əsərlər Bəhai Dininin Mərkəzi Simaları tərəfindən yazılmışdır. Sonuncu iki əsər  iyirminci əsrin ilk illərində Bakıda rus dilində nəşr olunmuşdu. Bu tərcümələrin çoxu Bəhai Dininin təlim və prinsiplərinə maraq göstərən Lev Tolstoya göndərilmişdi. Tolstoy Mirzə Əli Əkbərlə məktublaşırdı və bu məktublardan bir neçəsi Əli Əkbərin göndərdiyi Bəhai materialları ilə birlikdə hələ də Lev Tolstoyun arxivində saxlanılır. 

 

1910-cu ildə Tolstoy vəfat edəndə, Aəzrbyacandan nümayəndə heyəti də onun dəfnində iştirak etmişdi və mötəbər mənbələrə görə Mirzə Əli Əkbər o nümayəndə heyətinə başçılıq etmişdi.

 

Mirzə Əli Əkbər yalnız Azərbaycan hüdudlarında deyil, həmçinin Mərkəzi Asiyanın çox ölkələrinə, İrana, Türkiyəyə, Fələstinə və Misirə, Gürcüstana, Ermənistana, Ukrayna və Rusiyaya, Fransa və Amerika Birləşmiş Ştatlarına səfərlər etmişdi. Bu səfərlərin çoxu onun Bəhai olması ilə bağlı idi və onların çoxu Mirzə Əli Əkbərin yetkin həyatının fəal illərində Bəhai Dininin Başçısı olmuş Həzrət Əbdül-Bəhanın göstərişi ilə həyata keçirilmişdi. 1912-ci ildə Həzrət Əbdül-Bəha Özünün fasiləsiz Qərb səfərinə başlayanda O, Mirzə Əli Əkbərdən xahiş etmişdi ki, bu səfərdə onu müşayiət etsin. Bu təklif Mirzə Əli Əkbərə Həzrət Əbdül-Bəha ilə  görüş üçün təşkil olunmuş toplantılarda iştirak etmək, Onun ictimaiyyət qarşısındakı çıxışlarını eşitmək, həmçinin Onu müşayiət edən və yaxın dostlarla etdiyi söhbətlərə qulaq asmaq kimi nadir bir fürsət vermişdi. Bu nitq və danışıqlar müfəssəlliyi ilə, hamısı da fars dilində, Mirzə Əli Əkbər tərəfindən yazıya alınmışdır. Bu qeydlərdən çıxarışlar Bəhai bülletenlərində və almanaxlarında dərc olunmuşdur.

 

Mirzə Əli Əkbərin həyatında digər bir mühüm epizod onun İzabella Qrinevskaya ilə ünsiyyətidir. Sankt-Peterburqda Fəlsəfə, Şərq və Bibliologiya Cəmiyyətinin üzvü olan və yüksək mədəniyyətə malik bu rus şairəsi Baron Rosen və A. Tumanski kimi Rus alimlərinin Bəhai Dininin təlimləri haqqında yazılarından Bəhai Dini haqqında məlumat əldə etmişdi. Həzrət Babın həyatı, Onun təlimləri və İranda şəhid edilməsi barədə oxuyanda o təsirlənmiş və Babın həyatı haqqında pyes yazmaq qərarına gəlmişdi. Bir ildən sonra bu pyes Sank-Peterburqun əsas teatrlarından birində tamaşaya qoyulmuşdu.  Bəhai tarixi yazılarına əsasən, bu pyes “daha sonra Leninqrad tamaşaya qoyulmuş, Parisdə fransız dilinə tərcümə olunmuş, şair Fiedler tərəfindən alman dilinə tərcümə edilmiş və yenidən, Rus İnqilabından dərhal sonra Leningrad Xalq Teatrında tamaşaya qoyulmuş və dahi yazıçı Tolstoyun hörmət və marağını qazana bilmişdi və bu poema haqqında onun yüksək fikri sonralar Rus mətbuatında dərc olunmuşdu.

Bu görkəmli əsər haqqında xəbər o zaman Bəhai Dininin Başçısı olan Həzrət Əbdül-Bəhaya çatan kimi, O, Mirzə Əli Əkbərdən xahiş etdi ki, İzabella Qrinevskaya ilə əlaqə saxlasın. Onlar məktublaşdılar və nəticədə İzabella Qrinevskaya Həzrət Əbdül-Bəha ilə görüşmək istədiyini bildirdi. Bu zaman Həzrət Əbdül-Bəha özünün Avropa, ABŞ və Kanadaya olan tarixi səyahətindən sonra Misirdə səfərdə idi. Həzrət Əbdül-Bəha İzabella Qrinevskayanın xahişini qəbul etdi və Mirzə Əli Əkbərdən xahiş etdi ki, o zaman Odessada yaşayan Qrinevskayanı Port Səidə qədər müşayiət etsin. Bu plan nəzərdə tutulduğu kimi yerinə yetirildi və İzabella Qrinevskaya Həzrət Əbdül-Bəha ilə görüşdü. Həzrət Əbdül-Bəha ilə görüş və Onunla söhbət İzabella Qrinevskayanı Həzrət Bəhaullahın Vəhyinin Allahdan olmasına inandırdı və o, Bəhai dinini qəbul etdi. Qrinevskaya Rusiyaya qayıtdıqdan sonra ömrünün sonunadək Bəhai icmasının sadiq üzvü olaraq qaldı.

 

O zaman Fələstində yaşayan və orada Bəhai icmasının üzvü olan Fatimə xanımla evliliyindən onların üç oğlu dünyaya gəldi: Hüseyn (uşaqkən vəfat etmişdir), Cəlal və Əli.

Mirzə Əli Əkbər 1920-ci ildə öz ailəsi ilə Şüvəlanda kurortda olarkən dünyasını dəyişir. Bir müddət şəkərli diabetdən əziyyət çəkdikdən sonra o infartktdan vəfat edir. Bir-iki il sonra, onun həyat yoldaşı və iki oğlu Bakını tərk edirlər. Bundan sonra onun bacısı Rübabə xanım Orucova onun məzarını Şüvəlan qəbiristanlığından Bakıya köçürür.

 

Mirzə Əli Əkbər Naxçıvani bütün dünya bəhailəri arasında məşhurdur, lakin Azərbaycan Bəhailəri onu daha çox sevir və onun xatirəsini əziz tuturlar.

Əli Naxçıvani - Həyatının qısa tarixçəsi

 

Əli Naxçıvani Bakının yaxınlığında, Şüvəlanda təxminən 1919-cu ildə Bəhai ailəsində doğulmuşdur. Bu tarix tam dəqiq deyil, çünki o zaman ölkənin narahat vəziyyəti səbəbindən, onun doğum tarixi dəqiq qeydə alınmamışdır.

 

Onun atası Mirzə Əli Əkbər Naxçıvani bu zaman artıq dünyasını dəyişmişdi. Fələstində doğulmuş və böyümüş anasının ailəsi Fələstində idi və o, Bəhai Dininin Hayfada yaşayan Başçısı Həzrət Əbdül-Bəhanın məsləhətini aldıqdan sonra Azərbaycanı tərk etdi və kiçik oğlu Əli və böyük oğlu Cəlalla birlikdə Fələstində yerləşdi.

Üç nəfərdən ibarət bu kiçik ailə təxminən 1922-ci ildə Hayfaya gəldi və Əli, anasının ailəsinin mehriban mühitində və Bəhai Dininin Ruhani və İnzibati Mərkəzinin kölgəsində böyüdü. Onun təhsil aldığı ilk məktəb Fransız dilli, Yezuitlərin Hayfadakı yarı ibtidai-yarı orta məktəbi olan des Freres Kolleci oldu. Bu məktəbdə təhsilini başa vurduqdan sonra o Livana, Beyruta getdi və orada Beyrut Amerika Universitetinin nəzdindəki məktəbdə orta təhsilini bitirdi və daha sonra həmin Universitetdə İngilis ədəbiyyatı üzrə ali təhsil aldı. Əli Universiteti 1939-cu ildə bitirdi.

 

Universiteti bitirdikdən qısa bir zaman sonra o, İrana, Tehrana getdi. O əvvəlcə, şəhərdəki əsas banklardan birində işə qəbul edildi və iki kommersiya şirkətində icraçı vəzifələrində çalışdı.  Sonra Tehranın görkəmli Bəhailərindən birinin qızı Violette Bənani ilə ailə qurdu. On iki il ərzində o, ölkə daxilində (İranda) qaldı. Bəhai fəaliyyətləri ilə əlaqədar o, İranın bir çox şəhərlərinə, Qəzvinə, Gilana, Zəncana, Təbriz və Şiraza getdi. Son iki şəhərdə üst-üstə o, dörd il qaldı və bu müddətdə bu şəhərlərin seçkili orqanlarında məsul vəzifələrdə çalışdı.

 

1951-ci ildə, Bəhai fəaliyyətləri Afrika qitəsində inkişafda olan bir vaxtda, Əli və Violetta Bənani ailəsi ilə birlikdə Afrikaya getdilər və Uqandada yerləşdilər. O zaman artıq onların qızı Bəhiyyənin üç yaşı vardı,  iki-üç il sonra isə oğulları Mehran dünyaya gəldi. Afrikada olduğu on il ərzində  Bəhai Dininin müxtəlif seçkili orqanlarında xidmət etdi. 1961-ci ildə bəhailərin bütün Milli Məhfilləri tərəfindən poçt vasitəsilə müvəqqəti Beynəlxalq Bəhai Şurasının seçkisi keçirildi. Əli bu Şuraya üzv seçildi və iki il ərzində bu Şuranın Sədri oldu.

 

1963-cü ildə, Bəhai Dininin son Başçısı Şövqi Əfəndinin vəfatından altı ilə yaxın bir vaxt keçdikdən sonra Dünya Bəhai İcmasının Ümumdünya Ədalət Evi kimi tanınan Ali İdarəedici orqanı seçilməli idi. Və birinci Beynəlxalq Qurultayda Əli, doqquz nəfərdən ibarət, heç bir vəzifəli şəxsi olmayan, növbə ilə sədrlik edilən bu Ali Orqana üzv seçildi. Beynəlxalq səviyyədə seçkilər hər beş ildən bir keçirilir və səkkiz dönəm Əli Naxçıvani bu Ali Orqana üzv seçilmişdir. Ədalət Evinin üzvü kimi o 40 il xidmət etmişdir. 2003-cü ildə, 84 yaşında, Ümumdünya Ədalət Evinin razılığı ilə o üzvlükdən istefa vermişdir. İstefa verdikdən sonra da o, həyat yoldaşı Violetta xanımla müxtəlif ölkələri gəzir və bəhailəri ruhlandırırdı. Violetta xanım 2011-ci il 14 sentyabrda  dünyasını dəyişmişdir. Əli Naxçıvani indi bu işi təklikdə davam etdirməkdədir. 

Həzrət Əbdül-Bəha ilə L.N.Tolstoy arasındakı yazışmanın tərcüməçisi həmyerlimiz Mirzə Əli Əkbər Naxçıvani olmuşdur. Onun anası Azərbaycanın ilk qadın bəhailərindən Məsmə xanımdır. O əslən Odubadlıdır, lakin Bakıya köçüb Şüvəlanda yaşayırdı.

 

Şairə İzabella Qrinevskayanın yazdığı "Bab" dramı, 1903-cü ildə Peterburq teatrlarının birində böyük müvəffəqiyyətlə oynanılmışdır. Londonda göstərilən pyesə o dövrdə tərəqqipərvər adamlar tərəfindən yüksək qiymət verilmiş, əsər fransız və alman dillərinə şair Fidler tərəfindən tərcümə olunmuş, bu səbəbdən də yeni yaranan Dinin tərəfdarlarının təqibilə əlaqədar olan dramatik hadisələr geniş şərh edilmişdi. NKVD-in indi arxiv materiallarından məlum olub ki, Azərbaycan bəhailərinin SSSR-inin digər şəhərlərində - Moskva, Leninqrad və Xarkov - yaşayan bəhailərlə əlaqələri də geniş olmuş və Əsədulla Zərgərov Leninqradda olarkən İzabella Qrinevskaya ilə görüşmüdü.

 

Həzrət Əbdül-Bəha L.N.Tolstoy və İzabella Qrinevskaya ilə bilavasitə məktublaşmış, sonuncu ilə isə Misirdə - Port Səiddə görüşmüşmüşdür və sonradan o, dini qəbul etmişdir. Onlarla əlaqə Cəlil Məmmədquluzadənin yaxın dostu, Azərbaycan, rus, ərəb və fars dillərini mükəmməl bilən Mirzə Əli Əkbər Naxçıvaninin (Bəzi sənədlərdə onun familiyası həm də Məmmədxanlı və Məmmədxanov kimi yazılmışdır) vasitəsi ilə həyata keçmişdir. O, Qori seminariyasını bitirmiş (şair, yazıçı, teatrda aktyor və musiqiçi kimi çox istedadlı bir adam kimi tanınmışdır) sonralar Moskva universitetində "Dağ Mühəndisi" ixtisasına da yiyələnmişdir. Dövrünün qabaqcıl ziyalılarından olduğundan Cəlil Məmmədquluzadə irsinin araşdırıcısı, Naxçıvan Universitetinin rektoru, akademik İsa Həbibbəylinin tədqiqat dairəsinə düşmüşdür.  Bəhai ədəbiyyatının rus dilinə tərcüməsi və L.N.Tolstoya göndərilməsi, məktublaşmalar onun öhdəsinə düşürdu. Tolstoy onları qoruyub saxlamış və indi arxiv kataloqunda onlarla tanış olmaq olar və həmçinin, Hayfa arxivində bu məktubların nüsxəsi saxlanılır. 

 

Məşhur mütəfəkkir adamların bəhai olub-olmaması bəhai dininin həqiqiliyinə dəlalət etmir. Bu yalnız o dövr insanlarının diqqətini çəkdiyinə və belə taleyüklü vacib məsələyə biganə qalmamaqlarına və dəstəkləyənlərin işinin nəticəsində hansı bəhrələr verdiyini göstərməkdir. Allah İşinə rəvac vermək yalnız bizim özümüzə, ruhumuzun inkişafına lazımdır ki, bildirək ki, hər şeyin Maliki gəldi. Firavan yaşayış yalnız Göyləri Yaradanın iradənə təslim olunmaqla əldə edilə bilər.  

 

Dünya üzrə klasterlərdə icma həyatı modelini takt, sevgi, birlik və rəşadətli ruh gücü ilə bəsləmək üçün qalxan dostlar, şübhəsiz, Sərkər Ağanın İlahi Plan Lövhündə ifadə olunmuş ürəkdən gələn nidasından ilham alacaqlar: “Ah, kaş ki mən, hətta piyada və tam yoxsulluq içində olsa da, bu diyarlara səyahət edə, şəhərlərdə, kəndlərdə, dağlarda, çöllərdə və dəryalarda “Ya Bəha-ül-Əbha” çağırışını ucaldaraq ilahi təlimləri yaya bilərdim! Əfsus, mən bunu edə bilmirəm. Mən buna necə acıyıram! İnşallah, siz buna nail olarsınız.”                                                                                                                                                                                                                       

“Yer və göy, izzət və hökmranlıq bəşərin Mövlası, ərşin və yerin Maliki Allahındır”.

bottom of page