top of page
Yenidən Dirçəliş
Ümumdünya Ədalət Evi
1982 Qara Buludlar
İsmi-Əzəmi
Baki Bəhailəri Ruhani Məhfili

Yenidən Dirçəliş

Bəhai Dininin Azərbaycanda Yenidən Dirçəlişi

 

Otuzuncu illərin cəza tədbirləri SSRİ bəhailəri ilə yanaşı Azərbaycan bəhailərinə də aid idi. İki onillik keçdikdən sonra onlardan bəzilərinə bəraət haqqında sənədlər verilmişdi. “Xalq düşməni” ailələri, həmçinin, Bakıdan, Gəncədən, Salyandan, Balaxanıdan və Bərdədən olan başqa çoxsaylı ailələr kimi, qonşuların və əməkdaşların bu tənə, təhqir və damğasından azad edildilər. 1956-cı ildə, bəraətdən sonra tədricən qorxu keçdikdən sonra təzyiqlərə baxmayaraq, bəhailərin hamısı bir yerdə görüşməyə imkan tapmasalar da, müxtəlif mənzillərdə 10 nəfərə qədər yığışırdılar. Bakı Ruhani Məhfili fəaliyyət göstərməyə başladı. Seçkilər keçirməyə imkan yox idi. Ruhani Məhfilin üzvləri öz aralarında gizli səsvermə ilə əmələ gələn vakansiyalara üzvlər seçirdilər, müəyyən səbəblərə görə, onların sayı doqquza çatdırıla bilmirdi, ona görə də beş nəfərdən ibarət tərkib fəaliyyət göstərirdi. 

1982 - Qara Buludlar

Yenidən 1982-ci ilin noyabrında qara buludlar göyün üzünü aldı və DTK tərəfindən bir günlük həbslər başlandı. Səriyyə Əsədova, İsmulla Qasimov və İzzəddin Əyyubovu iş yerindən birbaşa, xəbərdarlıqsız maşına oturdub aparmışdılar. Onları yeddi saat dindirib, Bəhai dini, Bakıda yaşayan, əsasən, gənclər (illər keçdikdən sonra onlar Bəhai dini icmasının müxtəlif təsisatlarına seçiləcəklər) haqqında on-səhifəlik izahat almışdılar. Onlar evə qayıdacaqlarını güman etmirdilər. Yenidən dostlarla görüşlər, həttə telefonda “Allah`u`əbha” sözünə qadağa qoyulmuşdu.  Sonralar SSRİ DTK sədri B. A. Kruçkov Mərkəzi Televiziya ilə çıxışlarının birində deyəcəkdi: Dövlət Təhlükəsizlik Komitəsi heç vaxt dini məsələlərə qarışmır.” Ruhani Məhfilin üzvü,  Bağbanzadə Ruhəngiz xanım bu həbslərdən sonra qorxu içərisində yaşayırdı ki, onun da aqibəti belə ola bilər. Bu stresslərin nəticəsində o, ağır xəstələnir və tezliklə xərçəng xəstəliyindən dünyasını dəyişir.

Azərbaycan Bəhailəri xarici aləm ilə əlaqədən məhrum olub, təcrid olunmuş halda yaşayırdılar. (Dini İdarənin məlumatlarında, Moskva və SSRİ-nin BMT-na olan hesabatlarında bəhailər qeyd edilməmişdi). Bu zaman onların xaricdə yaşayan ruhani qardaşları fəal həyat tərzi keçirib daim əlaqə yaratmağa can atırdılar. 

Yenidənqurmadan sonra, SSRİ-nin ərazisindəki cəmiyyətlər arasında  və bəzi xarici ölkələrlə əlaqələr bərpa edildi. 1988-ci ildən Bəhailər Moskvada və Aşqabadda, həmçinin Bakıda fəallaşırlar. İlk icmalararası əlaqələr Moskvada və Aşqabadda, ilk qonaqlar – Naci Ə.M. Aşqabaddan, Namdar F. Finlandiyadan olmuşlar. İlk xarici səfərlər Finlandiyaya, Hindistana, İsveçrəyə və digər ölkələrə olmuşdur.  İlk mühacirlər isə, ABŞ, İran, İngiltərə, həmçinin, qısamüddətli qalma ilə İrlandiyadan, Türkiyədən, Yeni Zelandiyadan, Malayziyadan, Filippindən və İtaliyadan gəlmişdilər. 

Dövrün ağırlığına baxmayaraq, bəhailər ümid və nikbinliklərini itirmirdilər, inanırdılar ki, biz azadlıq alacağıq və bizi unutmamışlar. Beləliklə, məsələn, 1963-cü ildə, birinci Beynəlxalq Bəhai Qurultayında, ilk dəfə Ümumdünya Ədalət Evi seçilmişdi və bir qədər sonra biz Bakıda bu hadisəyə həsr olunmuş slaydlara baxmışdıq. Altmışıncı illərdə, iyirmi illik ayrlıqdan sonra, Bəhiyyə xanım Məmmədova, İrana, qohumlarıgilə getmişdi və bu səfər bizi bəhai dünyası ilə birləşdirən yeganə əlaqə olmuşdu. Sonralar heç bir əlaqə olmayıb. Ancaq qohumların təsadüfi əlaqəsi, Finlandiyadan olan bəhai Müzəffər Namdar bir neçə dəfə Bakıya gəlmiş, lakin bizim təhlükəsizliyimizi düşünərək, heç kəslə görüşməmiş və zəng də vurmamışdı. Lakin bir dəfə sənaye sərgisində firmalardan birinin nümayəndəsi olan cənab Namdar təsadüfən, paltarında bəzək sancağı olan qadını (Sürəyya xanım) görür. Bəhailərin rəmzni, İsmi-Əzəmi tanıyıb, böyük ehtiyatla onun ardınca gedir. Onun evinin küçə qapısında Namdar onu  saxlayıb “Allah`u`Əbha” deyib ondan öz qohumları olan Zərgərovları soruşur. Xoşbəxt təsadüfdən, Sürəyya xanım həmin Zərgərovların qızı idi. Sonra yenidən sükut, heç bir zəng, heç bir görüş olmayıb. Keçmiş SSRİ-dən olan mühacir-bəhailər, əsasən, Almaniyada yaşayırdılar və məhz onlar ilk dəfə olaraq Ümumdünya Ədalət Evi ilə keçmiş SSRİ bəhailəri arasında körpü yaratmışdılar. Yenidənqurmadan sonra İngiltərədən, İrlandiyadan, Almaniyadan ilk mühacirlər, həmçinin, Bəhayəddin Orucov Moskvada məskən salmışdı.

Aşqabaddan olan Naci Mirzə Ələkbər Müqəddəs Torpağı ziyarət etdikdən sonra Bakı icmasına baş çəkir və bir neçə gün  bizdə  qonaq olur. O, dinin tarixi, həbs və sürgündə keçirdiyi vaxt böyük dramaturqumuz Hüseyn Cavid haqqında bəzi məlumatlar haqqında söhbətlər edir. Biləndə ki, İzzəddin Əyyubovun xalası oğlu Bəhayəddin Orucov Ümumdünya Ədalət Evinin üzvü Əli Naxçıvaninin qohumu Moskvada yaşayır, onunla  görüşür. Ağa Namdar ondan bizim telefon nömrəmizi alır və Bakıda olan zaman mehmanxanadan deyil, küçədən, avtomat telefondan bizə zəng vurur. Atam onunla öz evinin küçə qapısında görüşür. Onların bir-birini tanımaları üçün heç bir nişanə lazım deyildi. Nəhayət səmimi görüş, sevinc göz yaşları və xoşhallıq və təbəssüm... bizim evin divarında İslamda geniş tədqiq edilən və Bəhai dininin rəmzini – İsmi-Əzəmi görəndə ağladı: Təzyiqlərə, qadağa və qorxuya  baxmayaraq, Bakı bəhailəri  Bəhai dininə olan məhəbbət və sədaqətlərini qoruyub saxlamışdılar. Cənab Namdarın gəlişi mənim və ailəmin həyatında böyük dəyişikliklər etdi. 

Ertəsi gün bizim mənzildə onun bəzi bəhailərlə görüşü oldu. Cənab Namdarın dəvəti ilə mən və həyat yoldaşım Moskvaya getdik və ilk dəfə, Almaniyadan, İngiltərədən, İrlandiyadan olan bəhailərlə görüşdük. O vaxta qədər mən elə düşünürdüm ki, bəhailər ancaq iranlı və azərbaycanlı ola bilərlər. Aşqabaddan gəlmiş bəhai Qulam və Olqanın evində 9 iyul 1989-cu il Həzrət Babın süudunun qeyd edilməsi dərin iz buraxdı. 

Bunu də bilmək lazımdır ki, bəhailərin üç mənalı simvolları vardır. Bu simvolları Həzrət Bəhaullaha inam gətirənlər, dünyanın hər yerində istifadə edirlər. Hər birinin bir mənası var. Sağ tərəfində 9 künclü Bahai ulduz - hər künc dünyanın dinlərini təmsil edir və dairənin içərisinə qapı açır Bütün dinlər bu dairənin mərkəzində birləşir və ulduz günəş kimi bütün dinlərin mənbəyidir. Ortadakı simvolun adı İsmi-Əzəmdir (Ən Uca Ad) və bu Ad yalnız Allaha aiddir İsmi-Əzəmin dərin mənası vardır; Allahın, Peyğəmbərlərin, Dinlərin və bəşəriyyətin rabitələri başa düşülür. Yuxarıdakı üfüqi xətt Allahın Aləmidir. Ortadakı üfüqi xətt (unikal) Peyğəmbərlərin Aləmidir. Aşağıdakı üfüqi xətt bəşəriyyət aləmini və gerçəkliyi göstərir. Fikir verin ki, yuxarıdakı və aşağıdakı üfüqi xətlər eynidirlər, zira Allah həmişə demişdi ki, Mən insanı Öz surətimdə yatarmışam. Amma Peyğəmbərin gerçəkliyi nə bəşərə  nə də Allaha bənzəməsə də, əslində hər ikisini özündə əks etdirir. Bu üç üfüqi aləmlər və gerçəkliklərin bir- biri ilə heç əlaqələri yoxdur və heç vaxt da birləşə bilməzlər. Amma gördüyünüz kimi bu simvolda bir şaquli xətt də var. Bu şaquli xətt Allahdan gələn vahid bir dindir.  Bu din yuxarıdan, Allah Aləmini Peyğəmbərlərin vasitəsilə insanlara çatdırır. Və din (Allahın Vəhyi) yeganə yoldur ki, bəşəriyyət Peyğəmbərlərin vasitəsilə Allaha yol tapa bilər. İki beş künclü ulduzlar yeni Qoşa Zühura - Həzrət Bab və Həzrət Bəhaullaha müjdə verir. Sol tərəfdəki simvolun adı Ya-Bəha-ul-Əbhadır (Ey Nurluların Nurlusu). Dünya Bəhailərinin inancına görə (əvvəlki dinindən, millətindən, irqindən asılı olmayaraq) bütün keçmiş Peyğəmbərlər vəd vermişlər ki, gələcəkdə Ən Nurluların Nurlusu Zühur edəcək və bu bilavasitə Həzrət Bəhaullaha işarədir. Ey Nurluların Nurlusu, İsmi-Əzəm və 9 künclü simvollar hamısı Həzrət Bəhaullahın zamanı və Onun məsləhəti ilə tərtib olunmuşdur.

Bəhailərdə hər hansı bir formada din xadimi sayılacaq zümrə yoxdur. Həzrət Bəhaullahın qələminin bir hərəkəti ilə dünyada iki zümrədən  - krallardan və dini rəhbərlərdən, hakimiyyət alınmışdır. Bu əzəmətli dövrdə bəşəriyyətin özü dini rəhbərini seçir. Ümumdünya Ədalət Evi doqquz üzvü olan məşvərətli bir orqandır ki, üzvləri beş ildən bir bütün dünya bəhailəri tərəfindən seçilir. Ədalət Evinin üzvləri özlərini dini rəhbər hesab etmirlər, lakin Ümumdünya Ədalət Evi olaraq onların verdiyi qərar bəhailər üçün Allahın əmrinin ifadəsidir. 

1989-cu il dekabrın axırlarında cənab Namdar məni və həyat yoldaşımı Finlandiyanın Hervante şəhərinə qış məktəbinə dəvət edir. Bu, bütün dünyadan məktəbə gəlmiş dostlar arasında unudulmaz on gün idi. Belə mehriban, səmimi münasibət  o vaxta qədər ancaq yaxın adamlarla idi. Bu səfərdən sonra mənim həyat yoldaşım dini qəbul edir. Finlandiyada bizi Milli Ruhani Məhfillə görüşə dəvət etdilər. Keçmiş SSRİ-dən Finlandiyaya gələnlər arasında birinci olduğumuzdan, bizi diqqət və qayğı ilə əhatə etmişdilər. Bizim gəlişimiz haqqında Almaniya Milli Ruhani Məhfilinə, həmçinin teleqramla qış məktəbində işlərin başa çatması haqda Ümumdünya Ədalət Evinə məlumat verdilər. Bizim təhlükəsizliyimizi nəzərə alıb adlarımızı orada qeyd etməmişdilər. Hətta həmin müraciətin nüsxəsini bizə vermədilər.

Bakıya qayıtdıqdan sonra atamla məsləhətləşib qərara gəldik ki, Moskva və Aşqabad icmalarını örnək alaraq, rəsmi surətdə bizim də özümüzü bəyan etmək vaxtı çatmışdır. O, bu məsuliyyəti üzərinə götürərək (icmada əlaqəsizlik olduğundan) Nazirlər Soveti nəzdində Dini İdarəyə gedir. O vaxta qədər onun bu idarənin rəhbərliyi ilə yaxşı dostluq əlaqələri vardı, indi də o münasibətləri xatırlayırlar. İcmanın rəsmi qeydiyyatı uçun dəqiq siyahı və imza tələb edirlər. Siyahı tərtib edildi və 15-20 nəfərin imzası alındı. Siyahının tərtibi İzzəddin Əyyubova böyük zəhmət bahasına başa gəldi. Bu, 1990-cı ilin yanvarı idi. 

İmzaların rəsmi təqdimatı üçün hər şey hazır idi, lakin adların silinməsi üçün xahiş zəngləri edildi. Bəziləri elə güman edirdilər ki, hələ çox tezdir, başqaları isə iş yerlərini itirməkdən qorxurdular. Onda idarəyə gəlib və Bakıda rəsmi surətdə təsdiqedilmə üçün bəhailərin sayının kifayət qədər olduğunu yazılı surətdə təsdiq etməyimizi xahiş etdilər. Atam və İslam Əsədov dərhal getdilər. Bir dəfə mən atamı çaşqın gördüm; o, on nəfərin olmasının vacibliyi haqda mənə şikayət etdi. Bu yazının müəllifi üçüncü və sonuncu idi. ... Yadımdadır, həyat yoldaşım buna görə məni necə məzəmmət etdi və dedi: ”Sən uşaqlarının aqibətini düşünmürsənmi!?” Buna baxmayaraq proses getdi.. Bakı icması daha tez-tez yığışıb Müqəddəs Günləri qeyd etməyə başladı. 

Azərbaycanın başqa icmaları ilə əlaqə saxlamaq labüd idi. Lakin nə telefonları, nə də ev ünvanları vardı. İlk dəfə dəvət edilən, Salyandan şəhid  ailə - Mirzə Mikayıl Əhədovun oğlu və nəvəsi (Ziyaulla və Rafael) oldu. (Qızı Aliyyə xanım mənim anam Minəxanımla birlikdə işləyirdi).  Moskvadan gətirdiyimiz kitabları onlara verib xeyli dərdləşdik. 

Bakıda yaşayan Firuzə xanım vasitəsilə Bərdədə qardaşı Nüsrət Dünyamalıyevlə əlaqə yaratdıq.  Atamın onunla telefon söhbəti indi də yadımdadır. İndi də yadımdadır, onlar bir-birinə dəfələrlə və yalnız  "Allah'u'Əbha" deməklə, göz yaşları ilə, qəlblərində yığılan bütün xoş hisləri büruzə verirdilər. Mənim bibim Cəfərova Rövşənə xanım vasitəsilə biz asanlıqla Gəncədə yaşayan Ağayevlər ailəsi (Tohid və onun bacıları Kəmalə xanım, Səltənət xanım və b.) ilə əlaqə yaratdıq.

Balaxanı bəhailəri ilə əlaqə yaratmağı Nəzərov BabəliMərziyyə xanım Rzayeva öz üzərlərinə götürdülər. Balaxanıdan Maqsudovlar ailəsi (Qürrətüleyn xanım) başqa icmalardan olan və adları yuxarıda çəkilən ailələr kimi öz mənzillərini Bəhai mərkəzi kimi Bakıdan, Amerikadan, İrlandiyadan, Hindistandan, İngiltərədən olan və onlara baş çəkməyə gəlmiş ilk bəhailərə vermişdi. 

Nəhayət, 1990-cı ilin 16 dekabrında ikinci təşəbbüsdən sonra Bakı şəhərində Ruhani Məhfil seçildi. Bu gün hadisələrdən otuz ilə yaxın vaxt keçdikdən sonra, Azərbaycanda Bəhai dininin dirçəlməsinə kömək edənləri böyük ehtiramla yad edirik.

Bir məsələyə də toxunmaq məqamı yetişmişdir. Bəhailər adətən ianə toplayaraq, nəinki icmanın gündəlik tələbatlarını ödəyirlər, həm də ehtiyacı olan ailələrə də kömək göstərirdilər. Müəyyən qədər vəsait (qızıl “onluqlar” və Müqəddəs Yazılar) heç bir çətinliklərə baxmayaraq nəsildən-nəslə ötürülür. SSRİ vaxtında yalnız bir vərəq və ya qızıl pul aşkar olunsa idi, ailənin sürgün olunması və ya həbsi təmin olunardı. 1960-cı illərin sonunda Məhfil tərəfindən belə bir əmanət  bizim ailəyə (Məhfilin üzvləri anam Minəxanıma və atam İzzədinə)  həvalə edilmişdi. Mən həmin hadisəni və onunla müşayiət olunan söhbətləri nə qədər də böyük sirr altında  və him-cimlə danışsalar da, xatırlayıram. 

1970-cı illərdə, bir gün anam mənə müraciət edib “qızıl onluqları” etibarlı bir yerdə gizlətməyimi və gələcəkdə  zamanı gələndə isə Məhfilə təhvil verməyimi təvəqqe etdi. Görünür, onun bu işi özü edəcəyinə gümanı azalırdı. Bu məsələnin həlli isə yalnız bizim ikimizə bəlli olmalı idi. Yadımdadır, atam ona gələcəkdə oluna biləcək təzyiqə davam gətirməyəcəyindən ehtiyatlanaraq, uzaqgörənlik edib qızılın yerini öyrənmək istəmədi. Mən də gələcəkdə ehtiyaclarımın məni yoldan azdırmaması üçün onlara baxmadım, yalnız qabı anamın gözləri qarşısında əlçatmaz və möhkəm qapalı bir yerdə gizlətdim.

Digər qardaş və bacılarım bu işdən hali olmamalı idilər. Yalnız anam yaşlaşanda mən ondan xahiş etdim ki, bu barədə böyük bacım Lütviyyəyə də bildirək.  Xoşbəxtlikdən, valideynlərim bu işi özləri həll etdilər və əmanəti müqəddəs Bakı Məhfilinə təhvil verməklə bu imtahandan da şərəflə çıxdılar. Sonralar həmin pullar Bakıda Bəhai Mərkəzlərinin alınması üçün xərcləndi.

“EY VARLIQ OĞLU! 

Özünü bu dünya ilə məşğul etmə, çünki Biz qızılı atəşlə, bəndələri isə qızılla sınayırıq.”    

Azərbaycan Bəhailəri Milli Ruhani Məhfil, 1992-ci il,   -Soldan 5-ci Müşavir Məsud Xəmsi

bottom of page