top of page

Həzrət Babın Mübarək Evinin Mübarək Otağı

 

Qaim və ya Mehdi Sahib-əz-Zamanla əlaqədar Azərbaycanda müxtəlif inanclar vardır. Bunlardan biri təziyə məclislərində müqəddəs yazılar oxunan vaxt Mehdi Sahib-əz-Zamanın adı çəkilən kimi, molla da daxil olmaqla, bütün məclis əhlinin ayağa qalxıb, ehtiram əlaməti olmaqla əlini sinəsinə qoyub baş əyməklə yenidən əyləşmələridir. Çox maraqlıdır ki, Hz.Məhəmmədin adı dəfələrlə çəkilsə də, heç kəs ayağa belə qalxmır, amma Mehdi Sahib-əz-Zamanın adını eşidən kimi, əsasən, hamı ehtiram göstərməyi özünə borc bilir. Bu bir ritual xarakteri daşısa da, çox adam nə bunun mənasını bilir, nə də nə üçün belə etdiyini izah edə bilir.

 

Qısaca olaraq, məsələ bundadır ki, Əhdi-Peymana sadiqlik əlaməti olaraq özünü müsəlman sayan hər bir kəs Qaim və ya Mehdi zühur edərkən “yerində oturmamalı”, (Bir hədisdə deyildiyi kimi, `Onun gəldiyini eşidən hər bir kəs, əgər qar yağıbsa, hətta getmək mümkün deyilsə belə, sürünə-sürünə də olsa getməli, bu məsələni aydınlaşdırmalıdır`), ayağa qalxmalı və Ona öz sədaqətini bildirməlidir.

 

“Ey eşq diyarinin əhli! Fani küləklər baqi Şamı əhatə edib və Ruhani Qulamın camalı tozun qara zülmətində örtülü qalıb. Eşq Sultanlarının Sultanı zalımların əlində məzlum qalıb və Müqəddəs Göyərçin bayquşların caynağında giriftardır. Bütün Əbha çadırının və Ali Məqamın sakinləri buna ağlayır və sızlayırlar. Siz isə qəflət yerində tam rahatlıqda oturmusunuz və özünüzü xalis dostlardan hesab edirsiniz. Sizin zənn etdiyiniz necə də əbəsdir”. (Həzrət Bəhaullah, Kəliməti-Məknunə, “Bilik”, səh. 47, Bakı,1996, səh. 54)

 

Hər yeni Zühur zamanı – ruhani dəyişiklərlə bərabər böyük elmi və mənəvi dəyişikliklər də baş verir. 1844-cü ildə Semyuel Morze ixtira etdiyi aparatından ilk teleqramını, Saylar Kitabından götürülmüş, “Gör Allah nə yaradır” sözlərini göndərmişdir. Çox maraqlıdır ki, Britaniya alimi Ser Lourens Breq Nyu-York Karneqi-Hollda mühazirə konspektində bəşəriyyətin elmi nailiyyətlərinin qrafikini çəkmişdir. 1844-cü ilə qədər inkişaf o qədər zəif getmişdir ki, qrafik demək olar ki, horizontal xətlə göstərilib. 1844-cü ildən isə vertikal xətlə davam edir. (Уильям Сирз, “Как тат ночью”, ИМПАКС, Санкт-Петербург, 1993, с. 352). Belə bir yaradıçı enerjinin əmələ gəlməsinə İmam Cəfər Sadiqin “Elm 27 hərfdir 2-si indi məlumdur, qalan 25-i isə Qaim gələndən sonra məlum olacaqdır” hədisi aydınlıq gətirə bilər.

 

Məşhur ixtiraçı Edisonun sözləri də maraqlıdır. O, Həzrət Əbdül-Bəha (Həzrət Bəhaullahın böyük oğlu və Onun Əhdinin Mərkəzi) ilə görüşdükdən sonra bu sözləri yazmışdı: “Bu möhtərəm və böyük şəxsyyətlə görüşüm bunu başa düşməyimə səbəb oldu ki, mənim ixtira etdiyim hər şeyin səbəbi Həzrət Əbdül-Bəhanın mövcud olması, ixtira etdiklərim isə Bəhai dininin tərəqqi və inkişafı üçün imiş.”

 

1844-çü ildə başqa daha bir möhtəşəm hadisə baş vermişdir. 21 mart 1844-çü ildə qərb dövlətləri və xüsusilə də, Britaniyanın təkidi ilə Türkiyə hakimiyyəti Konstantinopolda “Dini dözümlülük haqda Fərman” qəbul etmiş və bunun da nəticəsində, İsa peyğəmbərin vəd etdiyi kimi Onun qayıdışından sonra, yəhudilərə Müqəddəs Torpağa qayıtmağa və öz dini ayinlərinin sərbəst həyata keçirilməsinə icazə verilmişdir. Bu haqda Qiyamət Gününün əlamətlərinə aid olan hədis, beləliklə, tamamilə həyata keçmişdir.

 

Yeni Din Azərbaycanda da yayılmağa başlamışdı. Həzrət Bab `Bəyan` Kitabında Babi Dininin qanunlarını şərh edir. Həzrət Bab çoxdan gözlənilən İmam Mehdi, Tanrının Elçisi, eyni zamanda, yeni müstəqil Dini Təlimin banisidir. 1848-ci ildən başlayaraq Mazandaranda, Neyrizdə və Zəncanda yeni dinin məhv edilməsi üçün bir çox səylər göstərilir. Tarixən, həmişə olduğu kimi, hər dəfə yeni dinin tərəfdarlarını qırmağa çalışan ruhanilər tərəfindən qızışdırılan azğınlaşmış fanatiklər dəstəsinə kömək göstərmək üçün, Qacar höküməti öz qoşununu göndərirdi.

 

Zorakılıq dalğası bütün İran ölkəsini bürümüşdü. Həzrət Babı kafirlikdə ittiham etməklə ruhanilər Onu edam etmək üçün ölüm hökmünü imzaladılar. 1850-ci il iyulun 9-da Təbrizin kazarma meydanlarının birində, minlərlə adamların gözü qarşısında Həzrət Bab güllələndi. Həzrət Babın qeyri-adi şəraitdə ölümü (Bax: Dan yerinin şəfəqləri, səh.5 Bakı, 2001) Onun təliminə olan marağı daha da artırdı. Olmuş hadisə nəinki qərb diplomatlarının, həmçinin, hərbi müşavirlərin və o dövr jurnalistlərinin arasında yayıldı. (Fransız səfirliyinin məmuru L.M.Nikola və Avstriyanın hərbi attaşesi kapitan Alfred fon Qumensin əsərləri).

 

“.... ikinci dəfə Həzrət Babı dar ağacının yanına gətirəndə (Birinci dəfə edilən cəhd zamanı olmuş möcüzə - Hz.Babın edam yerindən qeyb olması, məşhur Avropa alimi A.L.M.Nikolanın təsvir etdiyi kimi, - “Bəşəriyyət tarixində hələ belə hadisə müşahidə olunmamışdı” - hamını düşünməyə vadar etmiş və qorxutmuşdu, əsgərlərin başçısı isə ikinci dəfə güllələməyə əmr verməyə etiraz etdiyindən öz ordusu ilə çıxıb getmiş və yenisi ilə əvəz olunmaq məcburiyyətində qalmışdılar).

 

O uca səslə demişdi: “Ey insanlar, əgər məni tanısaydınız, sizlərdən ən şərəflisi olan bu gənc kimi bu yolda özünüzü qurban verərdiniz. Mən O vəd olunmuş Şəxsəm ki, asimanın gözləri beləsini çox az görüb. Əshabələrdən üç yüz on üç nəfəri özünü mənə fəda edib”.

 

İnsanlar bu sözləri eşidirdilər, bununla belə dayanıb, həmişəki kimi edama tamaşa edirdilər. Bu böyük hadisə hicri 1266-cı il şaban ayının 28-də (1850-ci il iyul ayının 9-da) Bazar günü, günorta baş vermişdi. Həmin vaxt Həzrət Babın mübarək ömründən qəməri təqvimlə otuz bir il yeddi ay iyirmi yeddi gün keçmişdi. Və Onun zühurundan qəməri təqvimlə altı il üç ay iyirmi gün ötmüşdü.

Bir-iki məsələni aydınlaşdırmağa ehtiyac duyuruq; “sizlərdən ən şərəflisi olan bu gənc” – Ənis nəzərdə tutulur. Bu gənc, şəhidlik badəsini Hz.Babla birlikdə içmək üçün dəfələrlə Ona müraciət etmiş, yalvarmış, onun bu xahişi qəbul edilməmişdisə də, lakin ən nəhayətdə şəhidlik badəsini Hz.Babla birlikdə içmək şərəfinə nail olmuşdu. Ailəsi də onu bu fikirdən döndərə bilmədi. Əslən Azərbaycan türkü idi.

 

Bəs “313” rəqəmi nə deməkdir? Belə ki, bir hədisə görə, Həzrət Məhəmməd (s) buyurmuşdur: “Mehdi zühur edən zaman bir qalaya söykənib ətrafında dövrə vurmuş üç yüz on üç nəfər əshabəsinə deyəcək: "Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir." (Hud surəsi, 86-cı ayə). Həqiqətən də Cənab Qüddus Şeyx Təbərsinin məqbərəsinə söykənib, buyurmuşdu: "Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir ". O, öz sözünə bu ayəni oxumaqla başlamış və beləliklə, Həzrət Rəsulullahın (s) müjdəsi bu məqamda büsbütün öz təsdiqini tapmışdı. (Dan yerinin şəfəqləri, Bakı, 2001, səh.490)

“Qüddus Şeyx Təbərsi qalasına gəldikdən sonra Molla Hüseynə göstəriş verdi ki, əshabələri saysın. Molla Hüseyn orada olan möminləri bir-bir saydı, cəmi üç yüz on iki nəfər idi. O, gedib əshabələrin sayını Qüddusa bildirmək istəyirdi ki, birdən Barfüruş tərəfdən bir cavan piyada gəlib Molla Hüseynin hüzuruna yetişdi. O, Molla Hüseynin əbasının ətəyindən yapışıb xahiş etdi ki, onu da əshabələr sırasına daxil etsin və ona da Məhbubun yolunda fəda olmaq imkanı versin. Cənab Molla Hüseyn onun xahişini qəbul etdi və beləliklə, o cavanla birlikdə əshabələrin sayı üç yüz on üç nəfər oldu. Qüddus əshabələrin sayını eşitdikdə, buyurdu: “Həzrət Rəsul`i-Əkrəmin (s) vəd olunmuş Qaim haqqında söylədiyi bütün şeylər zahir və aşkar oldu. Qoy Tanrının dəlili özünü islam şəriətinin bilicisi və hədislərin şərhçisi sayan dini rəhbərlərə aydın olsun”.(Nəbil Zərəndi, Dan yerinin şəfəqləri, Bakı, 2001, səh.490)

Bəs nə üçün 313 əshabə? Bəlkə də bu, simvolik olaraq, ona görədir ki, İslam mənbələrində göstərildiyi kimi, Peyğəmbərlər 2 qisim olublar – xəvas (xüsusi) və əvam (ümumi). 124 min peyğəmbərdən 313-ü xəvas peyğəmbər olmuşlar ki, onlar da öz növbəsində 2 qisimdirlər.

Ulul-əzəm – 5 və Mursəl - 308. Yəni Onlardan 5-i Ulul-əzm:

1. Hz. Nuh – Nəciyullah (Allahın Nicat verdiyi);

2. Hz. İbrahim – Xəlilullah (Allahın dostu) – vəhy ilə nazil olmuş kitab – “Suhuf”;

3. Hz. Musa – Kəlimullah (Allah ilə danışan) – vəhy ilə nazil olmuş kitab – “Tovrat”;

4. Hz. İsa – Ruhullah (Allahın Ruhu) – vəhy ilə nazil olmuş kitab – “İncil”;

5. Hz. Məhəmməd – Rəsulullah və Həbibullah (Rəsul və Allahın sevimlisi)- vəhy ilə nazil olmuş kitab – “Quran”.

Nəbilərə də vəhy və ilham göndərilib, lakin onlar özlərindən əvvəlki peyğəmbərlərin kitablarını təbliğ ediblər.

Edamdan sonra baş verən təbiət hadisələri (ətrafı qaranlıq küləkli tozanaq basmışdı) bir çoxunu düşünməyə vadar etmiş və ən azı qorxutmuşdu. Diqqətli olsaq, görərik ki, bu haqda hədis də vardır, yəni öz təsdiqini tapmış hədislərdəndır.

“Bir kəsi görürsənmi ki, Səni müdafiə etsin, ya Sənin məhəbbətin yolunda Onun başına gələnlər barədə düşünsün?”

“Həqiqəti rədd edən heç bir xalq, nə yəhudilər, nə də xristianlar öz peyğəmbərinin qızının oğluna qarşı heç bir qanunsuzluq törətməzdilər” Axı, Hz.Bab Hz.Fatimənin nəslindəndir.

Tədqiqatçılar Həzrət Bab ilə Həzrət İsa arasında hər ikisi üçün ümumi olan oxşarlıqları xüsusi vurğulayırlar: (Уилям Сирз, "Kak тать ночью, İMPAKS, Санкт Петербург, 1993, с.109 -114)

  • gənc və mülayim xasiyyətli idilər,

  • xəstələrə şəfa verməklə möcüzələr edirdilər,

  • yaşadıqları və tərbiyə aldıqları mühitə və dini mərasimlərə cəsarətlə meydan oxuyublar,

  • müqəddəslikləri ətrafındakı din xadimlərinə göz dağı idi,

  • əsas düşmənləri həmin ölkənin din xadimləri olub və təqib olunmalarına da onlar bais olublar,

  • daim təhqirə məruz qalıblar,

  • məhkəmədə mühakimə olunub, şallaqlanıblar,

  • çoxlu izdiham olan şəhərin mərkəzi küçəsindən edam yerinə əzab çəkdirərək, hər cür təhqirlərə məruz qalaraq aparılıblar, düşmən baxışları və sədaları altında ictimai yerdə edam ediliblər,

  • Onlara axıra qədər müşaiət edən və şəhidlik şərabını içənlərə eyni təskinlik və ümidverici sözlərlə müraciət ediblər: ”Mənimlə birlikdə cənnətdə olacaqsan”,

  • günorta vaxtı edamdam sonra göyün üzünü zülmət bürümüşdü,

  • əskərlər tərəfindən bədənlərinə əzab və əziyyət verilib,

  • mübarək bədənləri azsaylı şagirdlərinin əlinə keçir, yox olur,

  • bu məsələlərə hökumət nümayəndələri özlərinə sərf edən izahat veriblər,

  • ən yaxın tələbələrindən biri əvvəlcə Onlardan imtina edir və sonra Dinin yayılmasında istisna rol oynamışlar.

  • davamçılarından biri qadın olmuş ki, onlar da şagirdləri keçmişdən əl üzüb, gələcəyə nəzər salmağa çağırmışlar,

  • şagird və davamçıları təşviş, çaşqınlıq və ümidsizlik hissi bürümüşdü,

  • Onların şagirdləri yeni dini ətraf ölkələrə yaymaq ücün ayağa qalxmışlar,

  • “Gözlənilən Kəs sənsənmi?” sualına cavab veriblər,

  • Şagirdlərinə müraciət edib, yeni Təlimi bütün dünyaya yaymağı tövsiyə ediblər.

İlk dəfə uyğun olaraq, Hz.İsa balıqçılara və Hz.Bab Molla Hüseynə təqribən eyni sözlərlə müraciət etmişlər: “Bu gecə, məhz həmin bu saat, gələcəkdə insanlar tərəfindən ən mühüm və ən böyük bayram kimi qeyd ediləcəkdir”.

İncildə Daniyel, Malaxiya və Zəkəriyyə peyğəmbərlərin dediyi kimi: Axır zamanda iki səmavi elçi peyda olacaq. “Şeypurun vahiməli səsi sakitliyi pozacaq, sonra ikinci dəfə səslənəcək”. Və Quran`i-Kərimdə də bu haqda, – surun iki dəfə çalınması, - bir neçə dəfə təkrarən deyilib.

Bütün dünyəvi dinlərdə İlahi Zühurlar iki şəxslə əlaqələndirilir:

Zərdüştilik: Uşidar-Ma və Şah Bəhram,

İslam, şiəlik: Qaim və İmam Hüseyn,

İslam Sünnilik: Mehdi və İsa,

Xristianlıq: Yəhya və Məsih, həmçinin, İliya və Məsih,

İudaizm: Məşiyah ben İosif və Məşiyah Ben David; İliya və Məşiyah.

“Mən Qüdrət Əlinin ucaltdığı sirli bir Məbədəm. Mən Allahın barmağı ilə bu yuvada yandırılmış və sönməz işıq saçan bir Çırağam. Mən Mübarək bir məkanda, Turda yanan və Qırmızı Ağacın qoynunda gizlənmiş Odun alovuyam.” (Şövqi Əfəndi, “Законоцарствие Бахауллы”, Moskva, 1999, kitabında sitat verilmişdir”).

Həzrət Babın edamından sonra Onun davamçıları kütləvi surətdə məhv edilir. Ən görkəmli şəxsiyyətlərdən biri, yeni təqiblər vaxtı öldürülmüş, azərbaycanlı şairə Tahirə Qürrət`ül-Eyn idi. (Onun şeirləri, yazıçı Professor Əzizə Cəfərzadənin “Azərbaycanın aşıq və şair qadınları” Bakı, “Gənclik”,1991 kitabında çap edilmiş və tarixi romanlarından olan  “Zərrintac- Tahirə” Bakı, “Göytürk”, 207s.,1996, Tahirəyə həsr etmişdir.)  O, Həzrət Baba ilk inam gətirmiş 18 nəfərdən biri idi. Azərbaycanın, İranın və başqa müsəlman ölkələrinin tarixində ilk dəfə olaraq Tahirə yeni dinin prinsiplərinə uyğun olaraq, iştirakçılarının sayı 81 nəfər olan Bədəşt müşavirəsində (1848-ci il) öz rübəndini atmışdı. Qürrət`ül-Eyn (“göz bəbəyi” kimi tanınan türk şairəsi, 1818-ci ildə Güney Azərbaycanın Qəzvin şəhərində, dövrün tanınmış müctəhidi Hacı Molla Məhəmmədsaleh Bərəğaninin ailəsində doğulub, yüksək təhsil alıb, dövrünün məşhur ülamələri ilə dini məsələlərin şərhində onlara, eyni otaqda tül pərdə arxasında, yeni baxış aşılamağı bacaran münəvvər bir qadın) həmin gündən Tahirə ("Pak") adı ilə məşhurlaşır. Bu adı ona Həzrət Bəhaullah verir.

 

Azərbaycanın XIX əsr ən qabaqcıl mütəfəkkirlərindən sayılan, lakin din cəhətcə çox geridə olan iki mütəfəkkiri: ateist dramaturq Mirzə Fətəli Axundzadə (Bəzi tədqiqatlara görə bu səhv fikirdir, o yalnız İslamda müasirliyə çağırıb, amma sovet dövründə məktəblərin bütün kitabxanalarında onun “Mən bütün dinləri puç və əfsanə hesab edirəm” sözləri görkəmli yerdə asılardı) və ilk şərqşünas alim, Rusiyanın Kazan və Sankt Peterburq Universitetlərinin professoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmiş Mirzə Kazım Bəy müsəlman ailəsindən çıxsa da, (Mirzə Məhəmmədəli Qasım oğlu) Tahirə xanıma olduqca yüksək qiymət vermişlər.

 

Mirzə Fətəli Axundzadəyə görə Tahirə “atəşin təbə malik qeyrətli, hümmətli, öz zəmanəsinin gözəl qızı idi, həyatı dastanlara layiqdir”. Mirzə Kazım bəyə görə Tahirə xanım “qeyri-adi dərəcədə yüksək təhsil almış, sözə hakim bir insan idi, bütün bunların üzərində onun təsviredilməz gözəlliyi parlayırdı”.  (Bu məsələdə nə qədər haqlı olsa da, baxmayaraq ki, Mirzə Kazım bəy həmin dövrdə yaşamışdır, bir neçə Avropa və bir neçə şərq dilini kamil bilir və tərcümələr edirdi, ikinci dəfə də yeni Dinin mahiyyətini tuta bilməmiş, 1865-ci ildə yazdığı “Bab və babilik” tarixi kitabı isə uzun müddət insanları çaşdırmış, elə indinin özündə də çaşdırmaqdadır. Görünür belə güclü əql dühası olmasına baxmayaraq dindəki yenilikləri qavrama qabiliyyətinə malik olmaması onun ruhani qabilliyyətləri ilə birbaşa əlaqədardır. http://en.wikipedia.org/wiki/Ale¬xander_Kasimovich_Kazembek )

 

Böyük türkçü Nihal Atsız “Gənc qızlarımıza çağrı” adlı yazısında türk qızlarına özgür qadın Zərrintacı (Tahirənin başqa adı) örnək göstərirdi: “Sizlər də adı Zərrintac olan qəzvinli türk qızı kimi inanclarınız uğruna, üzündə xoş bir gülümsəmə ilə atəşə doğru erkək bir bozqurd kimi yürüməyi bacarın” söyləmişdir.

Beləliklə, Həzrət Baba ilk iman gətirən və “hürufi-həyy” adlanan 18 müridi ilk iman gətirmişlər arasında yeganə qadın Zərrintac Tahirə də var idi. Lakin digər 17 müriddən fərqli olaraq Tahirə həmin vaxt Kərbəlada olduğundan onun hüzuruna gələ bilmir, bacısının əri Mirzə Məhəmmədəli Qəzvini ilə bir məktub və bir beyt şeir göndərir və Ona “Nə üçün “Mən sizin Rəbbiniz deyiləmmi?” deməyəsən?!” deyə müraciət edir və Ona iman gətirir.

Qacar dövlətinin hökmran olduğu regionda olduqca qətiyyətli addımlar atır, özünü Dinin təblərinə həsr edir, elə buna görə də 1848 - 1852-ci illərdə həbs olunaraq Tehrana göndərilir, o şəhərin kələntəri Mahmud xanın evində əsir qalır. 1852-ci ildə Nəsrəddin Şaha uğursuz sui-qəsdin bir ruhdan düşmüş babi tərəfindən törədildiyi aşkar olduqdan sonra Tahirəni baş nazir Mirzə Ağa xanın yanına aparmaq bəhanəsilə zindandan çıxarırlar, bir bağda boğaraq quyuya atırlar və üzərini torpaqla doldurur, əzabla faciəli surətdə şəhid edirlər. İlk iman gətirmişlər arasında, Tahirə xanımdan başqa, digər azərbaycanlılar da var idi.

 

Bəzi tədqiqatlarda Tahirənin babiliyə qoşulmasının səbəbi, səhvən, qadın azadlığı sayılır. Sonralar, bizim günlərdə, tədqiqatcı alim Sabir Gəncəli də öz namizədlik dissertasiyasında (Ph.D.) Tahirənin qadınlar hərəkatında böyük rolunu qeyd etmişdir. Zəncanda 1850-ci il Babilərin özlərini amansız rejimin təqiblərindən qoruduqları zaman müdafiə dəstələrindən birində Zeynəb adlı çox gənc azərbaycanlı qız da olmuşdur. Tarix elmləri doktoru, professor Zülfəli İbrahimov bu qəhrəman qız haqqında yazmışdır: “Son dərəcə şücaətli olduğuna görə zəncanlılar bu qıza “Şahnamə”nin qəhrəmanı Rüstəmin adını vermişdilər. Xalq ona Rüstəmə deyirdi». Başqa tədqiqatçı, tarix elmləri doktoru, professor Sabir Gəncəli yazır: “Şah qoşunları dəfələrlə hücum edib, Rüstəmənin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə casus əliylə öldürülmüşdür”.

 

“Qalada olan qadınlar arasında Zeynəb adlı kəndli bir qadın da vardı. O əslən Zəncanın ətrafındakı kiçik bir kənddən idi. İmanın ən yüksək dərəcəsinə yüksəlmişdi, şücaətdə misilsiz, gözəllikdə bənzərsiz idi. O, din qardaşlarının məşəqqətlərə düçar olduqlarını gördükdə, onların köməyinə yetişmək qərarına gəlmişdi. Buna görə də əyninə cübbə geyinir, başına papaq qoyub saçlarını yığırdı...Beş ay ərzində Rüstəməli hədsiz şücaət və misilsiz cəsarətlə ona tapşırılan vəzifəni yerinə yetirməklə məşğul oldu. Nə yatmaq, nə dincəlmək, nə də yemək barədə düşündü. Tərəddüd içərisində olan bəzi şəxslər onun bu misilsiz şücaətini görüb ürəkləndilər və itirdiklərini geri qaytarmağa çalışdılar....Düşmənlərin heç biri Zeynəbin paklığına, şücaətinə, dəyanətinə və imanına şəkk-şübhə etmirdi. Zeynəb düşmənlərin nəzərində adi kənd qadını deyildi, bütün insani fəzilətlərin mücəssəməsi, gözəl rəftarın nümunəsi, igidlik ruhunun təzahürü idi və belə müqədəs ruha malik şəxslərə yalnız Həzrət Babın dininin kölgəsində rast gəlmək olardı.” (Nəbil Zərəndi, “Dan yerinin şəfəqləri”, Bakı 2001, səh. 416-417).

Bədəşt müşavirəsindən etibarən Mirzə Hüseyn Əli “Bəhaullah” (ərəbcə "Allahın Nuru") adı ilə məşhurlaşdı. Sonralar möminlərin bir qismi Həzrət Baba müraciətində bildirmişdilər ki, Tahirə xanım köhnə adət və ənənələri rədd edir. Buna cavab olaraq Həzrət Bab demişdi: "Mən onun haqqında nə deyə bilərəm ki, onu Qüdrətin və Nurun Dili Tahirə adlandırmışdır?" Məhz bu tarixi Bədəşt müşavirəsində, əsrin yeni qanunları qəbul edildi və köhnə ənənələr rədd olundu. Burada Tahirə üzüaçıq, rübəndsiz və bəzənmiş halda dostlarının qarşısında dayanmış və üzünü dindaşlarına tutaraq “Quran”ın ayələri tək səslənən bəyanat vermişdi ki, Yeni dövrün gəlişi ilə köhnə qanunlar ləğv ediləcəkdir. (Məşhur tarixi romanlar müəllifi Professor Əzizə Cəfərzadə Tahirə xanıma vurğun olduğunu müəllifə dəfələrlə etiraf etmişdi. Onun, məhz Əzizə xanımın ifasında əzbərdən, xüsusi şövq və sevgi ilə söylənən şerlərini dinləməkdən doymaq olmurdu. Tahirə xanımın Azərbaycan dilində yazdığı “Hələ İsrafil Calır, Calır Sur...” (Surun calınması - Qurani-Kərimdə dəfələrlə rast gəlinən məqamlardandır. Burada “hələ” sözü çox maraqlıdır və hadisələrin məhz həmin vaxtda getdiyinə işarədir və fars dilində yazdığı “Kuçəbe kuçə, xanə be xane...” şerlərini və s. xöşbəxtlikdən, professor Əzizə Cəfərzadənin web.site-da səs yazısını indi özünün ifasında dinləmək olar).  Lakin hamı belə bir dəyişikliyə hələ hazır deyildi, buna görə də bəziləri öz narazılıqlarını bildirdilər, lakin Həzrət Bəhaullahın bu işə qarışması nəticəsində tərəflər arasında sülh yaradıldı. 

“Azad qadın” heykəli Bakı,1960-cı il (müəllif Fuad Əbdürrəhmanov, memar Mikayıl Hüseynov)

Bu tarixi görüş məqsədinə nail olmuşdu. 160 il bundan əvvəl Bədəşt müşavirəsində Yeni Dövrün gəlişi elan edilmişdi. Bu termin yalnız 150 il sonra məşhur dövlət xadimlərinin və alimlərin çıxışlarında, Bəhai dinindəki mənanı daşımasa da, işlədilməyə başlanacaqdır.

Hətta Öz həyatını xilas etmək naminə güc tətbiq edilməsindən imtina edən Hz.Bab Öz Missiyasının sülhsevər xarakterini və İlahi qüvvələrə olan hədsiz inamını qətiyyətlə sübut edirdi. Öz Missiyasına keçid dövrü kimi baxan Həzrət Bab buyururdu ki, Vəd olunmuş gələcək və O, insanlara gələcək əsrin təlimini gətirəcəkdir. "Allahın zahir edəcəyi Kəsin bir ayəsini oxumaq, Mənim "Bəyan" kitabımı min dəfə oxumaqdan üstündür".

Həzrət Babın əzabla şəhid edilməsində və Onun yaxın məsləkdaşlarının əksəriyyətinin işgəncələrlə öldürülməsindən (20.000-dən artıq şəhid) sonra bəzi adamlara elə gəlirdi ki, Həzrət Babın Missiyası uğursuzluqla nəticələnmişdir. Bundan sonra Həzrət Babın yeni təliminin inkişafında ayrı bir mərhələ başladı və bütün hadisələrin mərkəzində Həzrət Bəhaullah dayandı.

Bu dövrdə yeni yaranmış din İranla Şimali Azərbaycan arasında olan əlaqələrlə bu taya da keçmişdi. Lakin Bəhai Dininin məhz Bakıda yayılması daha çox Molla Sadığın adı ilə bağlıdır. O, müqəddəs şəhərlər Nəcəf və Kərbalanın ziyarəti məqsədi ilə Bakıdan yola düşmüşdü. O, Əmr haqqında əvvəl Rəşt şəhərində, sonra isə Qəzvində eşitmişdi. Bu şəhərdə fəal və güclü Bəhai icması yerləşirdi. Bəhailərlə görüşüb, Əmrin sübütlarının və nəzəriyyəsinin müzakirəsindən sonra o Bəhai Vəhyinin ilahi mənşəyinə tamamilə inanmışdı. O, nəzərdə tutulmuş ziyarəti təxirə salmış, bir çox lövh və sənədlərlə Bakıya qayıtmışdı. Onun təbliğ işinin nəticəsi olaraq Bəhai dini ilə birbaşa əlaqədar olan təzə bir icma öz fəaliyyətinə başladı. Yeni dini qəbul edəndən və onun fəal təbliğindən neçə il sonra Molla Sadıq Həzrəti Bəhaullahı ziyarət etmək şərəfinə nail olmuşdu. Bu görüş onun məhəbbətini və özünü Allahın Əmrinə həsr etməsini gücləndirmişdi.

İrandan Müqəddəs Torpağa ən rahat ziyarət yolu Rəştdən Bakıya, sonra Tbilisiyə, Batumiyə, Konstantinopola və oradan Müqəddəs Torpağa olan yol idi. Təzə gələn ziyarətçilərin ruh yüksəkliyi və cəhdi bəhai və qeyri- bəhailərdə yeni ilham və həyacan hissləri oyadırdı. Bu görüşlər ziyarətçilərin yolu üstündə olan bütün şəhərlərdə dinin yayılmasına təkan verirdi. Müqəddəs Torpağa ilk ziyarətindən sonra Molla Sadıq Bakıya qayıdır və öz doğma şəhərində dinin yayılmasında böyük rol oynayır. O öz təbliğ üsulunda çox cəsarətli, mətin, eyni zamanda ehtiyatsız idi. Onun hikmətsiz coşğunluğu müxalifətin qarşıdurmasına səbəb olurdu. Müvəqqəti Bakıda yaşayan, sonralar ən tanınmış şəhidlərdən olan, Həzrəti Bəhaullahın apostollarından biri, Allahın Əmrinin Əllərindən biri, Mirzə Əli Məhəmməd Vərqa dəfələrlə Molla Sadığa müdrik, ehtiyatlı olmaq və lövhi çatdırdığı adamların hisslərini coşdurmamağı məsləhət görürdü. Təəssüf ki, bu nəsihətlər Molla Sadığın hərəkətlərinə müsbət təsir göstərmədi. Onun təbliğ üslubu o dərəcəyə çatmışdı ki, Bakıdaki dostlar Həzrət Əbdül-Bəhaya yazıb, Ondan müdaxilə etməsini xahiş etmişdilər. Cavab məktubunda Həzrət Əbdül-Bəha yazmışdı ki, bir halda ki, Bakıdakı dostlar Molla Sadığı qəbul etmirlər, o zaman O, Molla Sadığı qəbul edir. Beləliklə Həzrət Əbdül-Bəha Molla Sadığı Müqəddəs Torpağa çağırdı və orada Molla Sadıq müdriklik , gözüaçıqlıq və bəsirət dərslərini aldı.

 

Həzrəti Bəhaullahın “Qafqaz Lövhi” adı ilə tanınan lövhi 1890-cı ildə nazil olmuşdu. Əvvəldə qeyd olunduğu kimi, bu lövhdə Həzrət Bəhaullah Yeni Günün gəlişini elan edir, onun şərəfini tərifləyir və Qafqaz xalqlarının hansı xüsusiyyətlərə malik olmalarını tövsiyə edir (Etibarlı və dəyanətli, diqqətli və vəfalı). Bu gün müxtəlif ölkələrdən Azərbaycana gələn bəhailər də Molla Sadığın qəbrini ziyarət edirlər. (Bax: Əzizə Cəfərzadə "İşığa doğru, Bakı, Şirvannəşr, 1998).

“Bu Müqəddəs Aynalar və Şərəfli Səhər Şəfəqləri, onların hamısı və hər biri, kainatın Günəşi, onun Mahiyyəti və son Məqsədi olan Kəsin yer üzündə Təcəssümüdürlər. Onların biliyi və qüdrəti Onun biliyindən və qüdrətindən gəlir; Onların hökmranlığı Onun hökmranlığından əxz olunur; Onların Camalının gözəlliyi Onun Camalının əksidir və onların vəhyi Onun ölümsüz cəlalının yalnız bir əlamətidir. Onlar İlahi biliklərin Xəzinələri, səmavi hikmətin Dəfinələridir. Onların vasitəsilə, tükənməz feyz zahir olur, Onlarla heç zaman sönməyən Nur açılır.


Sönməz cəlal işığını əks etdirən bu müqəddəslik Məbədləri , bu İlkin və Əzəli Aynalar, Görünməzlər Görünməzinin Təzahirləridir. Bu İlahi Məziyyətlər Gövhərlərinin zühuru ilə Allahın  elmi və qüdrəti,  hakimiyyəti və səltənəti,  mərhəməti və hikməti, şərafəti, kəraməti və fəzli  kimi  bütün adları və sifətləri aşkar olmuşdur”. 

Gleanings 19 Zerreler http://bahai-library.com/russian/bha/gleanings2.html

 

Bu sətirlərdən bəhrələnib, ərəb rəqəmləri ilə 5 (çevrilmiş ürək forması) əbcətlə Hz. Baba işarə olduğundan aşağıdakı ərəbcə simmetrik ilk xəttatlıq yazım ərzəyə gəlmişdir- solda Allah yazılıb.

bottom of page