top of page

Qoşa Zühuru Gözləyənlər

 

Hörmətli Oxucu!

Bu, Azərbaycan və azərbaycanlılarla bağlı ən az araşdırılmış tarix və o tarixi yaratmış insanların hekayəsidir. Burada adları çəkilən şəxslərin ata-babaları yüzillər boyu bu məmləkətdə yaşamış, ürəklərində bu millətə, onun mədəniyyətinə, dilinə, musiqisinə, ədəbiyyatına dərin məhəbbət bəsləyərək, 10 min illik tarixi olan Qobustana-dünyanın ən qədim insan məskənlərindən birinə, aidiyyəti olan xalqa mənsub olmaları ilə fəxr etmişlər.  

Bu səhifələrdə adları çəkilənlərin əksəriyyəti heç də məşhur filosof, alim, qəhrəman, ixtiraçı, siyasətçi olmamışlar, nə də bilikləri ilə tarixdə dərin iz buraxmış insanlardırlar. Onlar sizin və mənim kimi sadə insanlardır ki, Uca Allaha ümid edərək, yüksək mənəvi həyat arzusu ilə yaşamış və Onun Hidayət Yolundan dönməyərək, açıq beyin, azad ruh, təmiz ürək arzuları ilə adi həyat tərzini sürmüşlər. Yaxından baxanda görünür ki, bu insanların hamısı üçün ortaq bir şey vardı – onlar Qoşa Zühurun Azərbaycana gələcəyi həsrətilə yaşayırdılar.  Çoxlu digər insanlar vardı ki, onillərlə gözlənti həsrətində dua edir, insanlığın vəd olunmuş yeni dövrünün gəlişi üçün Allaha yalvarırdılar. O Hadisə baş verəndə isə Vəd olunmuş Kəsin gəlişinə inanmış insanlar, Müqəddəs Yazılarda deyildiyi kimi, yeni bir həyat yaşamağa başladılar...

Qoşa Zühuru Gözləyənlər!

Rusiya imperiyası dövrünün arxiv materiallarından və həmçinin tarixi əsərlərdən Azərbaycanla bilavasitə əlaqəsi olan və tarixin səhifələrində əks olunmuş hadisələrdən məlum olur ki, 1840-cı illərdə təkcə Naxçıvanda on minlərlə azərbaycanlı çoxdan bəri intizarında olduqları Allah Zühuru haqda eşidən kimi ayağa qalxmış və Onu qəbul etmişlər. Onlar heç də dünyanın məşhur universitetlərində  mükəmməl təhsil almış ixtisas sahibi olan insanlardan olmamışlar; yalnız ürəklərində əsrlərlə bəslədikləri fidanlar cücərmiş, İslamda Vəd Olunmuş Kəsin zühurunu gözləmişlər.  Onların ürəkləri maqnit kimi Həqiqətə cəlb olunmuş və Əhdi-peymana uyğun olaraq, təmiz ürəklə və heç bir təəssübkeşlik olmadan  Qurani-Kərimdə deyildiyi kimi, "Kim bir şeyi ciddi-cəhdlə axtararsa, tapar!"–ın bariz nümunəsinə çevrilmişlər.

Qoşa Zühur axtarışına çıxmışlardan biri kimi, və həqiqətəndə həmin şəkillərdə görünən gözləyənlərdən biri kimi, özüm də ciddi-cəhdlə Həqiqət axtarışında olmuş və on il Müqəddəs Yazıları müstəqil tədqiq edib, Bütün dinlərdə Vəd Olunmuş Kəsin zühurunu təsdiq etmişəm. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarla təmasda olmaq imkanından istifadə edib, fikirlərimlə bölüşmək mənim bu sahədə çap olunmuş kitabımdan da daha çox fayda verəcəyinə - ən azından heç olmasa Qoşa Zühur haqda sərbəst düşünməyə səbəb olacağına ümidvaram.

Məhz belə insanların vasitəsilə daha yaxşı dünya qurulacağına Qızıl-Əsr adlanan bir dövrdə sevgi və ləyaqətlə harmoniyada ömür sürüləcəyinə ümidvaram. Bu İşdə sizə irfan gözü və müvəffəqiyyətli tədqiqatlar arzulayıram.

Allah amanında və Allahın Nuru başımızın üstündən əskik olmasın! Onun Qədim Fəzlini və Yeni İnayətini diləməklə, açıq beyin, azad ruh, təmiz ürək arzusu ilə Əssirata-l-Müstəqimdə şərəflə addımlamağınızın intizarında dostunuz,  

-Səlahəddin Əyyubov

bottom of page