top of page

Şahidlərin
Xatirələri

Şəhidlər və Şahidlar

1937-ci ilin Şəhidlər

və Şahidlərin Xatirələri 

 

Hal-hazırda bizim çatdırdığımız müjdə və toxunduğumuz ideyalar çoxlarına təbii və müasir görünür, elə ona görə də Bəhai Dini müasir mütərəqqi insanlara belə yaxındır. Amma müxtəlif zamanlarda və şəraitlərdə əfsuslar-böyük əfsuslar olsun ki, lazimi, həqiqi mənası səviyyəsində qiymətləndirilməyib və  qiymətləndirilməməkdədir.

Bu Azərbaycanın tarixinin və Bəhai tarixinin şərəfli bir səhifəsidir.

 

1) Birinci Xatirə

Minaxanım Fərəc Qızı

Qasimova (Əyyubova) 1921–2002

 

Salyan bəhailərinin tarixi şəhid atam Fərəc Qasimov əmisi Qasimov (Qədim) Cavadın adı ilə bağlıdır. 1925-ci ildə Salyan bəhailərinin şəkil çəkdirdiyi vaxt onun təqribən 80 yaşı olardı (o, mərkəzdə əyləşib) qardaşım Ətaullanın isə 5 yaşı vardı.  Qədim Cavad, həmin şəkildə olan, mənim əmi və dayılarımı da təbliğ edib. O vaxt  atamın zərgər və ərşin–mal parça dükanı var idi. 1928-ci ildə “kulak” deyərək var-dövlətimizi əlimizdən alıblar – 2 kq qızıl və qaş-daşlar. Ailəmiz məcburən, göz-qulaqdan uzaq olmaq üçün, Bakıya köçməli olub. O vaxt mən 4-cü sinifdə oxuyurdum. Yadımda qalanlardan Zərgərov Kərbəlayi-Məhəmməd Əli və İrandan olub Göyçayda yaşayan bəhai ailəsi ilə ən çox əlaqələrimiz var idi. 

1937-ci ildə Azərbaycanda Həbs Olunan Bəhailərin Siyahısı

Minaxanım Qasimova-Əyyubovanın Tərtib Etdiyi Cədvəl

Minaxanimin Xatirələri

30-cu illər

Dr. Minaxanım - həm anam

həm də ilk həkimim

Atam ərəb və fars dillərini mükəmməl bilən bir ziyalı idi. Əli-Bayramlıda (indiki Şirvan şəhəri) və Bakıda –Suraxanıda müəllimlik edib. Onun dərs dediyi sinifdə 40 uşağın çox böyük əksəriyyəti əlaçı olub. Odur ki, onu Stalin vaxtında böyük məbləğdə pulla mükafatlandırıblar. O, həmin mükafatı qəbul etməyib, yetim uşaqlar evinə verməyi xahiş edib. 1936 -1937-ci  illərdə repressiya vaxtı mətinliklə öz qismətini gözləyib, heç yerə qaçıb gizlənməyib.

Belə bir günün uzaq olmadığını hiss etdiyindən gözlərində qüsur olan anam Fizzənin gözlərində əməliyyat  etdirir. Elə həmin gün, qızdırmada sarıqla örtülmüş gözlərlə, 14 oktyabr 1937-ci ildə gecə saat 2-də qapının bərk-bərk döyülməsindən bərk narahat olur. Hətta evdəki 6 -16 yaş arasında olan 6  uşağın hamısı yuxudan ayılmışdı. Bizimlə bir evdə yaşayan nənəm və bizim hamımız atamın himayəsində yaşayırdıq. Görünür, ürəyi yumşaq olduğundan NKVD üzvlərindən biri  atama iki dəfə müraciət edib, ona verilmiş kağıza qol çəkməyi təklif etmişdi ki, dindən üz döndərib, bəhailikdən imtina etmək şərti ilə ona sağ qalması üçün imkan yaransın.  “Məndən nə istəyirsənsə istə,  amma bunu demə” cavabını alanda hirslə “məgər sən bilmirsən ki, hara aparılacaqsan?”, deyə zabit bir daha xəbərdarlıq etmişdi.. Ailəsindən nigaran qalan atam anama üz tutmuş, o isə öz növbəsində atama gözləri ilə verdiyi sualın cavabında: “Uşaqlardan səndən də yaxşı müğayat olacam, nigaran qalma” söyləmişdi. Həbs zamanı sədaqətli, mətin hərəkəti ilə anam indiyə kimi bir çox insanları heyran edir. 

Evdə axtarış apardıqdan sonra bütün kitabları bir çuvala doldurub, öz çiyninə almağı əmr etdilər. Sonda çiynindən bir yumruq vurub evdən çıxardırlar. Bu səhnəni ömrüm boyu göz yaşları ilə xatırlayıram. Atamın  həyat yoldaşına (anama) dediyi axırıncı sözlər isə bunlar idi: "Sən bütün uşaqlara, ilk növbədə qızlara ali təhsil verməlisən". 

Bakıda o vaxtlar iki dustaqxana var idi – Keşlə və Bayılda. Atama sovqat göndərmək üçün Bayıldakı dustaqxanada səhər saat 5-dən növbə tutmaq lazım olurdu. 40 gün sonra 30 noyabr 1937-ci ildə onu güllələyib şəhid etmişdilər. Onun qana bulaşmış köynəyini həyat yoldaşı Qasimova Fizzə xanıma göndərmişdilər. Həbsin qırxıncı günü Fizzə xanım onu Bakının Bayıl həbsxanasından gətirdiyi qazanın içərisində  aşkar etmişdi. Bu onun haqqında yeganə məlumat idi. Mərd qadın özünün ailəsində və altı övladından bunu uzun müddət sirr kimi gizli saxlayırdı. 

Anam Fizzə Muradova Göyçək Əhədin qızı idi. Dövlətli ailədən idi – anamın təbirincə desək “burjuy qızı idi”. Axı babamın Salyanda pambıq zavodu var idi. Adətən, o vaxtlar uşaqlar mədrəsədə (əsasən dini) təhsil alardılar. Anam isə rus məktəbinə getdiyi üçün yolda molla onun qarşısını kəsib, məktəbə getməyə qoymamışdı....

Anam bəhailiyi ər evində qəbul etmişdi. Uzun müddət ailəsi onun bu hərəkətini pis qarşılamış, evində “murdardır” deyə heç kəs bir stəkan su da içməmişdilər. Yalnız atamın əməlləri, xasiyyətindəki saflıq onların ürəyindəki buzları əridə bilmiş, bu qohumluğu özlərinə şərəf sanmağa başlamışdılar. Anamın qardaşları – dayılarım da dinlə yaxından tanış olduqdan və bir növ İslamın davamı olduğunu tədqiq etdikdən sonra bəhai olmuşdular. Onlar da sonradan 1937-ci il bəhailərinin və şəhidlərinin acı taleyini bölüşmüşlər. Anamın bir dərdinə qardaşı Böyükağa Muradovun həbsi və onun ailəsinin, uşaq evinə göndərilmiş övladlarının da dərdi əlavə olunmuşdu.

O zamanlar, adətən, ailədə əri tutulanların özlərini də tutardılar. Uşaqları isə ya sürgün edilir ya da uşaq evinə yollayırdılar. Odur ki, anam kiçik bir balış, yorğança və döşəkçə ilə bir boxça hazır saxlamışdı ki, həbs edilərsə özü ilə tez apara bilsin. Uzun müddət həmin boxçaya əl dəyilməmişdi ki, bəlkə lazım ola bilər. Fizzə xanım həyat yoldaşının vəsiyyətinə əməl etdi: professor, elmlər namizədi- dosent, həkimlər, fizik - Bakının və Azərbaycanın Ruhani Məhfillərinin gələcək üzvlərini tərbiyələndirdi. 1956-cı ildə Stalinin ölümündən sonra bütün tutulanlar kimi atam da bəraət qazandı. Amma nə faydası, hələ uzun müddət ailəmiz “xalq düşməni” damğasını daşımalı və onunla bağlı məhrumiyyətlərə, məzəmmətlərə və həyat tərzinə dözməli olduq. 

Çətin vaxtlarda  bəhailər bir-birlərinə dəstək olurdular. Nə qədər qorxulu və çətin də olsa, əlaqələri tam kəsmirdilər. Yadımdadır, Balaxanıda bir neçə buruq sahibkarı tutulduqdan sonra onun xanımı rus qadına, Gəncəyə hər ay 50 rubl miqdarında pul göndərirdik – 1960-cı illərdə. 

Bayramları keçirməyi özümüzə borc bilirdik və Gəncədən bəhai şair Əli Şövqi Gəncəvinin yazdığı şeirləri oxuyurduq.

Uzun müddət bəhailərin xariclə əlaqələri və dünyada gedən dəyişikliklərdən xəbərimiz olmurdu. Yetmiş-səksəninci illərdə Finlandiyadan Müzəffər Namdar işlədiyi şirkətin nümayişinə - sərgiyə gəlmişdi.  Həmin sərgiyə tamaşa etmək məqsədilə Sürəyya xanım da getmişdi. Onun sinəsində “İsmi-Əzəmi görən Namdar onu uzaqdan izləyib, özünün güdülmədiyindən arxayın olandan sonra, yalnız Sürəyya xanımın evinin kəndarında ona yaxınlaşıb, “Allahu-Əbha” demiş və bəhai oldugunu söyləmişdi. Zərgərovları xəbər aldıqda onun öz qohumu olduğunu bildikdə  gözlərinə inanmamış, amma bu ailəyə ziyan verməmək məqsədilə tezliklə aralanıb getmişdi. Bacısı Elmira xanım Zərgərova da bu hadisədən çox şad olmuşdular. 

1988-ci ildə Mirzə Ələkbər Nəci Aşqabaddan bizə qonaq gəlmişdi. Bu isə artıq bir müjdə və tezliklə dəyişikliklərin olacağından xəbər verirdi. Nəhayət 1990-cı ildə Dini İşlər İdarəsinə rəsmi qeydiyyatla yazılı müraciət edərkən həyat yoldaşım İzzəddin Əyyubovun tərtib etdiyi siyahıya ailə üzvlərimiz (böyük övladım Lütviyyə başda olmaqla) ilk imza atanlardan olmuşdular. Yoldaşımın əmisi oğlu professor Ələfsər Əyyubovun bacısı da bəhai idilər.

       

Bu o şəhərdir ki, orada Sənin məhəbbətinin atəşi şölələndi və Sənin mərifətinin işığı buradan saçdı.

 

Onları Öz əhədiyyət dənizinin dalğalarından, Öz mərifət ordunun dəstələrindən, Öz bəxşiş bağının ağaclarından və Öz inayət ağacının meyvələrindən ən sevimliləri eylə..

 

Belə bir əzəmətli Əmrin ruhunu sözsüz, kəlamsız nəsildən nəslə yalnız əməlləri ilə ötürdülər – heyrətlənməyə bilmirsən....

NKVD Arxiv Sənədlərindən Çıxarışlar

 

Bakı və Balaxanı (Salyan, Buzovna və Gəncə) bəhailərinin, Qrup halında mühakimə olunanların və ölümə məhkum edilmiş, adları AzNKVD arxivindən əl yazısı ilə köçürülüb - hələ də bu səhifənin üzərindən məxfilik tam götürülməyib. (Rus dilindən tərcümə edilərək, yazıldığı kimi, dəyişiklik edilmədən ilk dəfədir ki, aşağıda göstərilir).

 

SSRİ DTK (Dövlət Təhlükəsizlik Komitəsi), İş No:18461 (797639),  21 Noyabr 1937

Əks-inqilabi fəaliyyət, SSRİ–ni yıxmaq məqsədi ilə kapitalist ölkələri ilə (İngiltərə, Almaniya, İran, Fələstin) ilə əlaqələr qurmaq, kapitalistlərlə fəhlə və kəndlilər arasındakı sinfi mübarizəni inkar etmək – qardaşlığa çağırış, anti-sovet təbliğat, aktiv bəhai və s. 

 

1. Əliyev (Əlizadə) Əli Abbas Hənifə oğlu, 1879 –Bakı, Soyuzpeçat –mürəttib, Ünvan: Bakı, Şaumyan küç.,17, m.13.  (“9”-un üzvu). 10 oktyabr 1937-ci il sanksiyası ilə həbs edilib. 

 

Ailə üzvləri: 

  • Həyat yoldaşı: Tuğra - 45 yaşında, 

Övladları:

  • Qızı, Bəhiyyə - 25 yaşında,

  • Qızı, Nuriyyə - 22 yaşında,

  • Oğlu, Nüsrət - 17 yaşında,

  • Qızı, Feyziyyə - 11 yaşında,

  • Qızı, Zəkiyyə - 9 yaşında, 

 

Müsadirə edilib: Kitablar və yazışmalar.

Bəhai ailəsində anadan olub. 1910-cu ildən bəhaidir, 1932-ci ildən məhfil üzvidir.

 

​2. Zərgərov Əsədulla Abdul Əziz oğlu, 1889 –Bakı, mühasib, 1930-cu ildə (“9”-un sədri kimi) 3 illik mühakimə olunub, Ünvan: Bakı, Çadrovaya küç., 228, 

 

Ailə üzvləri: ​​

  • Həyat yoldaşı: Ruhiyyə - 35 yaşında, 

Övladları:

  • Qızı, Rövşənə - 17 yaşında 

  • Qızı, Sima - 14 yaşında,

  • Qızı, Aliyə - 11 yaşında,

  • Qızı, Nailə - 3 aylıq.

 

Müsadirə edilib: Telefon aparatı -2 dənə, çap makinası, müxtəlif kitablar -1.5 yeşik, fotoşəkillər və müxtəlif yazışma və məktublaşmalar -1 yeşik. (Professor Ətaullah Qasimov onun adı gələndə həmişə gözləri yaşla dolardı – “Bilirsən, necə Kişi idi?!” söyləyirdi.)

​3. Əmiraslanov Əyyub Abdulla oğlu, 1911 – Kirovabad (Gəncə), müəllim, Ünvan: Bakı, Çadrovaya küç., 228.

Ailə üzvləri: 

  • Anası – Fatma. 50 yaşında,

  • Həyat yoldaşı: Zəbərcət - 24 yaşında,

Övladı: 

  • ​Qızı, Şövqiyyə - 2 yaşında,

Müsadirə edilib: müxtəlif kitablar -4, “Dan ulduzu” jurnalı, Ümumi dəftərlər – 2 və müxtəlif yazışma və məktublaşmalar.

​4. Qasimov (Qasimzadə) Fərəc Cəfər Qulu oğlu, 1883- Salyan, zərgər və eyni zamanda məktəbdə müəllim, Ünvan: Bakı, Arsen Amiryan küç., 88, (“9”-un Sədri). 

 

Ailə üzvləri: 

  • Həyat yoldaşı: Qasimova Fizzə Əhəd qızı - 35 yaşında -Həyat yoldaşını əvəz edən Məhfil üzv

Övladları:

  • Oğlu, Qasimov Ətaullah - 17 yaşında  (gələcəyin professoru– S.Ə.)

  • Qızı, Qasimova Minaxanım -16 yaşında (gələcəyin həkimi– S.Ə.)

  • Oğlu, Qasimov Əzizullah – 14 (həlak olmuşdur– S.Ə.)

  • Qızı, Qasimova Bəhiyyə - 10 (gələcəyin həkimi– S.Ə.)

  • Qızı, Qasimova Qüdsiyyə - 8 (gələcəyin müəllimi– S.Ə.)

  • Oğlu, Qasimov İsmullah – 6 yaşında, (gələcəyin ixtiraçı alimi, dosenti– S.Ə.)

 

Müsadirə edilib: Kitablar -1 çuval və müxtəlif yazışmalar. (Müəllifin nənəsi Q.Fizzənin xatirəsindən isə - 1 ovuc brilliant və 7 küp qızıl). 

 

​5. Mahmudov Süleyman Mahmud oğlu, 1889 – Bakı, qulluqçu, Ünvan: Bakı, C. Cabbarlı küç. 13, (“9”-un üzvü).

 

Ailə üzvləri: 

  • ​Həyat yoldaşı: Kubraxanım - 40 yaşında,

Övladları: ​

  • Oğlu, Kərim - 21 yaşında,

  • Qızı, Şirinxanım -17 yaşında,

  • Qızı, Şamsurə - 15,

  • Oğlu, Əsədullah – 10,

  • Oğlu, Feyzullah – 7.

 

​6. Yaqubov Feyzulla Abdul Xalıq oğlu, 1888 – Çadrovaya küç.,Bakı, qulluqçu, Ünvan: Bakı, Azad Türk qadını küç., 225

 

Ailə üzvləri: 

  • ​Həyat yoldaşı: Ekaterina - 52 yaşında,

 

​7. aibli Rəhim Qaib oğlu, 1911 – Bərdə, məktəb müəllimi və Az.Tibb Universitetinin tələbəsi, Ünvan: Bakı, Proletar küç., 153,  (Fəal Bəhai)

 

Ailə vəziyyəti: 

  • Subay

 

Müəllifin anası Minaxanım onun adı gələndə xatirələrini bölüşür, yaman heyfslənir və göz yaşlarını saxlaya bilmirdi.

 

​8. Dadaşov Əli Abbas Məmməd Cəfər oğlu, 1882 - Bakı, Ünvan: Bakı, Karqanov küç., 50  Maştağada – statistik

 

Ailə üzvləri: 

  • Həyat yoldaşı: Xanımana - 48 yaşında,

Övladları: 

  • Oğlu, Mürsəl - 18 yaşında,

  • Oğlu, Əhsən – 13 yaşında  (Gələcəkdə xalq artisti, tarzən oldu)

Bu ailə ilə yaxından qohum olduğumdan Əli Abbas Kərbəlayi Cəfər oğlu haqda ailəmizdə indi də xatırlanan bir epizodu söyləmək istərdim. Məşhur şair Mirzə Yusif Xaliq onun dayısı olub. Çox səlim və səliqəli bir insan olduğundan o, Kraxmal Əli Abbas adı ilə məşhur idi (ağ köynəyi həmişə ütülü və kraxmallaşmış olardı). Ailədə Əli Soltan ilə iki qardaş idilər və Kərbəlayi Cəfərin Bakıda Korqanöv küçəsində tikdiyi evdə yaşayırdılar. Bir necə nəfərin Əli Soltanı xəbər alıb, həyətə girdiklərini görcək onların HKVDin nümayəndələri olduqlarını və məqsədlərinin onu həbs etmək olduğunu başa düşən 3 uşaq atası Əli Abbas özünü onlara qardaşı, 6 uşaq atası olan Əli Soltanın yerinə, təqdim edib, tutulmuş və şəhid olmuşdu. Maraqlısı da odur ki, Əli Soltanın əksər övladları (Müəllfin bibisi Təhminə xanımın həyat yoldaşı Əjdər əmi, Cəfər Dadaşov və s.) bəhai olub və indiki nəsilləri də Allah İşinə sadiq qalmışlar. Əli Abbasın da bəzi övladları bəhaidirlər.

​9. Axundov Əbdül Sacat Əli oğlu, 1882 - Balaxanı, Qazıma ustası, Ünvan: Bakı, Engels küç., 50  

 

Ailə üzvləri: 

  • ​Həyat yoldaşı: Xanımgül - 38 yaşında,

Övladları: 

  • Oğlu, Böyükağa - 14 yaşında,

  • Qızı, Sara -12 yaşında,

  • Oğlu, Fazil – 6,

  • Oğlu, Bədiullah – 4,

  • Oğlu, Ziyaullah – 4 ay.

 

​10. Qasimov (Ağa) Məhərrəm İbrahim oğlu, 1887- Kirovabad (Gəncə), Bəhai İbadət evinin (Müsafirxananın) qulluqçusu, (Aktiv Bəhai – Məhfil üzvi, xəzinədar, Ərəb və fars dilində olan Bəhai ədəbiyyatının mütərcimi).  1872- Nuxa (Şəki) Ünvan: Bakı, Azad Türk qadını küç., 228

 

Ailə üzvləri: 

  • Həyat yoldaşı: Xədicə - 37 yaşında,

Övladları: 

  • Oğlu, Nüsrət - 19 yaşında.

 

​11. Cəfərov Hüseyn Hacı Kərim oğlu, 1879 – Balaxanı, keçmiş ticarətçi (Aktiv Bəhai - Balaxanıda “9”-luğun Katibi).  Ünvan: Balaxanı, Sabir küç., 19.  

 

Ailə vəziyyəti:

  • Subay, Tənha yaşayır. 

 

​12. Kərimov Mirzə Ağa Məmməd Hüseyn oğlu, 1869 – Balaxanı, (Aktiv Bəhai - Balaxanıda “9”-un Sədri), Ünvan: Balaxanı, Krestyanskaya küç., 11.  

 

Ailə üzvləri: 

  • Həyat yoldaşı: Tamamgül - 55 yaşında,

Övladları: 

  • Oğlu, Kərim - 26 yaşında,

  • Qızı, Pərixanım -23 yaşında,

  • Qızı, Sara -19 yaşında.

  • Oğlu, Ziyal (Ziyaullah?) – 14, 

  • Məhbubə -11 yaşında,

 

​13. Səfərov Əziz Baba oğlu, 1898 – Ağdaş, mühasib, Ünvan: Bakı, I parallel küç., 59. 

 

Ailə vəziyyəti:

  • Subay 

  • Anası, Şərabanı – 65 yaşında

  • Bacısı (və ya qardaşı) oğlu, Həbib - 17 yaşında.

 

​14. Əhədov Mikail Cavad oğlu, 1883 – Salyan, (Aktiv Bəhai -  “9”-un üzvi),  Azneftsatış bazasının müdiri, Ünvan: Salyan, Şaumyan küç., 18

 

Ailə üzvləri: 

  • Həyat yoldaşı: Töhfə - 48 yaşında,

Övladları: 

  • Oğlu, Rafael - 20 yaşında,

  • Qızı, Şəfiqə - 18 yaşında,

  • Qızı, Aliyə - 13 yaşında,

  • Oğlu, Ziyaullah – 10,

  • Qızı, Lətifə - 3 yaşında.

 

​15. Hüseynov Mamed Allahverdi oğlu və ya Allahverdi oğlu Maqomed (Allahverdi –zadə Mamed), 1878 –Kirovabad (Gəncə), xərrat, (Aktiv Bəhai - “9”-un Katibi), Ünvan: Bakı, Azad Türk qadını küç., 236. Qobu k., RayonTicarəti - Mağaza müdiri

 

Ailə üzvləri: 

  • Həyat yoldaşı: Əjdər - 44 yaşında,

Övladı:

  • Oğlu, Taleb – 4 yaşında.

 

​16. Haqverdiyev Mehdi İsmayıl oğlu, 1906 – Kirovabad. (Aktiv Bəhai), Ünvan: Bakı, Mustafa Sübhi küç., 113, Mühəndis-hidrotexnik. 

 

Ailə vəziyyəti:

  • Subay, tək yaşayır.

Digər Aktiv Bəhailəri:

  1. Məmmədov Bayram - Məhfil üzvi, Ünvan: Bakı, Çadrovaya küç., 226 (Müsafirxana)

  2. Bağbanzadə Cavad - Məhfil üzvi,

  3. Mərdanov Əli Əkbər - Məhfil üzvi (Sədr),

  4. Süleyman Mahmudzadə -- Məhfil üzvi,

  5. Paşa Rəhmanov – atası - Az. SSR Sovet Xalq Komissariatının keçmiş Sədri 

  6. Əliyev Əhməd - Ünvan: Bakı, Gənc Pioner küç.

  7. Əlizadə Həsən,

  8. Xasiyev (Ağa) Rəsul – sonradan oğlu ilə birlikdə tutulublar və şəhid olublar. 

 

Maraqlıdır ki, bu siyahıda olmayan iki nəfər 13 və 14 oktyabr 1937-ci ildə həbs edilmiş (Əmiraslanov Əyyub Abdulla oğlu və Yaqubov Feyzulla Abdul-Xalıq oğlu) NKVD-in nümayəndəsi tərəfindən “əməkdaşlığa” cəlb edilmiş və bu “öhdəliyi” barədə Məhfil üzvlərinə bildirdiklərindən sonralar xüsusi ağır təqiblərə məruz qalmışlar. Onların adlarına 16 Bakı və Balaxanı (Salyan, Buzovna və Gəncə) bəhailərinin, qrup halında mühakimə olunanların və ölümə məhkum edilmişlərin, kitabın sonunda verilmiş məlumatında rast gəlinir (indi arxiv materiallarında onlara edilmiş “etibarsız, riyakar və ikiüzlülük” böhtanını görmək olar), lakin onlar sonradan şəhidlik şərbətini məmnuniyyətlə içmişlər.

NKVD Arxiv Sənədləri

İzzəddin Hüseyn oğlu Əyyubov

Minaxanım Fərəc Qızı Qasimova

 

2) İkinci Xatirə

İzzəddin Hüseyn oğlu Əyyubov (1916-1995)

 

Şəkidə ilk bəhai atam Məşədi Hüseyn Əyyubov olub. O, təxminən, keçən əsrin axırlarında və bu əsrin (XX) əvvəllərində pul qazanmaq məqsədilə Şəkidən Tiflisə getmişdi. (Nuxada (Şəkidə)  o kiçik bir sənətkarlıq sexinin sahibi olub, çust (nazik ayaqqabı –S.Ə.) istehsal edirmiş və məhsulları Tiflisdə və Kislovodskdakı dükanlarında satırmış.)  Tiflisdə alver edən zaman, həm sənəti üzrə, həm də alver zamanı bir nəfər ona rast gəlir və soruşur:

--Məşədi Hüseyn, sən belə cavan adamsan, özün də möminsən, Xorasana getmisən, bəs sənin üçün ayıb deyilmi ki,  babi bir adamla alver edirsən?  Atam məəttəl qalır.

--Axı babi ilə alver etmək günahdır. Onun əqidəsinə görə, o zaman babilərlə oturub-durmaq, söhbət etmək çox böyük günah idi. Soruşur ki,

--kimdir o adam, mən kiminlə alver edirəm?  Deyirlər ki, o şəxs Səmədov Hacıbabadır. 

--A kişi, axı o çox yaxşı adamdır, niyə ona babi deyirlər?

Nə isə, bu məsələ atamı çox narahat edir. Səhərisi gün Hacıbaba dayı ilə söhbət edir ki, bəs Baba dayı, sən ki,  sözündə, haqq-hesabında bu qədər düz, özün də yaxşı adamsan, bəs sənə niyə babi deyirlər. Niyə mənə deməmisən ki, səninlə alver eləməyim? Axı mən günaha batıram. Baba dayı deyir: “Oğlum, axşam Şeytan Bazarındakı karvansaraya gələrsən, filan hücrədə Mirzə İsmayıl Muşkat adlı bir nəfər olacaq, onunla söhbət edərsən!”

 

Axşam atam Baba dayı deyən karvansaraya gedir. Orada məşhur şair, mübəlliğ Mirzə İsmayıl Muşkatın yanında beş-altı nəfər olur, söhbətə qulaq asır. Üç gecə oraya gedib-gələndən və söhbətlərə qulaq asandan sonra başa düşür ki, babilər Qaim Sahibəz-Zamanın gəlişinə inanmış adamlardır. Bunlar heç də pis adam deyillər. Səmədov Baba dayı kimi təmiz adamlardır. Dini təsdiq edir və babi kimi təmiz qəlblə Şəkiyə gəlir. 

 

Bir müddət sonra əmisini, əmisi oğlanlarını, qardaşlarını, qohumlarını Babi (Bəhai) dini ilə tanış edir. Bu dövrdə Bəhai sözü yox, Babi sözü geniş yayılmışdı. Hətta mən uşaq ikən evdən çıxanda küçədə məni babi deyib döyərdilər. İndiyə kimi alnımda çapıq yeri, – atılan daşın izi, - vardır. Beləliklə, Şəkidə ilk Bəhai atam və onun qohumları olublar. Sonradan hərəsi bir şəhərə gedib və bəhailiyi təbliğ ediblər. 

Səmədov Baba dayı tacir idi, Şamaxıdan idi. Son zamanlar bir qədər Tiflisdə, başqa yerlərdə ticarətlə məşğul olandan sonra Bakıya gəlir və burada məşhur bəhai milyoner Hacı Musa Nağıyevin kontorunda onun mötəbər işçilərindən biri olur. Həm özü ticarətlə məşğul olur, həm də Hacı Musaya onun işlərində kömək edir. (Azərbaycan televiziyasında Musa Nağıyev haqqında gedən bu söhbəti mən eşitdim və gələcək nəslə çatdırmağı özümə borc bildim). 

Ağa Seyid Əsədullahın Şəkiyə gəlməsi və

ona qəsd edilməsinin qarşısının alınması 

Ağa Seyid Əsədulla Ağdaşa gəlir. O zaman mənim ana babam Məşədi İsmayıl Ağdaş bəhailərinin arasında olur. Ağa Seyid Əsədulla (Səhv etmirəmsə, mən bunu kiçik yaşlarımda eşitmişəm, ona görə də yadımda qalanları danışıram) babamla belə qərara gəlirlər ki, Şəkiyə getsinlər və ona görə də bir faytonçu ilə danışırlar ki, səhər tezdən gəlib onları Nuxaya (Şəkiyə)  aparsın. Onlar səhərisi gün faytonçunu çox gözləməli olurlar, lakin faytonçu gəlib çıxmır. Babam bir qədər kəmhövsələ idi, bir az hirslənir və faytonçunun dalınca nalayiq sözlər işlədir. Ağa Seyid Əsədulla buyurur ki,  Məşədi İsmayıl, sən bilirsən ki, hər şey Allahın əlindədir, yəqin  bir hikmət var ki, faytonçu gəlib çıxmayıb.

Bir neçə müddətdən sonra məlum olur ki, faytonçu başqa bir müştərini daha çox pul müqabilində aparıb. Şəkiyə gedən yola (ora Trud düzü deyirlər) çatmamış o dağlarda çoxlu qaçaqlar tərəfindən qarət edilib, var-yoxları əllərindən alınır, hətta bir-ikisi də öldürülür. Bu xəbər Ağdaşa yayılanda Seyid Əsədülla babama deyir ki, gördünmü burda hikmət nədir?

Nə isə ertəsi gün onlar Şəkiyə gəlirlər. Şəkiyə gələndə Ağa Seyid Əsədulla karvansaraya düşür. Nə hikmət varsa, karvansarayda yaşayır, çünki istəmirmiş ki, o gedədən sonra babamgili incitsinlər. Axı, babamgil öz inamlarını gizli saxlayırlarmış. Və yaxud ehtiyat edirlərmiş (buna təqiyyə deyirlər), nə səbəbə görə mən bilmirəm, Allah bilir. 

Nəhayət bir gün mənim ən kiçik dayıma xəbər çatır ki, Şəkiyə bir babi gəlib, onu bu gecə filankəslər öldürəcəklər. Dayım bunu eşidən kimi öz qoçaq dostları (Qəssab Zahid, bir də Dadanov Kəblə Cabbar – Allah onlara rəhmət eləsin) ilə birgə yaraqlanırlar, tüfəng götürüb faytona minir və gedirlər. Şəkidə bir əsas mərkəzi küçə vardı – yuxarı berc, və aşağı berc. Bu yuxarı bercdən aşağı bercə üç nəfərin silahlı getməyindən camaat başa düşür ki, bir hadisə baş verməlidir. Qayıdan baş mənim dayım Veysəl Əyyubov faytonçunun yanında arxası faytonçuya oturub. Ağa Seyid Əsədulla isə faytonun dalında oturub gəldikləri yol ilə yuxarı  qayıdırlar. Bununla camaat başa düşür ki, Ağa Seyid Əsədulla Veysəlin, Cabbarın və qəssab Zahidin adamıdır. Onların qorxusundan Ağa Seyid Əsədullaya heç kəs yaxın düşmür və o, bir neçə gün Şəkidə qaldıqdan sonra çıxıb gedir. 

7 oktyabr 1915-сi il fotosunda

Veysəl Əyyubov və qəssab Zahid Əskərov.

 

Onu bir faytonçuya tapşırırlar ki, aparıb Yevlaxda bir nəfərə təhvil versin və onun əlindən kağız gətirsin. “O adamın başından bir tük əskik olsa, onda sən özündən küs. Sən və ailən,  hamınız bədbəxt olacaqsınız”. Beləliklə, Ağa Seyid Əsədullanın Şəkiyə gəlib getməyi ilə bağlı hadisəni söylədim. 

Ağa Seyid Əsədulla Azərbaycana həzrət Əbdül-Bəha tərəfindən həm mübəlliğ, həm də Əmin`i-sandıq, yəni yığılan ianələrin, Hüququllahı Sərkər Ağanın hüzuruna aparmaq və eyni zamanda, təbliğ ilə məşğul olmaq üçün göndərilmişdi. 

O dövrdə Şəkidə qeydiyyata alınan ilk Bəhai Məşədi Hüseyn Əyyubov olub. O, öz əmisi Məşədi İsmayılı təbliğ eləyib, lakın atası təbliğ edilməyib. Qardaşları təbliğ olunub. İsmayılın kiçik oğlu Veysəl Əyyubov (aşağıdakı şəkildə mərkəzdə əyləşib) çox can yandıran olub. Onun övladı Kamal və nəvəsi Əmrixan Əyyubov hal-hazırda Bakıda yaşayırlar. Onun səbəbinə bu ailəyə bəhai ailəsi demək olar. 

Atamın təbliğ elədiyi adamlardan biri də atamın xalası oğlu Xəlil idi, ona babi Xəlil deyirdilər. O 1914-cü ildə Bakıda təşkil olunmuş “Xidmət arteli”nin üzvlərindən biri olmuşdur.  O zaman Şəkidə Məşədi Hüseyn, Məşədi İsmayıl və onun oğlu Veysəl Əyyubov, Musa Əyyubov (atamın böyük qardaşı), Salman, Məzahir, Heydər, Cabbar Əyyubovlar  - onların hamısı bəhai idilər. 

Şəkidə Əyyubovların evləri qəbiristanlığın yaxınlığındadır. 1931-932-ci illərdə Hüseyn bəy Köçərli öz xanımı Qüdsiyyə ilə Aşqabaddan Azərbaycana gəlirlər. Əslən Bərdədən idilər, orada qohum-əqrabaları çoxdur. Pulları olmadığından, Dağıstandan çox əziyyətlə (paltarları cırılır, ac-acına meşədəki meyvələrlə qidalana-qidalana) dağlarla həmin qəbiristanlıqdan keçəndə çox səliqəli, lakin üstündə heç bir bəhai rəmzi olmayan 5-6 qəbir görürlər.  Hüseyn bəy o dəqiqə başa düşür ki, bu bəhai qəbirlərdir. Münacat oxuyur və sonra yavaş-yavaş aşağı tərəfə enirlər.  İlk ev sağ tərəfdə babamın evi olduğundan bu qapını döyürlər. Kiçik əmim Cabbar Əyyubov qapını açıb kimi istədiklərini qoruşur. Köçərli deyir:”Allah`u`Əbha!.” Bunu eşidən Cabbar əmim “Allah`u`Əbha” deyib, iki qolunu açır və onu qucaqlayır. Tez evə dəvət edilirlər. Atam o zaman Şəkidə olduğundan atama, əmilərimə, tez xəbər göndərirlər ki, bəs bir neçə nəfər bəhai gəlib. Həmin gecə məclis təşkil edilir, hamı yığılır, ziyafət keçirilir. Cabbar əmim ilə Heydər əmimin birlikdə oxuduqları  əşar və münacat Qüdsiyyə xanıma elə təsir edir ki, o, ağlayıb huşunu itirir. Bu Tahirə xanımın məşhur əşarı (Qərbətu uftadədən nəzər, kuçəbəkuçə, kuçəbəkuçə – təqribən belə başlanır) idi.  (Bu şeiri professor Əzizə xanım Cəfərzadə əzbər deyəndə həmin hissləri mən də keçirdim. O, bir neçə kitabında Tahirə xanımın yaradıcılığına müraciət etmiş, ona həsr olunmuş “Zərrintac Tahirə” adlı roman yazmışdır. – S.Ə.)

İzzətddinin Xatirələri

Bir müddət onlar Şəkidə yaşayıb işləyir və yol xərclərini yığandan sonra oradan gedirlər.  Hal-hazırda Qüdsiyyə xanımın nəvəsi Aşqabadda yaşayan Dilarədir. O, Mirzə Ələkbər Nacinin gəlinidir. Qəbirlərin quruluşu ilə onlar Şəkidə bəhailərin olduğunu  hiss edib bizim ailəyə rast gəlirlər, yoxsa onların aqibətləri acınacaqlı ola bilərdi. 

Mən özüm Bakı bəhailəri ilə 1924-cü ildə tanış olmuşam. O vaxt mənim 8 yaşım vardı. 12 yaşına qədər mən Kəblə Məmməd İbrahim Bağbanzadə adlı kişini özümə əmi bilmişəm, lakin 12 yaşında başa düşmüşəm ki, bu adamla atamın arasında o qədər ruhani məhəbbət olub ki, onu atamın doğma qardaşı bilmişəm.

O dövrdə atam məni Şəkidə incitdikləri üçün Bakıya gətirir. Burada öz şagirdi və özü təbliğ etdiyi ləzgi Rəhimin (sonradan əhdinə vəfa etməyənin) evində `naxlebnik`  ( bütün xərclərini qonaq qalanın özünün ödəməsilə saxlayıb – S.Ə.) qoyub gedir. Onun evi müsafirxanaya yaxın olduğu üçün hər cümə günü müsafirxanaya gedirdik  və söhbətlərə qulaq asırdıq. Hər cümə günü ora bəhailərlə dolu olardı. Nəhayət 1932-ci ildən onların sayı azalmağa başladı. 

1937-ci ildə müsafirxana alındı və Bakı Bəhailərinin Ruhani Məhfilinin üzvləri tutuldu. Onlardan Qasimov Ağa Fərəc (oğlu Ətaulla mənim yaxın dostum olmuş, sonralar qohum olmuşam), zərgər Əsədulla, çapçı Əliabbas, kraxmal Əlabbas (çox üzr istəyirəm, o dövrdə onları mən bu adlarla tanımışam) və başqa bəhailər DTK tərəfindən tutulur və şəhadətə çatırlar. 1937-ci ildən sonra bəhai dini haqqında ancaq köhnə bəhailər biri-birilə görüşəndə evlərdə və təziyə məclislərində danışa bilirdilər. 

Beləliklə, 1945-ci ilə qədər bəhailərin bir yerə yığılması qeyri-mümkün olur. 1953-cü ildə Stalinin ölümündən sonra N. Xruşovun göstərişi ilə xalqa bir qədər azadlıq verilir. O zaman 1947-ci ildən tanış olduğum Ağayev Məşədi Dadaşın (hal-hazırda oğlu Ağanəcəf Bakıda yaşayır) vasitəsilə öyrəndim ki, bəhailər məclislərdə yığılırlar. Mən də Bakıya gələndə (o vaxtlar rayonda həkim işləyirdim) bəhailərdən Məşədi Dadaşgilə və İçəri şəhərdə südçü Ağadadaşgilə gedərdim. Bakı bəhailərindən Şərifov Nəsir, Dadaş, Səfərov Ağaqafar, Əhməd əmi, Əliqulu əmi, Bahəddin Orucov, qadınlardan – Kübra Orucova, Mirzə Ələkbər Naxçıvaninin bacısı Rübabə xanım,  (onun qızı akademik İzzət xanım), deputat Züleyxa xala, Bilqeyis xala Bəhai dininin yayılmasında çox fəal idilər. Onlar bizə ürək-dirək verib deyirdilər ki, qara buludlar heç zaman Günəşin qabağını tuta bilməz, bir gün bu buludlar çəkilib gedəcək. Ona görə də biz ruhdan düşməməliyik. Daha doğrusu, bizi bu günlər üçün hazırlayırdılar.

Mən müharibədən oktyabrın 19-da (1941-ci ildə kontuziya aldıqdan sonra) gəldim və dostum Ətaullagilə gedəndə yolda, İçərişəhərin yaxınlığında (İndiki Bakı soveti metro-stansiyasının yanında) südçü Ağadadaşla rastlaşdım. Allah-u-Əbha deyəndən sonra soruşdum: “Dadaş əmi, bu müharibə haqqında dini kitablarda bir məlumat varmı? O çox şəstlə dedi: “Bəli, var! Onlardan biri barədə  İncili-Şərifdə Həzrət İsa buyurur: “Dənizdən bir əjdaha çıxar, onun 15 başı var,” (Bunu müfəssəl danışsam, vaxtınızı çox alaram). Kitabi-Əqdəsdə isə buyrulur: “ Ey Reyn çayının sahilləri! Biz sizi qan içində gördük və qisas qılıncları sizin üstünüzə çəkilmişdir; və bu bir dəfə də olacaq. Və Biz Berlinin ah-naləsini eşidirik, hərçənd bu gün o, aşkar cah-cəlal içindədir.”

Bu söhbət o zaman olub ki, almanlar yüzlərlə kəndləri zəbt edib böyük sürətlə irəli gedirdilər, qalib gəlirdilər. Bizim qoşunlar acınacaqlı halda geri dönürdülər, məğlub olurdular. Belə bir şəraitdə Rusiyanın Almaniyaya qalib gəlməsi bir möcüzə ola bilərdi. Mən bunun nəticəsini 1945-ci ilə qədər gözlədim və 1945-də Həzrət Bəhaullahın, həqiqətən, Allah tərəfindən göndərildiyi və “Allahın zahir edəcəyi Kəs” olduğu mənə yəqin oldu. O gündən mən özümü bəhai hesab edirəm.

 

3) Üçüncü Xatirə

Rövşanə xanım Xanlarova-Zərgərlinin kitabından: Xatirələr, Bakı, ADMİU-in mətbəəsi, 2003

Yeni din İranda olduğu kimi, Bakıda da bəzi müsəlman ruhaniləri tərəfindən qəzəblə qarşılanmışdı. 1880-cı ildən İranda və 1882-ci ildən isə Bakıda təşkil olunmağa başlandı. Mənim ulu babam ilk bəhailərdən oldu. Babam Əli Əşrəf  atası Mirzə Talıb haqda mənə belə bir hekayə söyləmişdi. Bir gün öz bədnam əməllərinə görə, Allahdan qorxuya düşən qoçu başçılarından biri məscidə gəlir və mollaya öz dərdini danışaraq, ondan məsləhət almaq məqsədilə deyir: “Mən çox adam öldürmüşəm, bəs indi mən nə edim ki, Allah günahlarımdan keçsin?” Bəhailərə nifrət bəsləyən molla əlinə düşmüş bu fürsətdən istifadə etmək arzusu ilə qoçuya deyir: “Bu sənin özündən asılıdır. Əgər günahlarının bağışlanmasını istəyirsənsə, onda Mirzə Talıb adlı bir allahsız var, get onu öldür ki, Allah-təala da səni əfv etsin”. Məsələnin belə asan həllindən sevinən qoçu səhər tezdən Mirzə Talıbın darvazasının qarşısında dayanaraq onun evdən çıxmasını gözləyir. Bir azdan sonra  Mirzə Talıb evdən çıxır və qoçu ona yaxınlaşaraq deyir: “Mən səni öldürməyə gəlmişəm, nöşün ki, sən allahsızsan”. Mirzə Talıb qoçuya bəhai olduğunu söyləyir. Bildirir ki, Allahımız da birdir, Peyğəmbərimiz də... Qoçu Mirzə Talıbın mömin adam olduğuna inanaraq onu öldürməyərək çıxıb gedir. Lakin evinə gəlib çatanda, peşman olur. Sonra belə bir qərara gəlir ki, Mirzə Talıb qaçmır ki, sabah gedib öldürərəm. Sabah yenə Mirzə Talıbın qarşısını kəsib deyir: “ Sən gəl mənə bir pis söz de, mən də əsəbiləşib səni öldürüm.” Mirzə Talıb cavabında “Bəhailər pis söz danışmırlar. Onların məqsədi bütün insanlara sevinc və məhəbbət bəsləməkdir. İndi mən bizim məclisə gedirəm, istəyirsənsə, sən də gəl, gedək və orada bizim söhbətləri eşit”. Qoçu ulu babama qoşularaq müsafirxanaya gəlir. Burada çoxlu bəhai toplaşmışdı. Qoçu fikirləşir ki, bunlar çoxdurlar, birdən məni öldürərlər və ehtiyat edərək çıxış qapısına yaxın bir yerdə oturur. Lakin məclisdə danışılan söhbətlər, oxunan dualar, qoçunun elə xoşuna gəlir ki, o, elə burada bəhai dinini qəbul edir. Qoçunun bəhai olması onun valideynlərini olduqca məyus edir. Qohumları və dostları onu danlayırlar. Məhəllənin uşaqları onu görən kimi istehza ilə gülürlər və deyirlər: “Buna bax, adə, qoçu dönüb bəhai olub”. Qoçu isə uşaqları hədələyərək deyir: “Bax a, məni hirsləndirməyin, yoxsa dönüb təzədən qoçu olaram və hamınızı öldürərəm”.

Mirzə Talıb fanatik ruhanilər tərəfindən amansızcasına təqib olunduğundan daha Bakıda yaşaya bilməyib Müqəddəs Torpağa, Hayfaya gedir. Burada o, Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəha ilə görüşür. Ulu babam Hz.Bəhaullahın zəif və xəstə vaxtında Onun fars və ərəb dillərində olan əl yazmalarını qoruyub saxlanmasında kömək etmiş və müəyyən müddət ərzində Onun katibi olmuşdur.

Bir müddət sonra babam Əli Əşrəf  və onun qardaşı Ağabala Hayfaya ziyarətə gedirlər. Onlar orada yaşayan ataları Mirzə Talıbla görüşürlər. Bakı bəhailərinin icması ilə maraqlanan  Həzrət Əbdül-Bəha Əli Əşrəfi və Ağabalanı qəbul edir və vəziyyətlə tanış olur. Həzrət Əbdül-Bəhanın məsləhəti ilə onlar Hayfada qalıb, Hz. Babın məqbərəsi--Məqami-Əlanın tikintisində iştirak edirlər. Müqəddəs türbənin inşası başa çatdırıldıqdan sonra  Əli Əşrəf  və Ağabala  Kərimovlar Bakıya qayıdırlar. 

İndi də Məqami-Əlanın bir qapısı Əli Əşrəfin adını daşıyır. Bundan başqa Əli Əşrəf  Hayfada böyük bir bağ da salmışdı. Əli Əşrəf  və Ağabala  Bakıya qayıtdıqdan sonra ruhani məclislərdə xidmətə başlayırlar. Bağdan gələn gəlirdən qızıl pulla babama göndərilirdi. Babam da icma xəzinədarı Ağadadaş Bağbanzadəyə verərdi. Əli Əşrəfin Bakıda beş mərtəbəli mülki var idi. Sonradan ailəmiz müsafirxananın həyətindəki evə köçürlər. 

 

Bir dəfə Həzrət Əbdül-Bəha buyurmuşdu ki, Azərbaycan bəhailərindən iki nəfər iki dəfə tutulacaqlar. Doğrudan da, 1927-ci ildə Azərbaycanda siyasi vəziyyət kəskin surətdə dəyişdi. O vaxt anam Ruhiyyə konservatoriyada I kursda oxuyurdu. Atam Əsədulla Zərgərli bir neçə dəfə Mir Cəfər Bağırovun yanına çağırılmışdı. Atam yaxınlaşan fəlakəti hiss etmişdi. Bunu hiss edən atam anama konservatoriyadan çıxmağı məsləhət görür. “Uşaqlar böyüyəndən sonra yenə də təhsilini davam etdirərsən”, demişdi. Konservatoriyanın ilk direktoru, görkəmli bəstəkarımız Üzeyir Hacıbəyov anamın təhsilini dayandırmasına heç cür icazə vermək istəmirdi. Başqa çıxış yolu olmadığından anam konservatoriyanı tərk etməli olur və üç aylıq makinaçılıq kursunu bitirərək makinaçı işləməyə başlayır.

 

Həzrət Əbdül-Bəhanın əvvəlcədən dediyi kimi iki nəfər–atam Əsədulla Zərgərli və Gəncəli Ağa Məsum Ağayev həbs olunaraq sürgünə göndərilirlər. Onlar həbs cəzasını çəkdikdən sonra 1931-ci ildə azad edilib, Bakıya qayıdırlar. Onları əqidələrindən döndərə bilmədiklərindən Bakıya qayıdan kimi yenə də xidmətə başlayırlar.

Biz o vaxtlar müsafirxananın ikinci  mərtəbəsində yaşayırdıq. İsti yay günlərindən biri idi. Həyətdə çoxlu bəhai uşaq var idi. Əhbablar hər tərəfdən axışıb məclisə gəlirdilər. Onların içərisində iki gənc uşaqlara yaxınlaşıb “Allahu Əbha” deyərək uşaqların keflərini xəbər alırdılar. Sonralar bildim ki, gənclərin biri İzzəddin Əyyubov, ikincisi isə Ətaulla Qasimov idi. Allah onlara rəhmət etsin,  gözəl insan idilər...

 

Yenə də Amerikadan, İngiltərədən təbriklər göndərilirdi. Məhfil seçkilərindən sonra Mir Cəfər Bağırov (o, Azərbaycan Kommunist partiyasının rəhbəri idi) Əsadullanı yanına çağıtdırdı və ondan qəzəblə soruşur: “Sən yenə də seçildin? Uşaqlarının gələcək taleyini fikirləş!” Əsədulla cavab verir ki, bəhailərdə belə qanun yoxdur. Bu cavabdan daha da qəzəblənən Mir Cəfər qışqıraraq deyir: “Onda məclisininzi bağlayın”. Atam yenə təmkinlə cavab verir: “Biz məclisi davam etdirməyə söz vermişik, bağlaya bilmərik”.

Azərbaycan tarixinin qanlı səhifələrindən olan 1937-ci il gəlib çatmışdı. Hər tərəfdən kütləvi həbslər başlanmışdı; bütün dinlərin nümayəndələri təqib olunurdu. Bakı bəhai icması ruhani məhfildə doqquz nəfər həbs olundu. 

 

Bu vaxt məclislərdə iştirak edən təqribən iyirmi üç yaşlı İzzəddin Əyyubov Əsədulla Zərgərlinin azad edilməsi haqqında Mir Cəfər Bağırova ərizə aparır. Mir Cəfər ərizəni oxuyandan sonra deyir: “Hamı həbs olunmalıdır”, sonra İzzəddindən soruşur: “Sən də onun üçün ağlayırsan?” İzzəddin gözünün yaşını silib deyir: “Tək mən yox, hamı onun üçün ağlayır”. İzzəddin bilirdi ki, atamın zəif bədəni ikinci dəfə Sibirin dəhşətli soyuğuna davam gətirməyəcək. Doqquz nəfərdən bir nəfər – Fərəc Qasimov güllələndi. Bağbanzadə Ağadadaş vərəm xəstəliyindən vəfat etdi. Yeddi nəfər isə atamla birlikdə Sibirə göndərildi. 1939-cu ildə məhfil bağlandı. On dörd il müddətində üç nəfər sürgündən qayıtdı. Dörd nəfər isə Əsədulla Zərgərli, Məhəmməd Məhəmmədov, Məhərrəm Qasimov və Əliabbas Əliyev şəhid oldular. Yığıncaqların keçirilməsinin qadağan olunmasına baxmayaraq ziyafətlər gizli surətdə evlərdə keçirilirdi. Atam Əsədulla Zərgərli 1937-ci ildə ikinci dəfə həbs olunub səkkiz il müddətində Sibirə sürgünə göndərildikdən sonra ailəmiz həm mənəvi, həm də maddi cəhətdən çətinliyə düşdü.

 

1952-ci il idi. Sürgün edilmiş bəhailərdən üç nəfər azad edilmişdi. Onlardan biri iki dəfə atamla sürgündə olan Gəncəli Ağa Məsum idi. O, bizə gəldi və sürgün həyatından danışdı və sonra anama xəbər verdi ki, atam Əsədulla vəfat etmişdir. Anam heç cürə bu xəbərə inana bilmirdi. Həmişə onun yolunu gözləyirdi. Anam gözləri yolda, qəlbi həsrətdə yaşadı və 1995-ci ildə vəfat etdi.

Rövşənənin Xatirələri

 

4) Dördüncü Xatirə

Şəmsiyyə xanım Ələkbərova (1925-2014)

Mənim valideynlərim bəhai olublar, İrandan 1920-ci illərdə gəliblər. Babam Zeynalov Zeynalabdin, anam Züleyxa Ələkbərova və mən həmişə bəhai olmuşuq. II Dünya müharibəsi zamanı onillik məktəbi bitirdim. 1948-ci ildə Tibb İnstitutunu bitirdim. Babam rəngsaz idi və evlərdə təmir işləri aparan zaman 1906-cı ildə  bir bəhai şəkili görüb, maraqlanıb yeni dinlə və sonra qəbul edib. Hər ay babamın Hayfaya göndərdiyi pulun qəbzləri indi də durur. 

Anam Züleyxa Ələkbərova Zeynalabdın qızı, Volodarski adına tikiş fabrikində işləyirdi və Mir Cəfər Bağırov vaxtından yaxşı işlədiyinə görə deputat seçilmişdi. 1943-cü ildə onu neçə dəfə məcbur etdilər ki, Kommunist partiyasının sıralarına daxil olsun. Nə qədər çətin də olsa, həmişə imtina edirdi. 5 il SSSRİ Ali Sovetinin deputatı olub – Stalinlə, Kalininlə görüşüb. Neçə dəfə Azərbaycanın Ali Sovetinin deputatı olub.

 

Biz 3 bacı bəhai olmuşuq (Nuriyyə və Şərqiyyə). Uşaq vaxtı əxlaq dərslərinə - müsafirxanaya gedərdik. Müqəddəs Yazılar və münacat öyrənirdik. 

 

1937-ci ildə Fərəc əmi (Qasimov) və Əsədulla əmini tutub, apardılar. Dadaş əmini isə xəstə-xəstə tutdular.  1948-1951-ci illərdə Gəncədə (o zaman Kirovabad)  həkim işlədim. Bu illərdə Xədicə xanımın qızı Ruhiyyə xanımgildə qalırdım. İndi də onun qızları Kəmalə xanım (Gəncədə), Səltənət xanımla (Bakıda) böyük məmnuniyyətlə görüşürük.

 

Azərbaycanın məşhur qəzəlxan şairi Əbdül Xaliq Yusif ilk bəhailərdən olub. O, mənim həyat yoldaşım Yaqubov Səfa Camal oğlunun babası olub. Onun da valideynləri bəhai olublar. Bu yaxınlarda Əbdül Xaliq Yusifin 145 illik yubileyi Bakıda təntənə ilə qeyd edildi. 

 

Çətin və qorxulu vaxtlarda bəhai məclisləri keçirirdik. Evimizdə, əsasən də Bilqeyis xalagildə bayramlar təşkil olunurdu. Müqəddəs Günlər qeyd edilirdi.

Şəmsiyyənin Xatirələri

 

5) Beşinci Xatirə

Ağanəcəf Ağayev ( 1940 – 2008)

Əmim Məmmədtağı Ağazadə Bəhai Dini ilə İranda 1936-cı ildə tanış olub. 1940-cı ildə İbrahim atamı təbliğ edib. O vaxtlar 1940 -1949-cu illərdə atam Bərdədə qalıb, oranın bəhailəri ilə sıx əlaqələrimiz olub. Bərdədən Musa dayı və onun ailə üzvləri ilə ən çox əlaqələrimiz olub. Sonra 1945-ci ildə müvəqqəti Ağcabədidə yaşayan İzzəddin Əyyubov və atası Məşədi Hüseynlə tanış olublar. 

Atam Məşədi Dadaş tarixi yaxşı bilirdi. 1937-ci il tarixini yazıb.1936-cı ildə Dövlət orqanları tərəfindən bəhailərin siyahısı tələb edilir və 1937-ci ildə həbslər başlayır- 38 nəfərin adı var. Birinci Məhfil tutulandan sonra ikinci Məhfil onun yerini tutur.

Bəhai Rübabə xanımın qızı İzzət Orucova  (gələcəyin böyük - kimyaçı alimi, akademiki) “Sevil” kino-filminə baş qəhrəman rolunda çəkilir. Munis və Fuad Orucovlar (arxitektor) indi də xatırlanırlar.

Həmişə çətin dövrlər olub, yalnız təziyə məclislərində Bəhai Dinindən bir qədər söhbət açmaq olardı.  Amma din adamlarından bəziləri Bəhai Dinindən yaxşı xəbərdar idilər. Bir dəfə, təqribən 1960-cı ildə Təzə Pir məscidində Molla Nəcəfqulu məclisdəki səs-küyün qarşısını ala bilməyəndə “gedin, nizam-intizamı bəhailərdən öyrənin” demişdi.

1957-63-cü illərdə Bəhiyyə xanım bir-neçə dəfə qohumları (bacı-qardaşları) ilə görüşmək məqsədi ilə İranda olmuşdu. Sonra onun bacısı Tahirə xanım da Bakıya gəlmişdi. Bu o vaxtlar bəhai dünyası ilə bizim yeganə əlaqə idi.

1953-cü ildən 1982-ci ilə qədər Məhfilə seçkilər keçirilməmişdi, üzvlər təyin olunurdular. 1982-ci ildə Əsədova Səriyyə xanımı, İsmulla Qasimovu və İzzəddin Əyyubovu KQB –yə çağıtdırıb, sorğu –suala tuturlar.

16 dekabr 1990-cı ildə Bakıda bəhailər yenidən toplaşıb, Məhfilə seçkilər keçirirlər. Sonra Dini İşlər İdarəsinə qeydiyyat üçün müraciət edilir.

Ağanəcəfin Xatirələri

 

6) Altıncı Xatirə

Bəylər Sultan oğlunun (1925–2002)

 

Atam Dağlı Sultan kimi məşhur idi.  Ulu babam Hacı Məhəmməd Qubada Fətəli xanla birgə vuruşmalarda iştirak edib. Hacı Məhəmmədin oğlu Haşım Xızının 7-ci axundu olub– məşhur coğrafiyaşünas alim, akademik Gülün (Güləhmədovun) atası.

Əli Məhəmməd adlı bir nəfər Babi təqribən 1860-cı ildə İrandan – Şirazdan Şamaxıya gəlib. 4 həftə ərzində məclislərdə iştirak edib. Molla Məhəmməd Hüseyn babiliyi qəbul edib, ona görə də oradan qovulub, Xızıya gəlib.  Onun vasitəsilə Ağa Bəy və Molla Qədir (Əbdül Qədir) Bəhai Dinini qəbul ediblər. (Sonuncu Azərbaycanın məşhur  şairi Mikayıl Müşviqin atası olub). Onlar hamını təbliğ ediblər, o cümlədən Əli Raqibi.

 

Həzrət Əbdül-Bəha Abbas vaxtı ilə atam haqqında bəzi şeylər yazmışdır. 1988-ci ildə atam Soltan Aşqabadda Hacı Məhəmməd Rza və dostu ilə birgə fanatik-müsəlmanların hücumuna məruz qalıblar. O zaman “halaldır”deyə həmin dostunu öldürməyə və atamın qolunu sındırmağa müvəffəq olublar.  Bu münasibətlə 6 nəfərə 15 il iş verilib. Amma maraqlısı odur ki, bəhailər “nadandırlar” deyib, onların azad edilməsini məhkəmədən xahiş ediblər.  Buna oxşar hadisə Qafqazda – Mahaçkalada da baş vermişdi: 8 nəfər düşüb onun üstünə ki, öldürsünlər, amma yaralayıblar onu. Özünü müdafiə edərkən kimisə yaraladığından atama 5 il iş veriblər. Mirzə Qədir - Mikayıl Müşviqin atası, Ağa Bəy və südçü Ağa Dadaş əmi  (Xızıdan) həmişə deyərdilər ki, əgər Soltan olmasaydı onlara sataşardılar. Axı onlara sataşanlara Soltan yumruqla cavab verərdi. 1905-ci ildə qoçular atama 1 pıçaq və 2 güllə vurublar.

Bəhailər belə çətinliklərə baxmayaraq yenə də bəhai icma həyat tərzini yaşatmaqda idilər. 1934-cü ildə Müsafirxananın zirzəmisində dərsi-əxlaq üçün 100-əyaxın uşaq yerləşərdi. Məşədi –Kəbleyi Kazım Güləhmədovu Qarabağa Qubernator göndərmək istəyirdilər, amma o, imtina etdi. Gəncə bəhailəri ilə əlaqələrimiz çox yaxın idi. Mehdi əmi tez-tez Bakıya gələrdi. Həmçinin Asəf əmi, Miri, Möhsimağa –İslamın (Əsədov) atası (Səriyyə xanımın həyat yoldaşı) və Nüsrət  Ağamalı oğlu Dunyamaliev  Bərdədən. O, Bərdədə Bəhai dininin tarixini yazmışdı.

 

Əhsən Dadaşovun atası Əli Abbas -Bakıdan, Əbdül Səccah –Balaxanıdan və s. qəhrəman idilər, çünki sataşanlardan qorxmurdular. Müsafirxana bağlananda oradakı şəkilləri atam götürmüşdü, biz evimizdə saxladıq. İndiki Bəhai Mərkəzindəki fonunda divar kağızı olan şəkil və s. Yadımdadır, Məşədi Həsənin oğlu İsminin başına nə oyun açdılar...

 

Şəkidən İzzəddinin (Əyyubov) əmiləri bizə tez-tez gəlirdilər -Hüseyn, Heydər və Musa Əyyubovlar, Musanın qızı Gülsüm (Svetanın anası). Anam qeyri-bəhai olsa da, atam rəhmətə gedərkən Şeyxül-İslam Əlizadə molla idi və məclis əhlinə müraciət edib, demişdi “Həyat yoldaşım bəhaidir, odur ki, məclis bəhai qanununa uyğun aparılacaqdır. Kim istəyirsə - qalsın, kim istəyirsə gedə bilər”.   Ədliyyə Naziri Əmrulla Səmədzadə də qonaqların arasında idi. Yeganə bəhai idi ki, 1934-cü ildə qəbir daşı üzərində, bəhai rəmzi olan “9” rəqəmi yazılmışdı. 

 

1957-ci ildə KQB əməkdaşları bacım Nəcibə Allahverdiyevaya sual veriblər ki,  “bəhaisən ?” “bəhailiklə məşğulsunuz?” və 1 gün saxlayıblar KQB-də. “Bizə işləyin” deyə təklif ediblər. Bizi həmişə güdüblər.Məktəbdə müəllimə işləyən bacım isə “Qoyun dərisi geyinmiş canavar ola bilmərəm” söyləmişdi. “Əgər tərbiyə işinə yaramıramsa, məni işdən azad edin” demişdi. 

Nəcibə xanım sonralar 1990-cı ildə Bakı və Milli məhfillərin üzvi seçilib, Bəhai Dininə xidmət etmişdi. Fars dilində səlis oxuduğu dualar və belə mətinləri araşdırmaq qabiliyyəti, ərk edib, bəzən ağbirçəkliyi hesabına müşkül məsələləri müvəffəqiyyətlə həll edə bilirdi. (S.Ə.)

Bəylərin Xatirələri

7) Yeddinci Xatirə

Səriyyə xanım Əsədova (1925–2002)

 

Mən 1945-ci ildə Bəhai Dinini qəbul etmişəm. Həyat yoldaşımın atası Mirzə əmi Rza oğlu Gəncədən idi. Onu Gəncədə babi olduğu üçün döyüblər. Gəncənin məşhur şairi Əli Şövqi ilə dost olublar. 

Bəhai ədəbiyyatını və Müqəddəs Yazıları çap etmək mümkün olmadığından həyat yoldaşım İslam Əsədov (o, mühəndis idi) əl ilə yazılmış münacat bloknotlarını, demək olardı ki, bütün bəhailərə hədiyyə etmişdi. Sonradan o, Bakı Məhfilinə üzv seçilmişdir. Bacısı Səmayə xanım Qazaxda yaşayırdı. KQB  məni 1982-ci ildə uzun sorğu-suala tutduqdan sonra “məclislərə yığışmayın” göstərişini vermişdilər.

Səriyyənin Xatirələri

8) Səkkizinci Xatirə

Səidə İsmayıl qızı  Sadiqi (1940-2016)

 

Mənim ana tərəfdən babam  (1862-1942) Cənubi Azərbaycandan idi. O müsəlmandı, İranda vəba epidemiyası zamanı ata və anasını itirmişdi və Gəncəyə gəlmişdi. Gəncədə bir müsəlman kimi ona hörmət edirdilər. Mollaların dediyinə görə, o babilərə (bəhailərə) çox pis münasibət bəsləyirdi. Yaşca ondan xeyli böyük, lakin yaxın tanışı olan bir nəfər bəhailər haqqında ona yaxşı danışır. Babam Bəhai dini haqqında kitablarla tanış olur və Bəhai dinini qəbul edir. Bundan sonra ona qarşı təzyiqlər başlayır – onu alçaldır, təhqir edir və fiziki təzyiq göstərirlər. 

Ana tərəfdən nənəm  Xavər xanım (1877-1957) əslən İrandan idi, Gəncədə zəngin və təhsilli bir  ailədə doğulmuşdu. Ermənilər Gəncədə azərbaycanlıları qətliyam edəndə ata və anasını, ailələri ilə birlikdə dörd qardaşını itirmişdi. Bəhai dinini babamla birlikdə qəbul etmişdi və sonra onlar Tiflisə köçmüşdülər. Yəqin ki, onları mübəlliğ kimi oraya göndərmişdilər.  Tiflisdə mənim anam, xalam və dayım doğulmuşdular. Anam Qürrətüleyn Sadiqi İrandan gəlmiş İsmayılla ailə qurmuşdu. Onları mübəlliğ ağa İnayət nişanlamışdı. Xalam Bəhiyyənin  uşaqları yox idi.

Səidənin Xatirələri

Şəkildə: Tiflis Bəhailəri. I sıra əyləşənlər: Soldan ikinci – Məhəmmədəli Əliyev (Səidə xanımın babası); soldan üçüncü – İranlı mühacir İnayət ağa; dördüncü – İsmayıl Əhməd oğlu Sadiqi, Səidə xanımın atası). II sıra (ayaq üstə) soldan birinci – Əli Əliyev (Səidə xanımın dayısı); üçüncü – Əliqulu əmi.

Soldan sağa, uşaqlar da daxil olmaqla, I-ci sıra durumş: 5 və 6 - Xavər xanım və Əliqulu əmi, 8 - İsmail, 9 - Əbülfəz, 10 - Mənsturə, II-ci sıra: 3 - Əlilamşah, 4 - Məsim, 5 - Zəbərcət, 6 - Hacı, 7 - Rovşən, III-ci sıra: 2 - Fərrux, 3 - Hidayət, 4- Siddiqə, 5 - Alya, 6- Bəhaəddin, 7 - Camal, 8 - Səlim

Tiflis Bəhailəri Sağdan 1-ci Əliqulu əmi və xanımı Xavər xanım

 

Dayım bəhai olduğu üçün 1941-ci ildə Tiflisdən Türkmənistana sürgün edilmişdi. Tiflisdə o, məktəb direktoru işləyirdi, lakin ixtisasca aqronom idi. Təxminən 1946-cı ildə sürgündən azad olunmuşdu, tarlanı məhv olmaqdan qoruduğu üçün onu azad etmişdilər. Dayımın bir oğlu -  Rizvan və iki qızı  - Ziyafət və Dünya vardı. Ziyafət vəfat edib, bir qızı İtaliyadaddır.  Dünya  da dünyasını dəyişib. Oğlu Əli və qızı Sevinc hazırda Bakıda yaşayırlar. Mənimsə dörd qardaşım var, üçü dünyasını dəyişib, Bəhyəddin isə Bakıda yaşayır.    

    

Babam Tiflisdə Bəhai işini davam etdirirdi. Onun yanına müxtəlif yerlərdən qonaqlar və mühacirlər gəlirdi. O, evində 19 Gün ziyafətləri keçirirdi. Ziyafətlərdə Bakıda da tanınan Qulam əmi (Həqiqət Kəşkulinin atası) və Əliqulu əmi də iştirak edirdilər.

Tiflis və Gəncə bəhailəri Gəncədə 1949-cu il

Soldan sağa, uşaqlar da daxil olmaqla (IIşəkil)  1927-ci il   I-ci sıra: 10 – Əli, II-ci sıra: 4- Qurrəətüleyn, 5- Məhəmmədəli, 6- Bahəddin (uşaq), 10 - Tahirə, 11 - Xavər, 12 - Rovşən (uşaq)

Mən özüm Bakıya gəldim və Bəhailəri axtardım. Lakin onları tapmaqda çətinlik çəkdim. Bir dəfə kömək üçün dua edib həzrət Əbdül-Bəhaya müraciət etdim və təsadüfən gözlənilməz bir şəraitdə Minə Xanımla (Səlahəddin Əyyubovun anası)  tanış oldum.* [Bu hadisə Kəlbəcərdə İstisu kurortunda 1980-ci illərin əvvəllərində baş verib. Bir nəfər anama onunla bir otaqda qəribə bir qızın yaşadığını söyləyir. “Bu qız bütün günü nəinki Hz.Məhəmməddən, həm də diğər peyğəmbərlərdən ürək dolu sevgi ilə danışır”. Anam həmin gün müalicəsini bitirib, Bakıya qayıdırmış. Bunu eşidən kimi “bu qız bəhaidir” və “tez məni onunla tanış edin” söyləmişdi. O, artıq avtobusa minmək üzrə idi. Onu ötürməyə gələn rəfiqəsi tez qaçıb, Səidə xanımı anamla görüşə dəvət edir. Onlar görüşəndə anam Minaxanım əlini ona uzadıb, “Allau-Əbha” söyləyir və eyni cavabı eşitdikdən sonra qucaqlaşıb-öpüşürlər. Onları tanış edən qadın isə təəccüblə: “Bunlar hələ tanış olmamış belə qucaqlaşıb-öpüşürlər ki” deyir. Telefon nömrəsini artıq avtobusda olarkən pəncərədən ona söyləmışdi. O, gündən Səidə xanım bizim evin ən əziz qonaqlarından birinə çevrilir (S.Ə.).]

Babamın arxivi cənab Abbas Katarainin (o zamanlar müşavir idi) vasitəsilə Gürcüstan Bəhailəri Milli Ruhani Məhfilinə təqdim edilmişdir və bu  barədə Gürcüstan icmasının “Novaya Era” bülletenində (Bülletenin tarixi: oktyabr-noyabr 1999) “Dinin tarixi” adı altında məlumat dərc edilmişdir. 

 

9) Doqquzuncu Xatirə

Həqiqət xanım Kəşkuli Qulam qızı (1934–2010)

Tiflisdə, əsasən azərbaycanlılardan ibarət böyük bəhai icması var idi. Gürcü millətindən bir qadın –Keto öz oğlu ilə gələrdi. Qeydiyyatdan keçmiş Tiflis Bəhailərinin Ruhani Məhfili fəaliyyət göstərirdi (bizim evdə saxlanılan  Kitab-i-Əqdəsdə onun möhürü vurulmuşdu). Adi icmalar kimi öz icma fəaliyyətini həyata keçirirdi. Əbülfəz, İsmayıl dayı (və daha 3 bəhainin adı video-yazıda verilir) ilə tez-tez görüşərdik.  Əxlaq dərslərini əsasən Səidə xanımın atası İsmayıl aparırdı. Biz müxtəlif dərnəklərdə məşğul idik. Bakı və yaxın olduğu üçün əsasən də, Gəncə bəhailəri ilə sıx əlaqələrimiz var idi. Gəncədən Məsum əmi (Qasimov), Salman əmi (Əhmədov), Cəlil əmi, Zəbərcat xala və Bakıdan Bala Ağa əmi, Kubra xala  və Bəhaəddin (Orucovlar) gəlirdilər. Bəhai qanunlarına uyğun Tiflisdə rəhmətə gedən bəhailər tabutda dəfn olunurdular. 1950-ci ildə Bəhailərin əksəriyyətini Tiflisdən Qazaxıstan sürgün etdilər. 6 il qapalı saxlanıldıq – 5 kilometrlik hərəkat zonası məhdudiyyəti qoyulmuşdu. Əks təqdirdə bizi daha uzaqlara sürgün gözləyirdi. Böyük və dəhşətli məhrumiyyətlərlə yaşadıq. Yeganə təsəllimiz Aşqabaddan sürgün olunmuş bəhailərlə (5 bəhainin adı video-yazıda verilir) təsadüfən aeroportda tanış olub, dostlaşmağımız olmuşdu.

1956-cı ildə bizi sürgündən azad etdilər. Ailəmizin bəzi üzvləri ilə 1964-cü ildə Bakıya qayıtdım. Qardaşlarım və oğulları Rizvan və İsa indi də Qazaxıstan yaşayırlar və 20 ildir ki, yerli bəhailərlə əlaqə saxlayırlar. 1963-cü ildə bacım Hekayətin (alman dili müəlliməsidir) həyat yoldaşı Rasim Cəlilov Hz.Bəhaullahın Öz Missiyasını  elan etməsinin 100 illiyi ilə əlaqədar evlərində böyük bayram keçirmişdilər. Nəsrullah dayı, Qafar əmi, Səfurə xala və başqaları Bakı bəhailəri ilə sıx əlaqələrimiz yarandı. Atam Qulam Kəşkuli əslən İrandan, Təbrizdən, Üsküdən idi. O, həmişə qorxa-qorxa,  Hz. Bəhaullahın adını çəkmədən Onun Sözlərini deyirdi. Həmişə İrana – öz qohumlarının (qeyri-bəhai idilər) yanına qayıtmaq arzusu ilə yaşayırdı. O, 1978-ci ildə rəhmətə getdi. 

İzzəddin Əyyubovun 1990-cı ildə qeydiyyat üçün tərtib etdiyi siyahıya ilk qol çəkənlərdən biri mən oldum.

 

Tiflis və Azərbaycan bəhailəri ilə birgə çəkilmiş fotoda: Əli qulu əmi, qardaşı Hüseyn, İsmayıl və Rövşən, Fərəculla (Gəncədən Tahirə xanımın atası), Fatma, Həsənqulu, Səidə xanım və atası (20 nəfərin şəkili vardır).  Qulam əmi, Hidayət və Məmməd qardaşları, Maaşallah əmi (müharibədən ayıtmadı) və qardaşı Əbülfəz əmi. 1948-ci il Tiflis fotosunda Bəhaəddin və Siddiqə, Fərrux, Camal, Mobil Əhmədov...* [Həqiqət xanımın oğlu Əli Kəşkuli Bəhaidir, hal-hazırda ailəsi ilə birgə Moskvada yaşayırlar. O  tibb elmləri doktoru, professor, cərrahdır. (S.Ə.)]

Həqiqətin Xatirələri

 

10) Onuncu Xatirə

Siddiqə xanım Əliqulu qızının (1930–2008)

 

Tiflisdə 7 bəhai ailəsi yaşayırdı. İrandan gələn müctəhid anamın yanında dəfn edilib. Bəhailəri 1938-ci ildən başlayaraq sürgünə göndəriblər – Əhməd əmini (Dora xanımın həyat yoldaşı) Qazaxıstana. Tiflis icması bəhai qanunları ilə həyat tərzi sürürdü. 1945 -48-ci illərdə dərsi-əxlaq keçirdik. Dərslərə gürcü Ketonun oğlu Rövşən də gəlirdi. Atam Əliquludan başqa hamı Molla əmi, Şücaət xanım və başqaları Qazaxıstana sürgün olundular. Atam1954-cü və ailəmiz 1962-ci ildə Bakıya köçüb. İstehsalla məşğul olurdu, sexləri var idi. Qazaxıstana sürgün olunan 36 bəhaiyə hər ay pul və Qulam əmiyə dəzgah göndərib. Qazandığının 19%-ni fondlara xərcləyirdi. 1963-cü ildə  bacımın qaynatası Südçü Ağa Dadaş əmi ilə birgə Qazaxıstandan təzə gəlmiş Hekayət və Rasimgildə   Hz.Bəhaullahın missiyasının 100 illiyini böyük bayramda qeyd etdik.

Siddiqənin Xatirələri

 

11) On-birinci Xatirə

Mərziyyə xanım Rzayeva (1934-  )

 

Balaxanıda böyük bəhai icması var idi. Əhalisi əksərən fars dilli olduğundan bəzi Müqəddəs Yazıları - orijinal ədəbiyyatı geniş yayılırdı. İlk bəhailərdən olan Kəbleyi İmran anamın dayısı olub. Anam, Ağabacı xanım, 1901-ci il təvəllüdlü idi. 1917-ci ildə bəhai olub. Qardaşlarım Sabir və Tofiq, bacım Şövkət və mən bəhai idik. Atam bəhai olmayıb. Balaxanıdakı indiki köhnə poçt bizim müsafirxanamız olub. Əxlaq dərsləri orada keçirilirdi. Stalin repressiyası zamanı müsadirə olunub. 1937-ci ildə, həyat yoldaşım Fuadın qohumu, Hüseyn dayı şəhid olub. NKVD Kərim dayını tutmaq üçün gələndə Hüseyn onu xilas etmək məqsədi ilə özünü tutdurub şəhidlik zirvəsinə ucalmışdır. (S.Ə. - bu Bakıdakı Dadaşovların ailəsindəki  hadisənin təkrarı idi). 1941-43-cü illərdə bəhailər xəlvət yığışardılar. Fuadın anası da məclislərə gedirdi. Onun Mirzə Ələkbər Sabirin Balaxanıda sabun bişirməklə məşğul olduğunu, bəhai olmasını və məclislərdə iştirak etməsini mənə dəfələrlə söyləmişdi. 

Qardaşım Sabir Azərbaycanın güləş üzrə çempionu olmuş və Moskvada Boks üzrə qızıl medal qazanmışdı. İndi Azərbaycan Prezidenti onu “Tərəqqi” medalı ilə təltif etmişdir. 

Bakı bəhailəri ilə sıx əlaqələrimiz olub. Çətin vaxtlarda Qafar əmi hər ay Bakıdan Məhfilin maddi köməyini, 250 rubl miqdarında, qışda belə yağış olmasından asılı olmayaraq, müntəzəm surətdə gətirirdi.

Mərziyyənin Xatirələri

 

12) On-İkinci Xatirə

Bəhaizadələrdən biri (Çox güman ki, Orucovlardandır)

Əli Naxçivaninin qohumları Orucovlar o zaman Bakıda yaşayırdılar.  “Лев Толстой и Восток” kitabında Ümumdünya Ədalət Evinin 40 ilə qədər üzvi olmuş Əli Naxçivaninin atası Mirzə Əli Əkbər Naxçivani haqda və onların müntəzəm yazışmaları barədə göstərilib. Tama Orucovanın həyat yoldaşı Nüsrət bəhai kitablarını apardı,  qoruyub, saxladı. İzzət Orucova (gələcəyin akademiki) AzSİ-də (Azərbaycan Sənaye İnstitutunda) oxuyarkən Cəfər Cabbarlı onu görüb, sonra evlərinə qədər gizli müşaiət edib, evlərinə gedərək atasından,  çətinliklə də olsa, icazə ala bilib və Sevil kino-filmində Sevil rolunda çəkmişdir. Sonralar Almaz rolunu da ifa etmişdir. “Səbuhi” filmində isə baş rola - Leyla xanım qəbul edilib. Bəhai dünya icmasında əhəmiyyətli statusu olan Əli Naxçivaninin Sovet illərində axtarılıb, tapılması isə (Nəbi Xəzri xaricdə olarkən, arxitektor Münib Orucovun həyat yoldaşı Rəfiqə xanım və oğlunun xahişi ilə) inanılmaz bir iş idi. 

Rübabə xanımın öz qızıllarını Aşqabadda Bəhai məbədinin tikilməsi üçün ora göndərib və qızı İzzət Orucova da bəhai fondlarında iştirak edib. Oğlum Bakıda Müsafirxanaya, amma artıq müsadirə olunduqdan sonra, uşaq bağçasına gedib...

Orucovun Xatirələri

 

13) On Üçüncü Xatirə 

Qürrətüleyn Maqsudova (1941-  ) 

Balaxanı Bəhailəri haqda

 

Bu hadisələrin bir qismini anam Məşədi Nənəxanımdan, bir qismini isə  bibim Bəqihə xanımdan eşitmişəm. Bəzilərinin isə şahidi və iştirakçısıyam.

Anamın və bibimin “Düşmən bizi daş ilə, biz düşməni aş ilə” ifadəsi ilə dedikləri həmişə yadıma düşür. Mən bu sözləri yaddaşıma həkk etmişəm. Bir də deyirdilər ki,  Allah insana gülüş qismət edib. Bir heyvan görmüsünüz ki, gülsün? Onlar instinktlə yaşayır və heç nəyi dəyişmək iqtidarında deyillər. Məsələn, arı bal çəkməlidir, qurd parçalamalıdır və s. Ancaq insana şüur verilib, o, dünyanı vəhşiliklərdən qorumalıdır, axı `bütün insanlar bir ağacın budağı, bir budağın yarpaqlarıdırlar`. 

Bəquhə xanım danışırdı ki, 1914-cü ildə əmisi oğlu Kərbəlayi İmran Kərim Hüseyn oğlu Cəfərov Kərbəlaya ziyarətə gedibmiş. Yolda bir bəhainin Sahib-əz-Zaman haqqında danışdığını eşidir. Bu maraq onu Hayfa (Fələstinə) şəhərinə aparır. Orada o, Həzrət Əbdül-Bəha ilə görüşür, hətta onunla şəkil də çəkdirir. Yeni qurulmaqda olan ibadətgahın (yəqin ki, Həzrət Babın Məqamı nəzərdə tutulur- redaktor) xəzinəsinə barmaqlarındakı üzükləri ianə edir. Bibim danışırdı ki, üzüyün orta qaşı qara brilyant, çevrəsi isə 35 qaşlı ağ brilyantdan işlənmişdi. Kərbəlayi İmran ziyarətdən qayıdandan sonra bəhai dinini Balaxınıdan olan milyonçulara təbliğ etməyə başlayır. Bunların arasında milyonçu Kamran, Hacı Nadir, Hacı Xanəhməd, Hacı Güləhməd, Əbülfəz İsayev və başqaları olub. Bundan sonra babam Əmirxəlil Hacı Bəhmən oğlu dostu Ağayi Vəhab Hayfaya ziyarətə gedirlər. Elə bu vaxt Həzrət Əbdül-Bəha xəbər veribmiş ki, Azərbaycandan iki nəfər ziyarətə gələcək. Vaxt yetişəndə babam Əmirxəlil hacı Bəhmən oğlu və dostu Ağayi Vəhab Müqəddsəs Torpaqda Həzrət Əbdül-Bəhanın hüzuruna müşərrəf olurlar. Həzrət Əbdül-Bəha onları çox xoş qarşılayır və mənalı bir  təbəssümlə onlara deyir: “Siz Balaxanıya çatarkən sizi gözəl müjdə gözləyəcək.. Hər ikinizin qız övladlarınız dünyaya gələcək. Ona görə də sizə mən iki ad bağışlamaq istəyirəm. Babam Əmirxəlilə öz qızına Qürrətüleyn adını, Ağayi Vəhaba isə qızına Nurrulleyn adlarını verməyi tövsiyə edir. Sonralar bibimə verilmiş bu ad mənə də - Cəfərova Qürrətüleyn Bəhmən qızına verilmişdir və mən bu adla qürur duyuram. 

1921-ci ildə Balaxanıda bizim evdə bəhailər üçün müsafirxana təşkil olunur və burada 19 Gün Ziyafətləri keçirilirdi. Bu ziyafətlər müharibə illərinə qədər davam etmişdi. 

Bibim deyirdi ki, Həzrət Əbdül-Bəhanın şəklini evlərinizdən asın, onun xüsusi gücü var və o sizi qoruyacaq. Xüsusilə də, Onun cavanlıq şəklini çox tövsiyə edirdi və hətta bunun öz həyatında  şahidi olduğunu söyləyirdi. Deyirdi ki, bəhai Əl-Cabbar üçün hərbi çağırış gəlir. O, bərk xəstə olur və çağırış məntəqəsinə gedə bilmir. Həyat yoldaşı Həbiyyə xanım da doğum evindən yenicə qayıdıbmış. Qeyd edim ki, Balaxanıda Bəhai dini yayılandan sonra Bəhailər evlənəndə, ancaq bəhai ilə evlənirdilər. Həmin evdə də Həzrət Əbdül-Bəhanın gənclik şəkli asılıbmış. Cabbar papiros çəkirmiş, hərbi komissarlıqdan bir nəfər qapını döyür. Bu zaman Cabbar yatağında olur . Həbiyyə xanım isə həmin otağa keçib uşağa süd verir. Hərbçi evə daxil olur və uşağa süd verən anadan başqa kimsəni görmür və deyir: “Otaqda uşaqlı qadından başqa heç kəs yoxdur.” Halbuki otağı tüstü basmışdı. Hərbçi gedəndən sonra evdəkilər çaş-baş qalırlar ki, necə oldu ki, hərbçi tüstünü görmədi. Siqaret iyini hiss etmədi. Cabbar yataqdan qalxır və Həzrət Əbdül-Bəhanın şəklini o ki var öpür və deyir: “Həzrət Əbdül-Bəhanın ruhu məni xilas etdi.”

Daha bir tarixçə də budur ki, bizim ondan xəbərimiz olmamışdı. 1992-ci ildə əslən Balaxanıdan olan bəhai Mərziyyə xanım xoş bir təsadüf nəticəsində Ağa Vahid Xazi ilə görüşür (o, əslən Azərbaycandandır, amma ABŞ-da yaşayır),  ona Balaxanıya getməyi məsləhət görür və deyir ki, orada bəlkə də 3000-ə qədər bəhai yaşayır və bizim ailəni nişan verir. O, bizə gəldi, Bəhai dininin indiki İsraildəki mərkəzindən məlumatı var idi ki, Balaxanıda Əmirxəlil Hacı Bəhmən oğlu vaxtilə böyük şücaətlər göstərib. Əmirxəlil haqqındakı hekayələrdən biri budur:

1916-cı ildə İrandan gələn bir axund Balaxanı camaatını bir meydana yığır  və deyir ki, bəhailər öz qızlarına çarşab örtməyə icazə vermirlər. Onlar qızlarını oxutdurur, məktəbə göndərirlər və bu, bizim uşaqlarımıza pis təsir edir. Babam Əmirxəlil bəhai dininə ləkə atıldığı üçün buna dözmür və tapançanı çıxarıb mübahisəyə qoşulur...  Sonralar Həzrət Əbdül-Bəha ona qızı ilə birlikdə Türkmənistana getməyi məsləhət görür. O, Türkmənistanda bir qədər yaşayır, orada dükan açır. Bu hekayəni mənim qızım Mahilə Hayfaya ziyarətə  gedəndə yazılı şəkildə özü ilə götürmüşdü. Əmrin Əli Ağayi Vərqa ondan soruşur ki, Balaxanılı Əmir Xəlilin nəvələrindən kim gəlib? Mahilə ona yaxınlaşır və özünü təqdim edir ki,  o Əmir Xəlilin nəticəsidir. Ağayı Vərqa Balaxanıdakı hadisə ilə əlaqədar Həzrət Əbdül-Bəhanın yazdığı Lövhü Mahiləyə verir. Həmin Lövh bizim icmaya verilmiş ən böyük hədiyyə kimi bizdə saxlanılır. 

1966-cı ildə qaynanam Nəcibə xanım qaynatamla birlikdə mənimlə həyat yoldaşım Vaqifin kəbin kağızını yazdıqmaq üçün Maştağaya gedirlər. Axund Xalıq kəbin kağızı yazmaq istəmir. Soruşanda niyə yazmırsan, deyir ki, qızın adı Qürrətüleyndir, bu qız bəhailərdəndir. Mənim isə onların kəbinini kəsməyə ixtiyarım yoxdur.  Bəhailərin öz kəbinkəsmə qanunları var. Axırda qaynanam çarəsiz qalıb bacısının yanına gedir. Onun həyat yoldaşı Maştağanın mötəbər adamlarından biri idi.  Onun xahişi ilə mənimlə Vaqifin kəbin kağızını gizlicə yazıb verir və axırda da deyir ki, Allah mənim günahımdan keçsin. 

Bir dəfə anam Məşədi Nənəxanımın atası Məşədi Sərxan evə çox gözəl bir əhval-ruhiyyə ilə qayıdır. Nənəm Məşədi Məhbubə ondan soruşur: “Ay Məşədi Sərxan, keyfin yaman kökdür!” Məşədi Sərxan cavab verir: “Bu gün Molla Xalıqı yerinə oturtdum. Dedim qızları niyə oxutdurmağa qoymursunuz? Niyə Bəhaiyyətə qarşı çıxırsan? Niyə demirsən ki, Sahib-əz-Zaman zühur edib? Molla Xalıq dedi: “Ay Məşədi Sərxan, qoyarsan, biz də bir parça çörək yeyək.”

1992-ci ilə qədər Balaxanıda Ziyafətlər gizli keçirilir və hər dəfə də bir bəhainin evində təşkil olunurdu. Hətta zirzəmilərdə belə keçirilirdi. Rəhmətlik anam Məşədi Nənəxanım  mart ayında il təhvil olanda həmişə deyərdi ki, bizim yeni ilimiz martın 20-də Novruz Bayramıdır. Heç vaxt açıqlamazdı ki, uşaqlar ağızlarından bir söz qaçırarlar. 

1995-ci il 26 sentyabrda o zaman Ümumdünya Ədalət Evinin üzvü olan cənab Əli Naxçıvani Balaxanıya gəldi və bizim ailəmizlə görüşdü. Bizdə bir şəkil gördü və dediyinə görə, bu şəkli heç vaxt görməmişdi. Bu onun atası Mirzə Əli Əkbər Naxçıvaninin Balaxanı bəhailəri arasında çəkilmiş şəkli idi və biz bu şəkli ona hədiyyə etdik. O, dedi: “Mən bu şəkli ömrüm boyu axtarmışam və bu şəkil həm də Balaxanı bəhailərinin fəaliyyətini təsdiq edir. Bu mənim sevincimə səbəb oldu, Ədalət Evini də sevindirəcəkdir.” Balaxanıda böyük bir qəbiristanlıq var və orada çoxlu bəhailər dəfn olnmuşlar. Biz Cənab Naxçıvani ilə oranı ziyarət etdik və bəhailərin qəbirlərinin hasar daşları üzərində Tahirə Qürrətüleynin şerlərinin həkk edildiyini gördük.  O, şeirləri oxudu və dedi: ”Bu, doğrudan da, Balaxanı bəhailərinin canlı tarixidir.”

Qürrətüleynin Xatirələri

P.S. Əslən Balaxanıdan olan həmkarım Səbinə Nağıyevanın təsadüfən aşkarladığı şəkildəki İsmi-Əzəmdən ailələrinin bəhai olduğunu bu yaxınlarda öyrənmişdi. 

Həcər xanım (nənə) başda olmaqla Cəbiyev və Kərimovlar ailəsi. Onun yanında yaşlı qız Ziba-xanım, aşağı cərgədə uşaqlar: Pikə - xanım, Abbas, Ağahüseyn, Xanım (? Dostı –xanım), iki az yaşlı oğlan uşağı Kərim və Məmmədhuesyn - I cərgədə aşağıdan sağdan I onun (gələcəkdə) babasıdır. 

Tahirə Kəşani

 

14) On-Dördüncü Xatirə

Tahirə Kəşani Hacı Fərəculla Qızı (1936- )

Gəncə, İyul 2015

Hörmətli Səlahəddin, Allahu-Əbha!

O vaxt siz məndən qədim Gəncə bəhailərinin siyahısını və onların tarixini ki, hansi illərdə dini qəbul eləyiblər, məndən yazılı surətdə Sizə göndərməyimi xahiş etmişdiniz. Ancaq siz istədiyiniz vaxtda bunları mən sizə yazıb göndərə bilmədiyim üçün  üzrlü hesab edin. Çünki, o vaxt biz köç ərəfəsindəydik. İndi isə keçmiş Gəncə bəhailərinin  neçənci illərdə dini qəbul elədiklərini təxminən Sizə yazıb göndərirəm.

Ağa Məsum bizə qohum olduğu üçün onu dəqiq  deyə bilərəmki, 1906-cı ildə dini qəbul eləyib. Həm də o Hz. Əbdül Bəhanın ziyarətində olub. Bir il orada mehmanxanada yaşayıb və hər gün mütəmadi olaraq Hz. Əbdül Bəhanın görüşünə gedib. Məsum əmi özü söyləyirdi ki,hər gün onun yanında başqa şəhərlərdən gələn bəhailər də olurdu. Mənim atam təxminən 1915-ci ildə  dini qəbul eləyib. Anamı da atam təbliğ eləyib. Yerdə qalan adlarını yazdığım bəhailər də hamısı təxminən  1910-cu ildən sonra dini qəbul eliyən bəhailər olub. Adlarını çəkdiyim bəhailərin hamısı 100-110 illərin sınağından keçmiş möhtəşəm insanlar olub, bunların arasında çoxlu əzab əziyyət çəkənlər həmdə din yolunda canlarını qurban verən şəhidlər də olub. Allah hamısına rəhmət eləsin.

1950-ci ilə qədər din yolunda tutulan , Sibirə  sürqün olunanlar və şəhidlərdə olub. Bunlar hamısı mənim yadımdadır. Ancaq ki, 1950-ci ildə Qazaxıstan vilayətinə 6-eşalon sürgün  getdi. Bunların arasında  4 bəhai ailəsi var idi; bunlardan biri bizim ailə atam, anam, qardaşım və mən, biri Səidə xanımgilin  ailəsi, o vaxt Səidə xanimın 9 yaşı olub, biri Həqiqət xanımgilin ailəsi, o biri ailə də Gəncə bəhailərindən Əbülfəz əmigilin ailəsi olub. Bu dörd ailə başçıları  biri mənim atam Hacı Fərəculla , Səidə xanımın atası İsmayıl əmi, Həqiqət xanımın atası Qulam əmi (ailələri sonralar Bakıya köçmüşdülər və mən onu yaxşı xatırlayıram –S.Ə.) və Əbülfəz əmi qil. Bu dörd ailə bir-birinə doğma qardaşdan artiq olublar. Bu çətin, əzablı günlərə  rəğmən bu dörd bəhai ailəsi nə gədər əzab-əziyyətdən sonra rayon mərkəzinə yığıldılar. Bunlardan biri də mənim atam bir icazə vərəqəsi almaq üçün  bir ay hər gün kamendaturaya gedib gəldi. Nəhayət hamı bir yerə yığıldıq sürqun olmağımıza baxmayaraq biz 19 gün ziyafətlərimizi də, bayramlarımızı da mütəmadi keçirdik.

1950-ci ildə artiq mən 14 yaşına keçmişdim. Gözümü açandan mən özümü keçmiş Gəncə bəhailərinin əhatəsində görmüşəm, o vaxt Gəncə bəhailərinin bəziləri köçüb Tiflisə getdilər.

   

Keçmiş Bəhai Qadınlar  (Yaşlanmış Bəhai Qadınlar)

  • Xədicə xanım        (Ağa Məsumun yoldaşı)

  • Yamən xanım   (mənim anam, Aga Hacifərəcullanın yoldaşı)

  • Zəbərcət xanım    (Ağa Eyyubun yoldaşı)

  • Manya xanım        ( Ağasəf əminin yoldaşı)

  • Seriyyə xanım       (Ağa Cəlilin yoldaşı)

  • Kubra xanım         (Ağa Ənnaqi əminin yoldaşı)

  • Tahirə xanım  (Ağa Əbülfəzin yoldaşı,onunda adı Tahirə idi)

  • Həcər xanım         (Ağa Məhəmməd əminin yoldaşı)

  • Ruhiyyə xanım ( Ağa Məsumun qızı,Kamalə xanımın anası)

  • Səmayə xanım     (Rza qızı və eyni zamanda sənin bibin)

 

Allah hamısına rəhmət eləsin.

 

Keçmiş Gəncə Bəhailərinin Ümumi Siyahısı

  • Ağa Məsum

  • Ağa Hacı Fərəcullah       (mənim atam)

  • Ağa Səlman                      (Bəşir müəllimin atası)

  • Ağa İsmayıl (şeyx)

  • Əli Şövqi(şair)                 (qardaşlar)

  • Mahmud bəy

  • Əmin bəy                         (qardaşlar)

  • Haqverdiyev Ənnaqı

  • Ağa Mehdi  Haqverdiyev

  • Ağa Əbülfəz Fərzi

  • Ağa Cəlil

  • Hüseyn Balcılı

  • Husu bəy (şəhid)

  • Ağa Cabbar

  • Eyyub

  • Abbasqulu ağa

  • Ağasəf əmi

  • Ağa Hüseyn Şeyxzamanov

  • Ağa Məhəmməd əmi

  • Hüseyn Yolçuyev

  • Molla Əsədulla

  • Məşədi İbrahim              (iki nəfər şəhidlər)

  • Seyyudi Əsədulla

  • Fəttahov Abbas

  • Ağa Davud

  • Nurəddin

  • Eynulla

  • Rza əmi

  • İsmayıl əmi

 

Gəncə, İyul 2015

 

P.S. Bu yaxınlarda Kəmalə xanım bildirmişdir ki, babasının evindən tapılmış  bir necə sənədləri aşkarlayıblar. Onların arasında 1927-ci ildə verilən Gəncə Bəhai mərkəzinin sənədləri də vardır. Bu mərkəzə aid 3 sənəd vardır.

Bundan başqa Bərdə Bəhai mərkəzinə aid bir məhkəmə sənədi də mövcuddur. Bu sənəddə 1935-ci ildə Bərdədə Bəhai mərkəzinin  olması haqda söhbətlər gedir.

bottom of page