top of page

Həzrət Bəhaullahın gəlini, Həzrət Ruhiyyə Xanım, Azərbaycan Bəhailərin Milli Gurumu ilə 1991-ci ildə Görüşdü 
Soldan Saqa - Ağanəcəf Ağayev, Hüseynov Nüsrət (Bərdə bəhailərinin tarixi yazan), Ağavahid Xaze, Həzrət Ruhiyyə Xanim, Səlahəddin Əyyubov, Tovhid (bəhai from Gəncə), 

Bərdə Bəhailərinin Qısa Tarixi

Əziz və hörmətli oxucular, Bərdədə Bəhaiyyətin meydana gəlməsi və Bərdə bəhailərinin qısaca tarixi haqqında yazılmış həmin kitab iki nüxsədən ibarətdir. Kitabın birinci nüxsəsini özümdə saxladım. İkinci surətini isə Bakı bəhailəri üçün yazıb, bakılı bəhai Ağa Teymur Quliyevə göndərdim. Mən qəti olaraq inanıram ki, bir vaxt gələcək ki, Əmri Mübarək hər yerdə özünə rəvac tapacaqdır. Bu zaman həmin kitab Bərdə qardaşlarımız haqqında az da olsa təsəvvürlər verəcəkdir.

 

Ürəyində Cəmali Mübarəkin məhəbbəti olub, onun mübarək və Müqəddəs Əmrinə canfəşanlıqla xidmət etmək arzusu olan dostları həmin balaca tarixçəni oxuyarkən az-çox təsəvvürü olar ki, vaxtı ilə Bərdədə bəhailər nə qədər çətinliklərə və məşəqqətlərə düçar olmuşlar. Çox şükür və sənalar olsun Cəmali Qedəm cəllə ismi hol əzəmin inayətinə. Mübarək və əzizdi Onun təyidatı. Bərdə 1970.

Ilk bahar fəsli idi, hər tərəf yaşıllıq və çiçəklərlə bəzənmişdir. Quşların səsi və təbiətin xoş qoxusu insanların ürəyini açır və qəlbini şad və xürrəm edir.

Belə bir gözəl vaxtda Həzrət Bəhaullah Mübarək nəzərini salaraq, 1903-cü ildə Ozünün sadiq və hörmətli, izzətli və mətanətli, dəyanətli və möhkəm iradəyə malik bəndələrindən Şuşa şəhərinin əhli olan, Ağa Məşədi Əbdül adlı birisinin Bərdəyə təşrif gətirməsinə inayət buyurdu.

Cənabi Aga Məşədi Əbdül həzrətlərinin Bərdə şəhərinə təşrif gətirməsi bu diyarda Bəha Əmrinin, həm də onun mübarək və müqəddəs ruhani toxumunun inkişaf etməsinə səbəb oldu. O, Bərədəyə özü ilə birlikdə Həzrət Bəhaullahın mübarək  bağçasından ətirli güllər, lalələr gətirdi.

Bəhaiyyətin Bərdə şəhərində keçmiş olduğu çətin və sıldırımlı yollardan, özlərini din xadimi kimi qələmə verərək əslində qəlbi çürük mollaların, seyidlərin və müctəhidlərin bəhaiyyətə qarşı iftira və böhtanlarla dolu çıxışlarından atam Hüseynov Dünyamalı da mənə çoxlu söhbətlər etmişdi. Ailədə eşitdiyim söz-söhbətlər, habelə uşaq vaxtımda atamla bərabər iştirak etdiyim əmri məclislər və şahidi olduğum xeyli hadisələr də mənə çoxlu anlayış və xeyli məlumat vermişdir. Yeri gəlmişkən qeyd edim ki, kiçik yaşlarımda atamla bərabər müntəzəm olaraq hər həftə cümə günlərində keçirilən məclislərdə, bundan başqa bəhai ruhani bayramlarında, xüsusilə də Eydi- Rizvan bayramlarında mütəmadi surətdə və həm də həvəslə iştirak edərdim.

Mən uşaqlıq çağlarımda o dərəcədə nadinclik edərdim ki, hətta bəhailərdən bəziləri ( xüsusilə Müqəddəs Ruhani Məhfilin sədri mərhum Ağa Məşədi Məhəmməd Quliyev ) özlərinin etirazlarını bildirərək söyləyərdilər: “Ağa Dünyamalı, sən bu uşağı Məbədə az gətir. Vallah, o hamını narahat edir”. Lakin çoxları, o cümlədən Hüsübəy Hüseynov, Əliş Vəzirov, Qoca Əliyev və başqaları belə deyirdilər: “Uşaqların xətrinə dəyməyin. Onları daha da səbrlə və həm də əzmlə tərbiyə etmək lazımdır. Çünki gələcək bu uşaqların əlində olacaqdır. Onlar bizim əvəzedicilərimizdir. Uşaqların məclislərə gəlib-getməsi olduqca vacib və əhəmiyyətlidir. Biz onlara minacat, ayət  löhvlər və şeirlər oxumağı da öyrətməliyik. Uşaqları daha da fəallaşdırmalı və Əmri təklifləri onlara dərindən başa salmalıyıq”.

Məhz buna görə də 1926-cı ildə Bərdə Müqəddəs Ruhani Məhfili uşaqların, gənclərin, xüsusilə də qızların tərbiyəsi ilə ciddi surətdə məşğul olmağın zəruriliyi barədə məsələni müzakirə etdi. Belə ki, Müqəddəs ruhani Məhfilin qərarı ilə Ağa Qoca Əliyev müəllim təyin olundu. Bu cənab həftədə bir gün Bahar Məbədi binasında bəhai uşaqlarına dərs deməyə, Həzrət Bəhaullahın mübarək Əmrini və Onun Təlimini həyata keçirməyə başladı. Bu məşğələlərdə uşaqlar və gənclər minacatlar oxumağı, şeir söyləməyi (tək-tək və həm də birlikdə) öyrənirdilər.
 
Cəmali Qedəmin mübarək kəlamları, bütün qaranlıq guşələri işıqlandırır, günəş şüasından da iti və kəskin sözləri qəlblərə yol tapırdı. Və bu gözəl təşəbbüsün əsas aparıcısı və icraçısı yenə də ki, Bərədədə Ağa Məşədi Əbdül idi.
 
Mən öz yaşımdan ( 1912-ci il təvəllüdlüyəm) bir neçə il əvvəl baş vermiş əhvalatı qeydə aldım. Bunları yaşlı bəhailərdən olan Ağa Həmid Tağı oğlu Bağırov cənablarının söylədiyi hekayətlər əsasında yazdım və həm də bu cürə yazıları qələmə almağı zəruri hesab etdim.
 
Bərdədə Bəha Əmrinin ilk rüşeyminin şöhrətlənib yayılması və onun inkişaf etməsi barədə olan məlumatları, Ağa Həmidov, Ağa Köçəri Quliyev, Ağa Əliş Məhəmmədxanov ( əslində bərdəli olub hazırda Gəncə şəhərində yaşayır), və başqalarından soruşub öyrəndim. Digər əhbabların məlumatları ilə yanaşı, az-çox bildiklərimi də bu yazımda nəzərdə tutmuşam. Ağa Qoca başlıca olaraq Aşıq Məhəmmədəlinin “Durusi-Dəyanə” kitabından təlim verər və eyni zamanda məşğələlərdə uşaqlara həm də Əmri təlimləri də öyrədərdi. Sual –cavab yolu ilə keçirilən dərslərin mənimsəmə dərəcəsi də müəyyən edilərdi. Qeyd etmək lazımdır ki, Ağa Qocanın uşaqlara öytətdikləri və onların bəhrəsi istifadəsiz qalmırdı. Belə ki, bir qayda olaraq “Eydi-Rizvan” günlərində gənclərin və uşaqların çıxışları təşkil olunardı və bu çıxışlarda uşaqlar birlikdə avazla şeirlər və mahnılar oxuyardılar. Bəzi məclis günlərində böyüklərlə yanaşı kiçik yaşlarında olan uşaqlar da minacat oxuyardılar. Bakı bəhailərinin yaxşı tanıdığı gənc bəhai Rəhim Qayınlı ilk əvvəl Bərədədə Ağa Qoca Əliyevdən dərs almışdı. Bütün bu tədbirlər demək olar ki, yeni dini təlimi sevməyənlərə çox ciddi surətdə mənfi təsir göstərir, Bəhaiyyətin nüfuzunu isə getdikcə daha da genişləndirirdi.

 
Bərdədə Əmri-Mübarəki İlk Dəfə Təsdiq Edənlər

 
Hacı Şərif oğlu Şirin  Bərədədə ən tanınan, hörmətli, izzətli, xalq arasında geniş nüfuza malik olan şəxslərdən biri olmuşdur. O, 1858-ci ildə Bərdədə anadan olmuşdur. Ağa Şirin ağır təbiətli, təmkinli, tədbirli, xalqa böyük qayğı və həssaslıqla yanaşan, hamının qeydinə qalan xeyirxah adam idi. Bu cənab son dərəcədə ədalətli, səxavətli və insaf əhli idi. O haqsızlığa, insanlıq aləmindən kənar hərəkətlərə, qoluzorluların zəif, məzlum şəxslərə zülm etməsinə yol və razılıq verməzdi. Ağa Şirin uzaqgörən, açıqfikirli, yenilik sevən, hər şeydə həqiqət axtaran, təqlidi sevməyən, mövhumata, din libasına geydirilmiş əsassız fikirlərə, çürük əqidə və təriqətlərə etiqad etməyən bir insan idi. Cənab Ağa Şirin xalq arasında “Ata” adlanırdı. Bu ləqəb sonralar bəhailər arasında da geniş yayıldı. Ona bəhailərin “Atası” ləqəbi verdilər. Həqiqətən də Ağa Şirin bəhailərin atası deyilməsinə layiq olan bir şəxsiyyət idi.
 
Cəmali Qedəm cəllə ismiholəəzəm Özünün mübarək işığını Bərdədə 1903-cü ildə ilk əvvəl Ağa Şirinin üzərinə saldı. Ağa Şirin həm mühərriklə hərəkət edən böyük bir dəyirman sahibi idi. Onun həm də bəzzaz (arşın malı parçası satılan) dükanı var idi. Bundan başqa qardaşları Məşədi Mehdi və Məşədi Kərimlə müştərək çayçıxanaları da var idi. Bir nəfər Məhəmmədov Əli adlı bərdəli ( bu şəxs də sonralardan Əmri Mübarəki təsdiq etmişdir) Şərifov qardaşlarından çayçıxananı icarəyə götürmüşdür. Çayçıxananın ayrıca olaraq karvansarası və mehmanxanası var idi. Kənar yerlərdən Bərdəyə gələn yeni qonaqlar həmin mehmanxanada qalarmışlar.
 
Aşqabad mübəlliğlərindən Ağa Məşədi Əbdül 1903-cü ildə ticarət etmək məqsədi ilə Bərdəyə gəlir. O, Ağa Şirinin mehmanxanasında özünə mənzil kirayə edir və bir neçə gün burada yaşayır. Ağa Şirində belə bir adət var idi; mehmanxanaya gələn yeni adamlara şəxsən özü xüsusi fikir verərmiş. Məhz buna görə də, Ağa Məşədi Əbdül ədəb və hərəkəti, davranış və rəftarı ilə Ağa Şirinin nəzər diqqətini cəlb edir. Hər iki vücudi-mübarəkin bir neçə dəfə görüşləri olur. Bu görüşlərdə mübəlliğin gözəl sözləri, Əmri kəlmə və ifadələri, tamamilə yeni və əsaslı dini məlumatları, tarixi hadisələrə dair danışıqları Ağa Şirini məftun edir, onu cəzb edir, necə deyirlər, qızıl məhək daşına rast gəlmişdir.
 
Əhli insaf olan Ağa Şirin Ağa Məşədi Əbdülün danışıqlarında nə qədər həqiqət olduğunu günəş şüasının parlaqlığı kimi görür və dərk edir. Nəticə etibarı ilə 1903-cü ilin bahar fəsli dövründə Ağa Məşədi Əbdül Ağa Şirini təbliğ edir. Ağa Şirin şək-şübhə olmadan tam inamla Həzrət Bəhaullahın həqqaniyyətinə, Onun mübarək vəhdaniyyətinə, Həzrət Nöqteye-Üllanın Mübarək nuruna iman gətirir.
 
Ağa Məşədi Əbdülün ruhani söhbətləri Bərdədə tədricən genişlənməyə, ürəklərdə özünə məskən salmağa başlayır. Bir çox din xadimlərinin arasında təşviş oyadır və buna görə də onlarda mübəlliği öldürtdürmək əhval-ruhiyyəsi əmələ gəlir. Onlar Bərdənin “Güloğullar” kəndindən olan Qəhrəman adlı bir qoçuya yüz manat qızıl pul verməyi vəd edərək ona deyirlər ki, Məşədi Əbdülü öldürsün. Bu xəbəri Ağa Şirinə çatdırırlar, Ağa Şirin Qəhrəmanı yanına çağırtdıraraq ona belə deyir: “Eşitdiyimə görə, sən Məşədi Əbdülü öldürmək fikrinə düşmüsən və bunun da müqabilində sənə yüz manat pul verməyi vəd ediblər. Qəhrəman, gəl, nahaq qan tökmə, al bu da sənin üçün yüz manat pul və bu fikrindən əl çək”. Beləlikə, Ağa Şirin Qəhrəmana pul verir və Ağa Məşədi Əbdülü ölümdən xilas edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Ağa Şirinin Böyük oğlu Hüseyn və kiçik oğlu Azad da Əmri Mübarəki qəbul edirlər. Hər ikisi məclislərdə müntəzəm iştirak edir və ruhani söhbətlərdən kənarda qalmazdılar. Qardaşların hər ikisi də bəhai kimi də bu fani dünyanı tərk edirlər.
 
Ağa Azad 1900-cü ildə təvəllüd tapmış və 1961-ci il yanvar ayinin 8-də vəfat etmişdir. Onun qəbri Bərdədə İmamzadə məqbərəsinin Şimali-Qərb tərəfində, məqbərədən 3-4 metrlik məsafədədir. Ağa Hüseyn də həmin ərazidə dəfn olunmuşdur.
 
Əmri Mübarəkin yayılmasında və inkişafında onun xidmətləri Hüzuru Mübarəkdə nəzərə alınmış və Ağa Şirinin şəxsi adına Lövhi Mübarək də nazil olmuşdur. 1912-ci ildə Ağa Şirin şəxsi mülkiyyətinə mənsub olan dəyirmanın texniki sazlığı vəziyyətini yoxlayarkən orada faciəli surətdə həlak olmuşdur.
 
Ağa Şirinin də qəbri Bərdə şəhərinin İmamzadə məqbərəsinin Şimal tərəfində 10-12 metrlikdə yerləşir. Həzrət Əbdülbəhadan (ruhum ona fəda olsun) Ağa Şirinin adına nazil olmuş mübarək Lövhün mətni, eynilə mərhumun qəbir daşına həkk edilmişdir və indi də qalmaqdadır. Lakin, yaxşı olardı ki, ərəb dilini mükəmməl bilən bir şəxs həmin Lövhü kağız üzərinə köçürsün. Çünki, Lövhün əsli tələf olmuşdur. Bu həmişə hörmətlə yad edilir. Bərdə bəhailəri belə arzu və güman edirlər ki, vaxt gələcək, Ağa Şirinin qəbri əbədiləşəcək və müqəddəs bir ziyarətgaha çevriləcəkdir.
 
Ağa Şirin Bərədədə yeganə, vahid bəhai olaraq qalmadı. Ağa Şirinin şəxsi nüfuzu və təsiri sayəsində 1909-1910-cu illərdə Bərədədə Cəmali-Əqdəsi-Əbhayə iman gətirənlərin sayı getdikcə çoxalırdı. Onlardan biri də Ağa Şirinin xalası oğlu Məşədi Oruc oğlu  Dadaş idi. Belə ki, Ağa Şirin xalası oğlu Dadaş  ilə müntəzəm olaraq Əmri söhbətlər edər və Mehdi Sahibəzzamanın Zühur etməsini dəlil və əsaslarla ona sübut edərdi. Bundan sonra Dadaş əmi öz qayni olan Şəfiyev Şəfi dayını (yaşlı-cavan hamı ona Şəfi dayı deyərdi) da özü ilə bərabər Ağa Şirinin yanına gətirir. Bu görüşlər zamanı Əmri təlimlər barəsində ətraflı danışıqlar aparılır, söhbətlər edilir və nəticə etibarı ilə onların hər ikisi Bəhai Dinini qəbul edirlər. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Ağa Şirin ara-sıra Gəncə Şəhərinə gedər, orada tez-tez dostlarla görüşər, söhbətlər edər və onları yeni-yeni Əmri məlumatlarla zənginləşdirər, bu yeni bilikləri və məlumatları Bərdə şəhərindəki əhbablara da çatdırardı.
 
Bərdə şəhərinin məşhur şəxslərindən olan Məşədi Kərim və Məşədi Sadıq Şərifov qardaşları,Əvəz Əliyev, Musa Əbdürrəhimov, Məhəmməd Əli Hüseyinov, Malik Məlikov və bir çox başqaları Həzrət Bəhaullahın Mübarək bayrağının altında cəm oldular. Bu cənablar yaxşı bilirdilər ki, nicat yolu yalnız burada, Cəmali Mübarəkin dərgahındadır. Bir müddət içtimai-siyasi şərait həddindən artıq gərginləşdiyindən bu dövrdə bəhailər yalnız meşələrdə, cəngəlliklərdə toplaşıb məclis keçirə bilirdilər. Bu zaman hər bir bəhai, müxtəlif tərəflərdən tək-tək gələrək, qabaqcadan müəyyən edilmiş yerə toplaşırdılar.
 
Bəhailər, burada Əmri və təlimatı söhbətlər edər və ayrı-ayrı adamlarla rəftar, münasibət və dinin təbliği qaydasını öyrənərdilər. 1920-ci illərə qədər bəhailər Bərdədə çox çətin və dolaşıqlıq şəraitində yaşamışlar. Onlara hər tərəfdən hücumlar və təzyiqlər edilirdi.
 
Məşədi Oruc oğlu Dadaş Əmri Mübarəki qəbul etdikdən sonra, öz xərci ilə tikdirdiyi və Bərdədə yeganə gözəl və yaraşıqlı bina hesab olunan mülkünü, 1920-ci ildə bəhailərə bağışladı. Bundan sonra binanın qarşısında bu sözlər həkk edildi: “Məbədi 9 bəhaian”. Beləliklə də bəhailər Bərdədə rəsmən İbadət Məbədinə malik oldular. Bundan sonra bütün, məclislər, bayram və Mübarək Süud günləri, müxtəlif ruhani yığıncaqları və toplantılar Məbəddə qeyd olunardı. Bir müddət keçdikdən sonra ayrı-ayrı bəhailərin maddi yardımı və şəxsi köməkləri ilə İbadət Məbədinə lazım olan hər cür qiymətli avadanlıqlar, əşya və gündəlik zəruri ehtiyac əşyaları da alındı. Bu qayda ilə İbadət Məbədi daha da zənginləşdi və gözəlləşdi. Məbədin fəaliyyətinə dair yaradılmış qayda, səliqə, nizam-intizam, təşkilati tədbirlər və işlər hamının, istər bəha dostların və istərsə də bizə pis münasibət bəsləyən rəqiblərimizin nəzər-diqqətini cəlb edir və hamını valehləndirir, Məbədə gələnlərin hamısında böyük maraq oyadırdı. Beləliklədə Bərdə şəhərində Bəhaiyyət getdikcə güclənir, onun nüfuz dairəsi isə daha da genişlənirdi. Maraqlı burasında idi ki, necə olmuşdursa, Bərdədə və bəlkə başqa yerlərdə də Həzrət Bəhaullaha ilk əvvəl iman gətirənlərin əksəriyyəti, ya mülkədar, ya sahibkar, ya da ticarətlə məşğul olanlardan bir sözlə varlı, kübar,elm və mənsəb sahibləri olan şəxslərdən ibarət olmuşdur. Əlbətdə bunun səbəbini Özü yaxşı bilən Sahibil-Əmrin Özünün Mübarək məsləhəti idi, bəlkə də dövrün çətin və belə də izah etmək olar ki, 1903-1910-cu illərdə və hətta sonrakı illərdə iqtisadi cəhətdən varlı olan adamlar müxtəlif təmayüllü məclislərə və yığıncaqlara düşmək iqtidarına malik olurdular və bu da onların yerini din axtarışına, Mehi Sahibəzzamanın həqiqətini araşdırıb meydana çıxarmasına imkan verir və yollar açılırdı.
 
Bərdənin adlı-sanlı və geniş nüfuz sahibi olan şəxslərinin Zühuri-Əzimi dərk edib, Həzrət Bəhaullahın Mübarək Əmrini qəbul etmələri ətraf kəndlərə səs salır. Bu əhvalat çoxlarını, hətta adi adamları da maraqlandırır və düşündürür. “Mehdi Sahibəzzaman Zühur edib, Qaim Əli Məhəmməd izhari Əmr buyurub” nidaları hamını, hər yerdə heyrətə gətirirdi. Zümurxaç, Güloğullar, İmamqulubəyli, Mehribanlı, Həsənqaya, Bağbanlar,  Gərənə kəndlərinə xoş xəbər yayılır. Yuxuda olanların bir çoxu qəflətdən ayılır. Bu kəndlərdə Əmri Mübarəkə hüsni-rəğbət bəsləyənlər, qəlblərində məhəbbət alovlarını şölələləndirənlər meydana çıxır. Yavaş-yavaş Bərdə, Alpaut, Gərənə məscidlərində ayrı-ayrı axund, molla, əfəndi və digər din xadimlərinin yığıncaqlarında Bəhaiyyətə qarşı üsyankar etiraz səsləri, fitnə-fəsad törədənlərin iftiraları yüksəlməyə başlayır. Lakin bütün bu hay-küylər tədricən yayılmaqda və nüfuzu genişlənməkdə olan Bəhai Əmrinin qarşısında heç bir sədd məhdudiyyəti törədə bilmədi. Əksinə Əmri Mübarək rəvac tapdı və onun dairəsi daha da genişləndi.
 
Həzrət Bəhaullah mübarək nəzərini Bərdəyə nə cürə saldısa, Onun Müqəddəs Əmrinin yayılıb inkişaf etməsinə mane olan hər cürə əngəllər, manelər aradan qaldırıldı. Qısqnclıq yolları xeyli təmizləndi və Bəhaiyyət geniş vüsət aldı. Onun Məbədinin nurlu şüası hər tərəfə yayıldı. Ictimai həyatın qorxulu vaxtlarında Əmri Mübarəkə rəvac verməkdən ötrü nüfuzlu və möhtərəm şəxslərin Astaneyi-Mübarəkə qədəm qoymaları lazım imiş.
 
Mirzə Məhəmməd Sabit  və cənab Pərtovi kimi mübəlliğlər yeni dinə təşrif gətirdilər. Əliyev Qoca cənablarının sədrliyi altında fəaliyyət göstərən Bərdə Ruhani Məhfilinin təşkil etdiyi məclislərdə mübəlliğlərlə əğyarların söhbətləri keçirilirdi. Belə məclislərdə müsəlmanlar özləri ilə gətirdiyi din xadimlərini, mollaları, rəhbər hesab edir, onları hər vasitə ilə ruhlandıraraq, Mehdi Sahibəzzamanın Zühuru barədə mübahisəyə sövq edərdilər, lakin nəticədə həmişə məğlubiyyətə uğrayardılar.
 
Şəxsən mən, 12-13 yaşında olarkən bir neçə dəfə cümə günlərində keçirilən məclislərdə iştirak etmişdim. Cümə günləri həftə bazarından ötrü Bərdəyə Şəki, Zaqatala, Ağdaş, Göyçay və başqa yerlərdən gəlmiş adamlar cümə məclislərində iştirak edərdilər. Bu ərazidə məşhur din xadimləri keçirilən dini söhbətlərdə məğlub olduqlarının şahidi idim. Hətta həmin adamların qəzəblənmiş və acınacaqlı halda söyüşlər edə-edə Məbədi necə tərk etdiklərini də dəfələrlə görmüşəm. 

 

 
Mübəlliğ Ağa Məşədi Əbdül haqqında qısa məlumat

 
Rəvayətə görə Ağa Məşədi Əbdül əslində Qarabağ mahalının Şuşa şəhərindən idi. O, təxminən 1835-ci ildə Şuşada sənətkar-ruhani ailəsində anadan olmuşdur. Hələ kiçik yaşlarında ikən valideyinləri ilə birlikdə Aşqabad şəhərinə köçmüşdü. O, Aşqabadda atasının təhriki ilə xüsusi ruhani təhsil alir, fars və ərəb dillərini mükəmməl öyrənir. Ağa Məşədi Əbdül Rusiyada Bəhaiyyətin əsas mərkəzi olan Aşqabad şəhərində Əmri Mübarəki təsdiq edir. Mərhum fars və ərəb dillərini yaxşı bildiyi üçün, Əmri kitab və məcumələri oxuyub mütaliə edər, onlarla dərindən tanış olardı. Ağa Məşədi Əbdül Mübarək Bəhai tarixini möhkəm və əsaslı surətdə öyrənərək, özünün Əmri məlumatlarını tədricən genişləndirmiş və fədəkar əməyi nəticəsində o, nəhayət mübəlliğ dərəcəsinə çatmışdır.
 
Bundan sonra Ağa Məşədi Əbdül Aşqabad Mərkəzi Müqəddəs Ruhani Məhfilinin məsləhəti və tanışlığı ilə Həzrət Bəhaullahın Mübarək Astanasında xidmət etməyə başlamışdır.
 
Ağa Məşədi Əbdül həm ticarət, həm də ziyarət (ziyarət burada Əmri Mübarəkin təbliği kimi nəzərdə tutulub) məqsədi ilə Qarabağ vilayətinə səfər edir, o bir neçə dəfə Bərdəyə gəlir və burada ( yuxarıda zikr olunduğu kimi) mötəbər , həm də məşhur şəxslərlə görüşüb geniş söhbətlər aparır. Ağa Məşədi Əbdül o dərəcədə gözəl və şirin nitqə malik idi ki, onun danışığı dinləyənləri heyran edər və onlar bu söhbətlərdən ayrılmaq istəməzmişlər. Cənab Ağa Məşədi Əbdülün gətirmiş olduğu Həzrət Bəhaullah Əmrinin müqəddəs toxumu əhli-insaf adamlarının qəlbində özünə məskən tapır və cücərir. Allahın Nurunun Şöləsi Ağa Məşədi Əbdülün vasitəsi ilə bu yerləri işıqlandırır. Heç bir hədə-qorxudan çəkinməyən Ağa Məşədi Əbdül ilk dəfə olaraq Həzrət Bəhaullahın aşkar Əmrini Qarabağ əhalisinə çatdırır. Hamı onu qüvvətli mübəlliğ olması barəsində danışırdı. Ağa Məşədi Əbdül 1922-ci ildə, xəstəlik nəticəsində, 87 yaşında Aşqabad şəhərində vəfat etmış və orada da dəfn olunmuşdur.

 
Hüseynov Dünyamali Qəhrəman Oğlu Haqqında Qısa Məlumat

 
Ağa Dünyamalı Əmri Mübarəki təsdiq etməmişdən qabaq, yəni 1910-cu ildən əvvəl Bərdə şəhərinin Gərənə kəndində yaşayırdı. O, 1869-cu ildə Cəbrayil qəzasının Mahmudlu kəndində (indiki Füzuli rayonu) anadan olmuşdur. Həddi- buluğa çatdıqdan sonra Bakı şəhərinə köçən Ağa Dünyamalı bir neçə il Bakıda yaşayır. Taleyi onu Bakı şəhərindən Bərdənin Gərənə kəndinə gətirir. Gənc Dünyamalı burada, yəni Gərənə kəndində oturaq həyatı qurub ticarətlə məşğul olmağa başlayır. Özünün şəxsi davranışı və rəftarı sayəsində Gərənə əhlinin hörmətini qazanır. Az sonra da o kəndin adlı-sanlı şəxslərinin məsləhəti ilə İbrahim kişinin qızı Gülişə ilə ailə həyatı qurur. Gülişə xanım sonradan Əmri Mübarəki qəbul edən və Bəhai məclislərində fəal iştirak edən, Bəhaiyyətə fədakarlıqla xidmət edən ilk qadın əhbablardan biri olmuşdur.
 
Ağa Məşədi Əbdülün həm yaxın qohumu və həm də onun vasitəsilə Aşqabad şəhərində Cəmali Qedəmin Mübarək bayrağı altına gəlmiş Ağa Muxtar İbrahimov Gərənə kəndində Dünyamalı ilə dükan qonşusu idi. Ağa Muxtar da öz məqamında Əmri məlumata malik şəxslərdən idi. O, eyni zamanda Əmri təbliğ etməyə son dərəcədə çalışır və fəaliyyət göstərirdi. Muxtarın bəhai olduğunu kənd camaatı başa düşür və belə şaiyə yayırlar ki:” Muxtar babi olmuşdur, onunla ticarət etmək və hətta durub-oturmaq, salam-kəlam etmək haramdır”. Bu və buna oxşar sözlər Gərənə kəndində və eyləcə də ətraf kəndlərə çatıb yayılır.
 
Bu cür ifadələr İslam Dininə sadıq olan Dünyamalını da xeyli  maraqlandırır. Bundan sonra Dünyamalı Ağa Muxtarla bir neçə dəfə gizli olaraq görüşür, onu öz evinə aparıb söhbətlər edirlər. Baniyyət və Bəhaiyyət barəsində aralarında ətraflı danışıqlar gedir. Ağa Muxtar Bəhai Dininin tarixindən, bəyanatı-mübarəklərindən Dünyamalıya geniş məlumatlar verir. Bir neçə dəfə aparılan danışıqdan sonra Ağa Muxtar Dünyamalını təbliğ edir, beləliklə də 1910-cu ildə Dünyamalı Əmri Mübarəki təsdiq edir. Qeyd etdiyim kimi, o vaxt Dünyamalı Gərənə kəndində dükançı işləyirdi. Kənd camaatının hamısı onunla qızğın ticarət edərdi. Gərənə kəndindəki Dövlət postxanasında xidmət edən cavan Həmid Tağı oğlu Bağırov da Dünyamalı ilə alış-veriş edərdi. Bir dəfə Həmid, Dünyamalıda nə isə dəyişiklik baş verdiyini hiss edir. Bu hal Həmidi xeyli təəccübləndirir. Həmid tədricən Dünyamalının bəhai olmasını başa düşür və bundan sonra hər ikisinin arasındakı münasibət, əlaqə və səmimiyyət daha da yaxşılaşır. Bu yeni din – Mübarək Bəhaiyyət Dini Həmidi çox düşündürür və maraqlandırır. Beləliklə də Həmid Dünyamalıya daha da yaxınlaşır və onunla tez-tez görüşur, qəlbində ona məhəbbət bəsləyir. O, Dünyamalıdan yeni sözlər, yeni məlumatlar eşidər, Bəhai Dini haqqında təzə əsaslar əxz edərdi. Hətta Muxtarın da bəhai olduğunu Həmidə Ağa Dünyamalı bildirir. Bir müddətdən sonra Həmid çox ciddiyyətlə həqiqəti axtarıb tapır və nəticə etibarı ilə Əmri Mübarəki təsdiqləyərək qəbul edir. Ağa Həmid ən sadiq, fədəkar, Həzrət Bəhaullahın Mübarək yolunda canından keçməyə hər vaxt hazır olan bir vücud kimi bəhailər sırasına qoşulur.
 
Ağa Dünyamalının başqa yerdə yaşayan qardaşı Alış da bu işdən xəbər tutaraq, o da Ağa Həmid kimi axtarışlardan və ruhani məlumatlar əldə etdikdən sonra bəhailər sırasında özünə yer tutmağa müvəffəq olur. Lakin çox keçmir ki, Gərənə kəndində özünün çirkin əməlləri ilə tanınmış, iftiraçı Hacı Əli Əsgərin vasitəsi ilə Ağa Dünyamalıya qarşı cürbəcür böhtanlar yağdırmağa başlayırlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bəhai uşaqlarına da hər yerdə rişxənd edilir, küçələrdə daşa basılır və çox zaman onlar hətta döyülürdülər.
 
Hacı Əli Əsgər kənd əhalisinə öyrədirdi ki, babilərlə oturub-durmaq, danışmaq, onlarla əlaqə saxlamaq, mulağat (görüşmək) etmək haramdır. Kənd məscidində molla da minbərdən xalqa nüraciət edərək deyirdi:”Ey camaat, Dünyamalı babi olub. Onun ilə ticarət etməyin, söhbətdə bulunmayın, kafir olarsınız”. Bundan sonra biçarə Dünyamalıya qarşı düşmənçilikər daha da artır. Onu toy mərasimlərindən, yas yerlərindən qovurdular. Hətta hədələyərək deyirdilər ki, sən babi olduğun üçün hökmən kənddən çıxmalısan Buna görə də Dünyamalının ailəsi qorxu və təhlükə içində gərgin həyat tərzi keçirirdi.
 
Bir gün gecənin qaranlıq bir vaxtında Dünyamalının həyət hasarına od vururlar ki, ailəsi ilə birlikdə yanıb məhv olsun. Bu zaman xoşbəxtlikdən mübəlliğ Ağa Rza Qulu Dərbəndi Gərənə kəndində Dünyamalının qonağı imiş. Gecənin qaranlığında şiddətli yanğın baş verir. Ağa Rza Qulu dua-minacat oxuyur, Cəmali-Mübarəkə müraciət edir və Ondan nicat diləyir. Elə bu vaxt gözlənilmədən bərk yağış yağmağa başlayır, sel-su hər tərəfi götürür, kənardan tamaşa edən cahillər isə köməyə gəlməyərək, durub gülüşürdülər. Cəmali Qedəmin Mübarək köməyi sayəsində yanğın sönür və nadan tamaşaçılar yağışa davam gətirməyib qaçırlar.
 
Səhəri gün kənd camaatı belə sözlər danışmağa başlayır ki:” Babilərin Allahı gecə yağış yağdırdı və yanğını söndürdü”. Mübəlliğ Ağa Rza qulu Dərbəndi Dünyamalıya belə məsləhət görür ki, “Daha sənin bu kənddə yaşamağın mümkün deyil, hökmən buradan başqa yerə köçməlisən”. Məhz buna görə də Ağa Dünyamalı ailəsini və ev əşyalarını yığışdıraraq 1911-ci ildə Bərdəyə köçür və burada ticarətlə məşğul olmağa başlayır. Bunu görən Ağa Həmid də Bərdəyə gəlir. Ağa Həmid Ağa Şirin Şərifov bəradərlərinin yeməkxanasında aşpaz işləməyə başlayır. Ağa Şirin Həmidin bəhai olduğunu bildiyi üçün ona hər cürə hörmət göstərir və yeri gəldikdə onu müdafiə edirdi. Hətta bir dəfə daimi müştərilər etiraz edirlər ki, Həmid karvansaranın yeməkxanasından qovulmalıdır. Lakin Ağa Şirin bu məsələnin qarşısını cəsarətlə alır və bundan sonra Həmidi işdən kənar etməyə heç kimin cürəti çatmır.
 
Ağa Dünyamalı ömrünün sonuna kimi Əmri Mübarəkə sadiq qalaraq, Bəhai Əmrinin yolunda hər cür əzab-əziyyətə davam gətirir. O, 1954-cü ildə, may ayının 30-da Bərdə Müqəddəs Ruhani Məhfilinin rəsmi üzvü olmuşdur.
 
1933-cü ildə hökumət məmurları tərəfindən bir qrup Məhfil üzvlərindən – Ağa Qoca Əliyev, Ağa Dadaş Oruc oğlu, Ağa Qara Şəmsiyev, Ağa Məşədi Şuşan Quliyev, Ağa Hüseyn Əliyev və Ağa Dünyamalı Hüseynov həbsə alınırlar. Hökumət təşkilatının rəhbərləri bu məzlumlardan Məbədin və Məhfilin bütün əmlakını təhfil vermələrini tələb edərək hətta onları başqa fəal bəhailər haqqında da məlumat vermələri üçün bu məhbusları məcbur edirlər. Lakin Həzrət Bəhaullahın məzlum bəndələri qəti olaraq bildirirlər ki, ölməyə hazırdırlar, ancaq tələbləri qəbul edə bilməyəcəklər. Buna görə də həmin şəxsləri xeyli müddət həbsxanada saxlayırlar. Ağa Dadaş Oruc oğlunun , Ağa Dünyamalı Hüseynovun, Ağa Məşədi Şuşan Quliyevin yaşayış evlərini müsadirə etdikdən sonra onların özlərini həbsxanadan azad edirlər. Ağa Qoca Əliyev İran təəbəsi olduğundan onu da azad edirlər. Bunlardan sonra qalan bəhailər də həbsdən azad olunurlar.
 
Lakin bir müddət sonra Ağa Məşədi Şuşan, Ağa Qara və Ağa Hüseyn yenidən həbs edilərək sürgünə göndərilirlər. Hər üç bəhai sürgündə ağır şəraitə, işgəncə və əzab-əziyyətə davam gətirməyib vəfat edirlər. Əvvəlcə Ağa Hüseyn Əliyev İmamqulubəyli kəndində Bəhaiyyəti təbliğ etməklə məşğul olmuşdu. Buna görə də biçarəni 1933-cü ildə həbs edib üç il müddətinə azadlıqdan məhrum edirlər. O, cəza müddətini Gəncə şəhərində keçirir. Lakin bir müddət məhbus olduqdan sonra Ağa Hüseyni vaxtından tez azad edirlər.
 
İmamqulubəyli kənd sakini Ağa Hüseyn Alı oğlu Əliyev kənddə yeganə savadlı şəxs olduğundan xalq ona molla deyərdi. Həqiqətdə isə o molla deyildi. Ağa Hüseyn ilk əvvəl , yəni 1926-cı illərdə Bəhaiyyət Dininin həqiqiliyini müəyyən etmək məqsədi ilə bir neçə dəfə Bəhai Məbədinə gələrək, məclislərdə aparılan söhbətlərdə və müsahibələrdə iştirak edir. Ağa Hüseyndə olan möhkəm iradə, insaf, dinə qarşı həqiqi məhəbbət, onun Əmri Mübarəki təsdiq və qəbul etməsinə səbəb olur. Bundan sonra Ağa Hüseyn İmamqulubəyli kəndində Həzrət Bəhaullah Əmrinin təbliği ilə məşğul olur və bir çoxlarını Mübarək Əmrin bayrağı altında cəm edir. Bu zaman Ağa Hüseynə qarşı münasibət, mühit taman dəyişir. Qərəzçilik, düşmənçilik hissləri getdikcə artır. Məhz buna görə də 1937-ci ildə onu həbs edib sürgünə göndərirlər. O, Gərənə kəndində sürgün şəraitində faciəli şəkildə, yəni ac qaldığından bədəni şişmiş halda vəfat etmışdir.
 
Yuxarıda qeyd etdiyimiz kimi, Hüseyn Əliyev həmişə, hər yerdə Bəha Əmrinin inkişaf etməsi üçün təbliğ ilə məşgul olmuşdur. O, İmamqulubəyli kənd sakinlərindən Əliş Əliyevi, Cənnət oğlu Qədəri, Mustafayev Cəbrayılı, Abuş oğlu Əsədi ( Əsədin həyat yoldaşı Fatimə ilə birlikdə), özünün qardaşı Əliyev Qasımı təbliğ etmişdir. Onun təbliğ etdiyi şəxslər kamil, Əmri-Mübarəkə sadiq, dini əqidə yolunda canlarını və mallarını qurban verməyə hər vaxt hazır və amadə olmuşlar.

Bərdə, 1928-ci ildə - Hüseynov Dünyamalının Ailəsi:

Böyük qızı - Məleykə,  Ana – Güleyşə, Ata – Dünyamalı,

Oğlu – Ətaulla, Oğlu – Fazil, Böyük Oğlu – Nüsrət

 
Əliyev Qoca Əli Oğlu Haqqında Qısa Məlumat

 
Ağa Qoca Əliyev əslində İran əhli idi. O, 1907-ci ildə İrandan Azərbaycana gəlmiş və Bərdədə məskən salmışdır. Onunla birlikdə bir çox iranlı da öz ailəsi ilə bahəm Bərdəyə köçmüşdür. Əliyev Qoca təxminən 1881-ci ildə İranın Qaradağ mahalının Qubadlı kəndində anadan olmuşdur. Onun əsas peşəsi ticarətlə məşğul olmaq idi. Özünün həyətyanı sahəsində xiyar, sarmısaq, kök, göyərti əkməklə məşğul olardı. Budan başqa kiçik dükanı da var idi ki, becərdiyi məhsulları əsasən burada satardı. Ağa Qoca demək olar ki, tam savadsız bir adam idi. O, müstəqil olraq öz üzərində çalışar və ilk savad təlimi alardı. Tədricən fars və ərəb dillərini də öyrənməyə başlayır və bir neçə ilin müddətində həmin dillərə əsaslı surətdə yiyələnir. Ağa Qoca “Əqdəsi-Şərifdən”, “Mofavezat”dan, “Kəliməti-Məknunə”dən, “Duruzi-Dəyanə”dən və sair Əmri kitablardan, Sərgar Ağanın (ruhumuz ona fəda olsun) səfərnamələrindən və buyurduqları Bəyanate-Mübarəklərindən Azərbaycan dilinə tərcümələr edərdi. Bu tərcümələr Azərbaycan dilində savadlı olan bəhailərə Əmri məlumatları əxz eləməkdə xeyli köməklik göstərirdi.
 
Ağa Qoca bədəncə çox zəif və həm də boyca kiçik şəxs idi. Onun çəkisi təxminən 40-50 kq olardı. Zahirən çox sadə, sakit və məzlum adam idi. O, təvazökar, həssas və adamlara qayğı ilə yanaşardı. Onun təbiətində nə əsəbləşmək, nə yüksəkdən danışmaq, nə də yersiz hərəkətlər etmək olardı. Hətta o, yolu belə çox ahəstə və həm də kiçik addımlarla, ləngər vura-vura gedərdi. Ən gərgin, ağır və geniş məclislərdə qeyri-bəhailər ilə mübahisə zamanı Ağa Qoca söhbət edərdi. Hətta müsəlmanların ən qatı mollaları ilə rastlaşarkən Ağa Qoca onların hər cürə çətin, dolayı və dolaşıq suallarını izah edərək, onlara ətarflı, əsaslı, elmi cəhətdən də uyğun olan cavablar verməklə tərəf müqabilini qane edərdi. O, eyni vaxtda bir neçə məlumatlı din xadimləri ilə saatlarla söhbət edər və onları öz cavabları ilə kifayətləndirərdi. Səhərdən axşama və axşamdan səhərə kimi davam edən müsahibə və mübahisələr Ağa Qocanı nə yormazdı və nə də haldan, təbdən çıxartmazdı. Ən sakit halda danışar və özünəməxsus təmkinini pozmazdı. Çünki o, son dərəcədə dərin, hərtərəfli və geniş Əmri məlumata malik olan bir şəxs idi.
 
Cəmali Mübarəkin onun üzərinə olan nəzəri hər zaman öz parlaqlığı ilə hiss olunar və aşkar görünərdi. Ağa Qoca Həzrət Bəhaullah Əmrinin təlimatını çox dərin mənimsəmişdi. Buna görə də o öz növbəsində bir çoxlarını təbliğ edib Həzrət Bəhaullahın mübarək bayrağı altına gətirmişdir.
 
Ağa Qoca hər il Müqəddəs Ruhani Məhfilin üzvü və sədri seçilərdi. 1920-ci illərdən sonra Bərədyə təşrif gətirən mübəlliğlərdən, Mirzə Hüseyn Zəncani, Cənab Pərtövi, Mirzə Məhəmməd Sabiq Bərdə bəhailərinin İbadət Məbədində keçirilən açıq məclislərdə qeyri-bəhailərlə və hər cürə din xadimləri ilə geniş dini söhbətlər edər, təbliğat işi aparardılar. Bərədəyə gələn mübəlliğlər Aşqabad və Bakı Mərkəzi Müqəddəs Ruhani Məhfilinin məsləhətləri ilə təşrif gətirərdilər.
 
Bərdədə bəhai məclisləri son dərəcədə təntənəli və gurultulu şəkildə keçərdi. Bu məclislərin xüsusi məramnaməsi qabaqcadan Məhfildə müzakirə edilib təsdiq olunardı. Adətən Bəhai bayram şənlikləri və məclislərinin məramnamələri minacatla başlayar və minacatla da xətm olunardı.
 
Bərdə şəhərində və onun ətraf kəndlərində kişili və qadınlı 100-ə qədər və bəlkə də daha çox bəhai dost var idi. Bərdədə Eydi-Rizvan bayramında Müqəddəs Ruhani Məhfilinə üzvlərinin seçilməsinə dair keçirilən seçkilərdə 70-80-ə qədər bəhai iştirak edirdi. Demək olar ki, bəhailərin sayı etibari ilə Azərbaycanda birinci yeri Bakı və ikinci yeri Gəncə şəhəri tuturdu. Üçüncu yeri Bərdə və dördüncü yeri Göyçay şəhəri tuturdu. Şəki şəhərinin icması da özünə görə bir qədər bəhaiyə mənsub idi. Şəki bəhailərini əsasən Hüzuri Mübarəkdə olmuş Ağa Məşədi Hüseyn Əyyubov təmsil edirdi.
 
Bərdə bəhailəri Müqəddəs Ruhani Məhfilinə üzvlərin seçilməsi münasibətilə keçirilən seçkilərdə Həzrət Əbdülbəhanın buyurduğu (ruhumuz ona fəda olsun) bu Mübarək göstərişini rəhbər tuturdular: “ Bəhailər özlərinin hər bir işlərini məsləhət və məşvərət ilə icra etməlidirlər. Çünki məşvərət və məsləhətdən nəticəli ümumi bir fikir doğular. Odur ki, bəhailər Məhəlli Ruhani məhfilinə üzvlər seçərkən elə bəhailərə səs verməlidirlər ki, onlar ağılda mükəmməl, fikirdə uzaqgörən, kamallı, nəzakətli, vüqarlı, əzəmətli, mömin, namuslu və xalq içində əmanət və dəyanətləri ilə məşhur olsunlar”.

 
Məcburiyyət Qarşısında Qalaraq Başqa Yerlərə Köçən Bəhailər

 
1935-ci ildən sonra Bərdə bəhailəri hökumət məmurları tərəfindən bir çox əziyyətlərə rast gəldilər. Bu vəziyyət getdikcə daha da artaraq şiddətləndi. Belə ki, 1937-cil ildə o son dərəcə gərginləşib hədd-hüdudunu aşdı. Ayrı-ayrı əhbablar hər addımbaşı müxtəlif təhqirlərə məruz qalırdılar. Hökumətin bəzi əməkdaşları bəhailərin ləyaqətlərini hər cürə alçaldır, onların şəxsiyətinə toxunur, hörmətsizlik edirdilər. Sıxıntı, əziyyət və əzablar günü-gündən artırdı. Bərdədə bəhailərə qarşı yaranmış şərait ifrat dərəcədə ağır və dözülməz olduğundan bir çoxları başqa yerlərə köçürdülər. Belələrindən aşağıdakı bəhailərin adlarını qeyd etmək olar: Zümürxac kəndindən Əsgərbəy və Hüseyn Hüseynov qardaşları, Hüsübəy Hüseynov və onun atası Həsənbəy, Mehribanlı kəndindən Əliş bəy və Mahmud bəy Məmmədxanov qardaşları öz el-obalarından, kəndlərindən didərgin düşərək Gəncə şəhərinə getdilər, bu cənablar yalnız canlarını və ailələrini apara bilmişdilər.
 
Hüsübəy bəhai olduğu üçün 1949-cu ildə hökumət tərəfindən həbs olunaraq sürgünə göndırilir və 1955-ci ildə, fevral ayının 25-də Mardovu vilayətinin Potma həbsxanasında vəfat edir, daha doğrusu şəhid olur. Ona görə şəhid olur deyirəm ki, biçarənin heç bir maddi və ya cismani günahı, təqsiri yox idi.
 
Bərdədən başqa şəhərə getmək və yaxud məcburiyyətdə qalmış bəhailər, Bərdədə Müqəddəs Ruhani Məhfilinin rəsmi qərarına və məsləhətinə tabe olub əməl etmışdilər.
 
Bərdə Müqəddəs Ruhani Məhfilinin ən mötəbər və hörmətli üzvlərindən biri də Ağa Məşədi Məhəmməd Quliyev olmuşdur. Onun əsas peşəsi ticarətlə məşğul olmaq idi. Məşədi Məhəmməd Əmri Mübarəkə həmişə sədaqətlə xidmət etmişdir. O, özünün əməli ilə, rəftarı və davranışı ilə Həzrət Bəhaullah yolunda malından və canından keçməyə hazır olduğunu həmişə bildirirdi. Cənabi Ağa Məşədi Məhəmməd Quliyev Bəhaullah Həzrətlərinin Mübarək Əmri yolunda hər cürə çətinliklərlə qarşılaşmış və mübarizə meydanında qalib çıxmışdır. O, Əmri məlumatlarla dolu zəngin bilik sahibi olduğundan söhbət və müsahibələrdə fəal iştirak edərdi. O, çox ciddi, həm də əsaslı dəlillərlə öz fikrini isbat edər və müsahibini qənaətləndirərdi. Bu günahsız məzlum da Bərdədən Göyçay şəhərinə köçərək oradakı əhbablara pənah gətirmişdi. Ağa Məşədi Məhəmməd, 1945-ci ildə xəstəlik nəticəsində Göyçayda vəfat etmış və orada da dəfn olunmuşdur.   Bərdənin Mehribanlı kənd sakinləri Əliş bəy və Mahmud bəy Məmmədxanov qardaşları da hər cür əzab-əziyyətlərə məruz qalmışlar. Hər iki qardaş Əmri Mübarəki qəbul etdiklərinə görə, ayrı-ayrı şəxslər onları qərəzliklə “babi” adlandıraraq hər ikisinin haqqında hökumət orqanlarında yalan, uydurma məlumatlar verərmişlər. Hökumət məmurları saxta üsullarla, riyakarcasına işlər tərtib edərək, Sahibi Əmrə qəlbən sadiq olan və bütün varlığı ilə Cəmali Mübarəkə baglı olan Əliş bəyi dəfələrlə həbsə alırlar. Nəhayət onu mühakimə edərək, günahsız məzlumu ölüm cəzasına məhkum edirlər.  Onun ölüm fərmanı rəsmən elan edilir. Lakin, Həzrət Bəhaullahın mübarək inayəti və təyidatı məzlumun üzırində olduğundan o, həmin ölüm cəzasından azad olunur. Əliş bəy bir qədər məhbus saxlandıqdan sonra bəraət qazanır və həbsxanadan azad edilir.
 
Bundan sonra cənab Ağa Əliş bəy özünəməxsus olan bütün əmlakını Bərdədə qoyaraq, ailəsi və qardaşı Mahmud bəylə bərabər Müqəddəs Ruhani Məhfilin məsləhəti ilə Gəncə şəhərinə köçür. İstər Əliş bəy və istərsə də Mahmud bəy qardaşlarının hər ikisinin həyatı olmazın çətinliklər və əzablı güzəranlar içərisində keçirir. Bir tərəfdən ictimai mühitin acı günləri, yeni həyat şəraiti və məkan, digər tərəfdən isə izləmə, baykot edilmək təhlükəsi onların yaşayışının son dərəcədə ağır keçməsinə səbəb olmuşdur. Bəhaiyyət yolunda hər cürə ağırlığı çiyinlərində daşımağı, qorxulu dəqiqələr keçirməyi qardaşlar böyük şadlıq hissi ilə məmuniyyətlə qəbul etmışdilər, lakin bütün bunlarla yanaşı Gəncə Müqəddəs Ruhani Məhfili də öz növbəsində bu məzlumlara daim qayğı göstərmiş və onların qeydinə qalmışdır.
 
Cox şükür və sənalar olsun Cəmali Mübarəkin əziz dərgahına, Əliş bəy və Mahmud bəy qardaşları Gəncədə özlərinin vəziyyətlərini qaydaya salır və kəsbi -halal ilə güzəran yolunu tapırlar. Cənablar hal-hazırda Gəncə şəhərində yaşayırlar. Əliş bəy 1890-cı ildə, Mahmud bəy isə 1888-ci ildə təvəllüd tapmışlar. Onlar ömürlərinin axırına kimi Əmri Mübarəkin dərgahında sabit qədəm qalmışlar.

 
Ağır İllərdə Ağa Köçərinin Fəaliyyəti

 
Quliyev Köçəri Mədəd oğlu əslində kürd olubdur. O, Azərbaycan Cümhuriyyətinin Laçın mahalında 1882-ci ildə doğulmuşdur. Ağa Köçəri hələ gənc yaşlarında Bərdəyə köçmüş və ömrünün axırlarına kimi də orada yaşamışdır. Ailəsini dolandırmaq üçün ticarətin müxtəlif sahələrindən istifadə etmişdir.
 
Ağa Köçəri 1920-ci ildə Məşədi Oruc oğlu Dadaşın vasitəsi ilə Həzrət Bəhaullahın Mübarək dinini qəbul edib, bəhaiyyətin həqiqiyyətinə iman gətirmişdir. Bu da öz növbəsində çətin, enişli-yoxuşlu yollardan keçir.
 
Zamanın ağır və çətin sınaq illərində (1930-1937-ci illər) bəhailər Bərdədə ağır sıxıntı şəraitində yaşayırdılar. Bu illər Cəmali Mübarəkin dostları üçün son dərəcə ağır və məşəqqətli idi. Belə vaxtlarda ayrı-ayrı bəhaiyə qarşı qəlbində düşmənçilik və qərəzçilik hissi olan, nifrət bəsləyən bəzi adamlar açıq intiqam ala bilmirdilər. Ona görə ki, bəzi hökumət orqanları açıq qətl-qarətə yol vermirdi. Lakin, hökumətin siyasəti ilə əlaqədar olaraq, dolayi yollarla, məsələn, guya işdə səhlənkarlıq etmək, soyuqluq göstərmək, qəsdən müəyyən edilmiş ağır vergini verə bilməkdən, biyar və sairə, icrası qeyri- mümkün olan işlərdən imtina etmək kimi böhtan xarakterli bəhanələrdən istifadə etməklə bəhailərə düşmənçilik münasibəti bəsləyənlər bu və ya digər bəhaini asanlıqla dolaşdırırdı. Əvvəllər də qeyd etdiyimiz kimi beləliklə də onlar bəhailərin həbsxanalara düşməsinə, sürgünə göndərilmsinə nail olurdular.
 
Belə bir çətin vaxtda Ağa Köçəri bəhailərə böyük xeyirxah xidmətlər göstərmişdi. Belə ki, siyasi idarələrdə xidmət edən əməkdaşlardan bəziləri Ağa Köçərinin tanışı və döstu və bəlkə də yaxın qohumu idi. Belə tanışlarının və dostlarının vasitəsi ilə Ağa Köçəri ayrı-ayrı bəhailər haqqında, onun gələcək taleyi barəsində müxtəsər də olsa məlumatlar əldə edər, sonra da özünün ruhani qardaşlarına başqa yerlərə köçüb getməyi məsləhət görərdi. Bu qayda ilə Ağa Köçəri bir çox bəhaini mənasız həbsdən, işgəncə və məşəqqətdən, sürgündən və ölüm pəncəsindən xilas edib qurtarmışdır. Mən “mənasız” sözünü ona görə qeyd etdim ki, bəzi bəhailəri həbs edərkən “ sən bəhai olduğun üçün həbsə alınırsan” demirdilər. Onu başqa ad altında həbs edirdilər. Bəhailər vəfat edərkən son sözləri – “Ya Bəhaül-Əbha” olardı. Sağ qalanlar isə Əmri Mübarəkə sədaqətlə xidmət edərdilər.
 
Beləliklə də, tədricən bəhailərin sayı Bərdədə getdikcə azalmağa başlayır. Son illərə yaxın, yəni 1970-ci ilə qədər Bərdədə cəmi 10 nəfər bəhai qalmışdır. Bəhailərə o cümlədən Həmid Bağırova, Qasım Əliyevə, Sədi Mustafayevə, Cavad Şərifova, Gülişə xanıma, Səkinə xanıma, Fatma xanıma, Balabətim xanıma və bir də mən bəndəyə Ağa Köçəri rəhbərlik etmiş, onların səmimiyyətlə, mehriban yaşamalarına, mümkün olduğu vaxtlarda məclislərdə iştirak etmələrinə hər vasitə ilə lazımi köməklik etmişdir. Ağa Köçəri bəhai gənclərinin də Mübarək Dərgahdan kənarda qalmamalarına, onların Həzrət Bəhaullahın mübarək ayət löhvlərini, minacatlarını, bəyanatı-mübarəklərini eşitmələrinə və hətta fəaliyyət göstərmələrinə çalışmışdır.
 
Bərdə bəhailərindən Ağa Dünyamalı Hüseynov, Ağa Əvəz və Ağa Azad Şərifovlar, Ağa Musa Əbdürrəhimov, Ağa Malik Hüseynov, Ağa Rəhim Zeynalov, Tehran xanım Əliyeva qocaldıqlarına və xəstələndiklərinə görə Allahın Əmri ilə vəfat etmiş ə onların hamısı Bərdə qəbirsanlığında dəfn olunmuşlar. Bərdə bəhailərinin həyat və fəaliyyətlərindən bəhs edən həmin qısaca tarix yazıldığı ilə qədər, yəni 1970-ci ilə qədər, yuxarıda qeyd etdiyim kimi sağ-salamat qalmış bəhailər, tez-tez rişxəndlərə, yersiz və lüzumsuz kinayəli sözlər eşitməyə məruz qalmışlar. Lakin, onlar ruhdan düşməyərək, ruhi-reyhanla cəm olub Həzrət Bəhaullahı və Onun Müqəddəs Kəlamlarını, Əmri Mübarəklərini zikr etməklə məşğul olmuşlar.

 
Bərdədə Bəhai Uşaqlarının Təhsilə Cəlb Olunması Haqqında

 

Bəhaiyyət qanununda məcburi təhsil, məlum olduğu kimi, Həzrət Bəhaullah Əmrinin əsaslarından biridir. Yəni, on iki əsaslardan biri də məcburi təhsildir. Bu məsələyə Bərdə bəhailəri də çox böyük fikir vermişlər. Hər bir bəhai öz uşağının bəhai təhsili alması ilə ciddi məşğul olardı.

 

Hüseyn bəy Köçərlinski 1894-cü ildə Bərdə rayonunun Əyricə kəndində anadan olmuşdur. Təhsilini Gürcüstan Cümhuriyyətinin Qori şəhərində almışdır. Əmri Mübarəki Bərdədə təsdiq etdikdən sonra o, 1922-ci ildə Aşqabad şəhərinə köçmüş və orada, Mədrəsə Bahaianda rus dilinin tədrisi ilə məşğul olmuşdur.

 

Hüseyn bəy Aşqabadda yaşayarkən fars və ərəb dillərini də öyrənmişdir. O, “Kitab-i Əqdəs”, “Mofavezat”, “İqani-Şərif”, “Həft-Vadi”, “ On doqquz nutqi” , “Kəlimati-Məknunə” və sairə Əmri kitablarını, “Xurşide Xavər”, “ Nəcme-Baxtər” kimi məcmuələri, Bəyənati-Mübarəkləri dərindən oxumuş və geniş Əmri məlumatlara malik olmuşdur.

 

Məhz buna görə də o, Əmri Mübarəki təbliğ etmək üçün bir çox şəhərlərə gedərdi. 1927-ci ildə Bərdəyə səyahət edən Ağa Hüseyn bəy Köçərlinski bu zaman özi ilə birlikdə xeyli Əmri yeniliklər də gətirmişdi.

Cənabi Ağa Hüseyn bəy Bərdə bəhailərinə gözəl məsləhətlər və tövsiyyələr verərdi. Onun məsləhət və tövsiyyələri başlıca olaraq bundan ibarət idi ki, bəhailər öz uşaqlarına təlim və təhsil verməlidirlər. Bu, Həzrət Bəhaullahın Əmri Mübarəkidir. Bərdə bəhailəri və ümumi bəhailər mümkün qədər öz uşaqlarını bəhai məktəbində oxutmağa çalışmalıdırlar. Məhz buna görə də Bərdə bəhailərindən Hüseynov Dünyamalı-oğlanları Nüsrəti, Fətullahi, Fazili, Ağa Mirvəfa Seyid (ona Üryan-seyid deyirdilər) oğlu Mirişi və Ağa Qoca Əliyev oğlu Balacanı 1927-ci ildə Aşqabada, bəhai məktəbinə oxumağa göndərdilər. Həmin uşaqlar üç il orada müvafiq siniflərdə təhsil aldılar.

 

Aşqabad bəhai məktəbində ayrı-ayrı fənnlərdən dərs deyilirdi. Lakin əsasən Həzrət Bəhaullahın Təlimati-Mübarəki tədris olunurdu. Aşqabad bəhailərindən Ağa Bədiullah Səmimi də Bərdə bəhailəri ilə görüşmüşdür. O, Bərdəyə 1927-ci ildə, yay fəslində Hüseyn bəy Köçərlinski ilə birlikdə təşrif gətirmişdi.

 

Bu əziz və hörmətli cənabın da təşrifi Bərdə bəhailəri arasında mövcud olan mehribançılığın, dostluq və ittifaqın daha da möhkəmlənməsinə səbəb olmuşdur.

 

Ağa Bədiullah fars idi. Lakin türk dilini də yaxşı bilirdi. Buna görə də o Bərdə bəhailərinə mehman olduğu müddətdə Həzrət Bəhaullahın Təlimati-Mübarəklərində, Həzrət Əbdülbəhanın Amerika və Avropa səfərlərində buyurduqları mübarək nitqlərini və bəyanatlarını Azərbaycan dilinə tərcümə edərək Bərdə əhbablarına vermişdir. Bu qəbildən olan tərcümələr məclislərdə tez-tez oxunardı. Bu qayda ilə də Bərdə bəhailəri Əmri məlumatlarla daha da zənginləşərdilər.

 

Ağa Bədiullah Səmimi də Aşqabadda Mədrəseyi-Bəhaianda müəllim idi. O, esperanto və fars dili fənnlərini tədris edirdi. Yeri gəlmişkən qeyd edim ki, Ağa Əli Əkbər Furutan ərəb dilindən, Ağa Əli Əsgər hesabdan və Cənabi Şeyx Əhməd fars dilindən dərs deyərdilər. Aşqabad bəhai məktəbində çalışan müəllimlərin ən yaşlısı təxminən 75-80 yaşında olan Cənabi Şeyx, ən cavanı isə 30-35 yaşında Ağa Bədiullah Səmimi idi.

 

Mədrəseyi-Bəhaian Aşqabadda Məşriq-ül-Əzkarın ərazisində yerləşirdi. Oğlanlar məktəbi ilə qızlar məktəbi bir-birindən ayrı idi. Hər məktəbin ayrılıqda öz müəllim heyəti vardı. Məktəbli oğlanlar və qızlar üçün ayrıca olaraq məktəb forması və xüsusi döş nişanları da vardı. Bu nişanların üstündə “Mədrəseye Bəhaian” sözləri yazılmışdı. Məktəbli qızların nişanı doqquz guşəli ulduz formasında idi. Aşqabad şəhərində bəhai məktəbinin şagirdləri başqa məktəblərin tələbələrindən kəskin surətdə fərqlənir və onlar uzaqdan tanınırdılar...

 

Hökumətin xüsusi sərəncamına əsasən Mədreseye-Bahaian 1929-cu ildə fəaliyyətini rəsmən dayandırdı və bizi isə Aşqabaddan Bərdəyə qaytardılar.

-Fani Nüsrət Hüseynov - Bərdə, 1970

P.S.

Tez-tez nə ücün tarixi yaradanlar tarixi yazmadılar, deyə gileylənmişəm.  Hz. Bəhaullahın mövludunun 200 illiyi ərəfəsində möcüzəvi surətdə Gəncə və Bərdə bəhailərinin arxiv yazıları üzə çıxır.Bərdə bəhailərindən Ağa Nüsrətin əl yazılarını aşkar edəndə sevincimin həddi –hüdudu yox idi; mən belə bir yazının olduğunu bilirdim, amma itdiyini zənn edirdim. Əvvəcə bəzi sözləri bu günün oxucunun zovqünə və işlətdiyi sözlərlə əvəz etmək və bəzi parçaları ixtisar etmək istədim. Sonra bu tarixin bilavasitə iştirakçısının sırf Bərdə tarixi yazmadığını və hər cümlənin arxasında o dövrü xarakterizə edən qiymətli məqamların olduğunu nəzərə alaraq, məqaləni olduğu kimi vermək qərarına gəldim. Bu sətrləri yazarkən bəndəniz yeni dirçəlişdən sonra Ağa Nüsrətlə bir neçə il Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfilində üzv olmağımla şərəf hissi duydum; onun yalnız indi hansı məqama malik olduğunu anladım.Məqalədə bir çox bəhailəri müsbət xarakterizə edən Ağa Nüsrət həmin xüsusiyyətləri özündə cəmləşdirdiyini, həmin icmanın layiqli üzvü və çox sadə nümayəndəsi olduğunu qeyd etmək istərdim.

Bu məqamda bir hadisə yadima düşdü; ölkəmiz perestroyka mərhələsinə qədəm qoyduqdan bir müddət keçdikdən sonra, keçmiş SSRİ-in dəmir hasarları artıq uculmaq ərəfəsində, Ərzi-məqsuddan və digər şəhərlərdən xoş xəbərlər gəlməyə başladı. Bəhailərin Aşqabadda və Moskvada fəallaşması müşahidə olunur və Bakıya, o cümlədən də bizim evə, qonaqlar gəlməyə başlayırdılar. Bəhailərin bir-biri ilə əlaqə saxlamalarına, hətda telefonda danışarkən “Allahu-Əbha” (bu sözləri bütün dünyada bəhailər bir- birini salamlayarkən işlədirlər) demələrinə belə KQB tərəfindən rəsmi qadağa qoyulduğundan (və dövlətin qanunlarına tabe olmaq prinsipinə əməl edildiyindən) illərlə qədim bəhailərlə heç bir əlaqə saxlanılmamışdı. Bu mücdəni onlara çatdırmağı valideyinlərim öz öhdəsinə götürmüşdülər. Bir gün anam Ağa Nüsrətin Bərdə telefonunu əldə etdiyini sevinclə atama bildirdi. Həmin gün atam telefon zəngi edib, on illərin sükütunu pozaraq, ehtiyatla “Allahu-Əbha” dedi. Xəttin o başından eyni cavabı eşitdikdə sevincindən bilmirdi ki, nə etsin və yenidən “Allahu-Əbha” dedi. Yene də “Allahu-Əbha” cavabını alanda özünü güclə saxlayıb, bir daha “Allahu-Əbha” dedi. Yadımdadır bu minvanla onlar bir qədər yalnız, göz yaşları ilə müşahidə olunan, “Allahu-Əbha” deməklə bir-biri ilə rihani söhbət etdilər. O anları təsvir etməyə bu qələm acizdir...İndi də yadımdadır onların o xoşbəxtlik anları. Bir qədər toxtadıqdan sonra atam özünü – köhnə dostunu, təqdim etdi və mücdəni, yeni dəyişiklərin olduğunu ona söylədi....

bottom of page