top of page

Yazan Haqqında
Qısa Məlumat

Atamın tibbi ixtisasına təlabat böyük olduğundan (II Dünya müharibəsindən sonra) onu Azərbaycanın müxtəlif yerlərinə göndərdik-lərindən taleyin qisməti ilə mən, Səlahəddin Əyyubov 1953-cü ildə Oğuzda dünyaya göz açdım. Bakıda İçərişəhərə yaxın, babamın yaşadığı mülkdə boy atmışam. Biz ailədə iki qardaş və iki bacı olmuşuq. Çoxumuz da Bakının 132/134 nömrəli məktəbində (anam da daxil olmaqla) təhsil almışıq.  Atamın ailəsi Şəkidən, anamın ailəsi Salyandandır, lakin onlar hələ səkkiz yaşlarında ikən, 1920-ci illərdə Bakıya köçmüşlər. Bu o dövr idi ki, Bakıda neft bumu yaşanırdı. Azərbaycanlı milyonçular meydana çıxmışdı, milli burjuaziya yaranırdı. Bakı şəhərində sürətli və nəhəng tikinti layihələri gerçəkləşdirilirdi. 
 

Bakı təsəvvürə gəlməyən bir sürətlə yeni sima qazanırdı. Yollar salınır, Avropa üslubunda memarlıq nümunələri olan binalar, teatrlar, xəstəxanalar və başqa ictimai məqsədli binalar tikilirdi, yeni təsisatlar və cəmiyyətlər yaranırdı. Mənim ata və anamın ailələri məhz belə bir dövrdə Bakıya köçdülər. 


Mənimsə uşaqlığım SSRİ adlı bir ölkənin ən firavan dövrünə düşmüşdü. 30-cu illərin qorxusu, repressiya xofu yox idi. İdeologiya toqquşmaları bitmiş, müxalif səslər susdurulmuş, insanların dəstə-dəstə Sibirə sürgünləri arxada qalmışdı. İkinci Dünya Müharibəsinin kabusu çəkilmişdi. Yeni bir dövr başlamışdı. Ölkə 50-60-cı illərin qaynar həyatını sürürdü ki, o zaman hamı birgə işləyir, gözəl ideallara inanır, yeni bir dünya xəyalı ilə işləyib çalışırdılar. O dövrdə həyatın hər bir sahəsində inkişaf vardı. İdeologiya həyatın hər bir sahəsinə nüfuz etsə də, qaynar fəaliyyət bu ideoloji təzyiqi o qədər də hiss etdirmirdi. Tikinti bumu, ölkənin kənd təsərrüfatına fokuslanması,  sənaye və elmin inkişafı gözəl gələcək vəd edirdi. Azərbaycan bu dövrdə çox inkişaf etdi. Geriyə baxıb o dövrləri xatırlayanda düşünürəm ki, nə yaxşı mən o dövrləri təcrübə etmişəm. Təbii ki, o dövrün bu cür inkişafı boşluqları çox da hiss etdirmirdi. Amma bu o demək deyil ki, onlar yox idi. Əsl mənəvi tələbat ödənilmirdi. Bütövlükdə cəmiyyətin həyatını mənəviyyat adına boş şüar və saxta ideallarla doldurmuşdular.
 


On dörd yaşım olanda (1967) bir dəfə mən Bəhailərin dua məclisinə getmişdim. Qəflətən həmin evə mülki geyimdə şəxslər gəldilər və bütün dini kitablarımızı götürdülər. Hələ Heydər Əliyev hakimiyyətə gəlməmişdi. Yadımdadır hamımız həyəcan içində idik. O axşam düşündüm ki, bu millətin xoşbəxtliyinin olmamasının gerçək səbəbi bizim millətin mənəvi qanadını sovetlərin kəsməsidir.  Həmin hadisə mənə çox təsir etdi, öz-özümə qərar verdim ki, Bəhai dinini çox araşdırım. Təbii bu hadisə məndə özü ilə bağlı suallar doğurdu. Nə üçün sovet hökuməti kimi nəhəng və qüdrətli bir rejim onillər ərzində Bəhai dinini təqib edir, onun kökünü kəsmək istəyir, amma buna gücü çatmırmış kimi görünür. Bu dinin yüz il ərzində təqib olunmasından yaxşı xəbərdar idim. Böyük dövlətlər belə onu nə qədər qəddarlıqla təqib etsələr də, onun işığını söndürə bilməmişdilər. Onlar mənim üçün tarix idi. Yaşadığım ölkə isə mənə daha real idi və yaşantılarımı daha yaxşı başa düşə və izah edə bilərdim.

Bu kiçik icmanın yaşam gücünün mənbəyi nədir? Bu qədər amansız təqiblərə məruz qalmış bu icmanı belə möhkəm saxlayan qüvvə hansı qüvvədir? Bütün bu məşəqqət və əzablara, sürgün və iztirablara rəğmən, bu insanların qəlbindəki işıq nə işıqdır? Bu ölməz ümid onlarda haradandır? Hələ çar hökuməti zamanından on minə qədər bəhaini pərən-pərən saldılar, SSRİ dövründə nə qədər  görkəmli üzvləri şəhid və sürgün etdilər, nə qədər əziyyətə saldılar, işdən azad etdilər, amma bütün bunların müqabilində yenə də bu bəhailərin nə qədər sağlam düşüncəli, qorxmaz, xidmət ruhlu, insansevər, qonaqpərvər, təmkinli, məhəbbətli, sədaqətli, ölkələrinə sadiq, millətlərinə vəfalı, fədakar, hər an xeyriyyə işləri ilə məşğul olmağa can atan, Allaha yaxın, səxavətli insanlar olduğuna şahid idim. Bu təmkin və ümid, bu gələcəyə inam və xoşgörü onlarda haradan idi? Nə üçün onlar başqa siyasi qruplar kimi bu zülm qarşısında ayağa qalxmırlar, heç kəs haqqında pis danışmırlar, və heç bir millətə, dinə, mədəniyyətə və ya cəmiyyətə pis baxmırlar? SSRİ həmin reyd zamanı öz əsl simasını göstərmişdi. Hətta yaxşı yadımdadır ki, həmin axşam sürgün olunmuş bəhai ailəsindən olan Həqiqət xanım Kəşkuli onlara konfet paylayırdı. Bu münasibət və məramın mənbəyi nə idi?

 


Həmin axşam bu və digər suallarımın cavablarını tapmağa başladım. Sizə bir sirr açım ki, Allahın Əmrinə müxalifət gördükdə, bu insanın insafını oyadır. O hadisə məni insaflı bir araşdırıcıya çevirdi. Bu müxalifət üzərində düşündükcə insaflı münasibət dərinləşir, insan sanki vicdanı ilə tək qalıb fikirləşməli olur, insan öz ruhani varlığına daha yaxın olur. Bəhai dininə qarşı bu müxalifət 20-ci əsrdə böyük ziyalılarımızın və bu ümumiyyətlə, bizim mədəni bağlarımızın olduğu yaxın ölkələrin düşüncə sahiblərinin gözlərinin açılmasına səbəb olmuşdu. Onlar bu dinin əzəmətini görmüşdülər.

Elə mən də içimdə o gecə dərin dəyişiklik hiss etdim. Qəlbimdə yanmış o atəş mənim üçün istiqamətverici bir işığa çevrildi. Əlbəttə, insaflı olmaq üçün heç də müxalifət lazım deyil. Sadəcə o insanı qəflətdən birdəfəlik oyadır. Hər kəsin özü insaflı olmaq qərarını verir, müxalifət isə güclü bir təkandır ki, proseslərə təkan verir. Bu kitab da məhz o gecə başlamış daxili transformasiya prosesinin nəticəsidir.
 


1953-cü il. Xəyallarda hamımız həmişə birlikdə olmuşuq. 3 bacı Qasimovlar:  Minaxanım (anam), Bəhiyyə (Gülnazın anası) və Qudsiyyə (Rövşənin anası) - soldan sağa. Şəhidlikdən 16 il sonra, amma həmişə başımızım üstündə atamız Fərəci hiss etmişik…  P.S. Fərəc baba! Baba??!! Axı sən mənim indiki vaxtımdan 10 il cavan idin! "Əhd -Misaq yolunda ruhunu fəda etdin".  Məzarının yeri bilinməyən nəinki ziyarət edilməyən! Sən ailəndən, yəni bu var-dövlətdən necə əl çəkdin?!  "Allahın dəvətinə cavab verdin və Allaha iman gətirərək Sidrətul- Sinanin  alovundan alovlandın". Bəs həyat yoldaşın, xanımın Fizzə – heç də səndən zəif olmadı – biganə qalmadı! İndi də bu hadisələrə - qəhrəmanlığa sakit qalmaq, duyğulanmamaq olmur…“Bu Din, doğrudan da, Allahın nəzərində Həzrət Məhəmmədin Dininin cövhəridir; odur ki, səmavi Cənnətə və Tək Haqq Allahın hüzurunda Onun uca razılıq Bağına yetişməyə tələsin! Kaş ki, Allahın əlamətlərinin sübutları qarşısında siz səbirli və minnətdar olardınız”.
 


İdmanla məşğul olmağı sevir və gəncliyimdə musiqiyə böyük həvəsim vardı – elektro-cazı, piano çalmağı və mahnı qoşmağı sevərdim. Əfsuslar olsun ki, o vaxtlar muğamatı əla bilən atamın mənə onun incəliklərini öyrətmək cəhdlərinə bir o qədər çox fikir verməmişəm.  Qədim azəri xalça və mis qablarına qarşı biganə ola bilmirəm və səyahəti çox sevirəm. Tale elə gətirdi ki, məni həyatda dəstəkləyən əslən Salyandan olan bir xanımla – Sima, ailə qurduq və Allah bizə həyatımızın sevinci - iki övlad bəxş etdi və iki qız nəvəm həyatımıza yaraşıq verirlər.  Nəzərə alsaq ki, boş vaxtın olmaması hamı kimi mənim də ən çox gileyləndiyim bir məsələdir, xalqıma mənəvi məsələrlə əlaqədar tam – istədiyim səviyyədə xidmət edə bilməmədiyimdən pərişanlansam da bu həyatımın son 30 ilimin əsas məramı olmaqdadır. 

Dövrünün ziyalılarından olan atam kommunist rejimində yaşamağımıza baxmayaraq,  Qurani-Kərimin dörd dildə tərcüməsini bir kitabda əl yazısında toplayıb və övladlarına "məndən sizə ən qiymətli vərəsə olaraq bunları verirəm" deyərdi. Odur ki, biz də müəmmalı yerləri bir- neçə tərcümədə oxumaq və həqiqəti axtarmaq imkanımız olardı. O da vaxti ilə atasından müəyyən tövsiyələr almış, babasından və ulu babasından olan xatirələrlə düşünərək çətin dövrdə şərəfli ömür sürmüşdür.  Bu kitabın böyük bir hissəsi ata- babalarımızın  - Azərbaycan Bəhai İcmasının üzvlərinin xatirələridir.

Ümidvaram ki, bizim oxucularımız istisna da olmasalar müstəqil araşdırmaya meylli olaraq Bütün dinlərdə Vəd Olunmuş Kəsin Zühurunu tədqiq edəcək bu Müjdəni layiqincə qiymətləndirərək Əssiratəl-müstəqimdə şərəflə addımlayaraq Ələst piyaləsindən məst olmuşlara qoşulacaqlar.

Tarix yalanı yadda saxlamır, həmişə yalnız həqiqət müasirlərə gəlib çatır. Bu heç də tamamlanmış Bəhai tarixi deyil, müəllif də tarixçi deyildir, müəyyən xatirələr və tarixçələr itməsin deyə, sadəcə Allahın izni ilə, bəzi materialları toplamağa müyəssər olmuş və tərtib etmişdir. Buna yalnız Azərbaycanda Bəhai tarixini araşdırmağa ilk cəhd kimi baxılmalıdır və bu, tarixin dərslərindən ibrət almaq niyyəti ilə övladlarımıza edilmiş tövsiyə və nəsihətdir.  

İş Üzrə CV-im

 

Məktəbi fərqlənmə ilə bitirib, Azərbaycan Neft və Kimya instituna (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub, 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişəm. Bir müddət Siyəzən neft mədənlərində işlədikdən sonra yenidən  təhsilimi davam etdirmiş, T.e.n.  – Ph.D.,  Fəlsəfə Doktoru  (Moskva  Diplomu) elmi dərəcəsi almış, 20 il əsasən baş elmi işçi və dosent vəzifələrində çalışmışam. Sovetlər İttifaqı dağıldıqdan bir qədər sonra qərb ölkələrinin bir neçə məşhur neft şirkətlərindən birində (və 3 il HERIOT –WATT UNİVERSİTETİ –Edinburq, Şotlandiya, Böyük Britaniya - Professor) işləməkdə davam edirəm. 

Mühəndislik, layihə və nəzəriyyə mərhələlərindən keçmiş, neft sənayesi veteranı – AzNeft (SOCAR)-da 1975-ci ildən işə  başlamış,  Azərbaycanın, SSRİ (keçmiş Sovetlər İttifaqının) və Qərb ölkələrinin: Sperry Drilling, Halliburton, Baker Hughes INTEQ, DEUTAG Drilling İnternational, SANTA FE İnternational və s. kompaniyalarında - Qazımaçı köməkçisi, Qazımaçı, Buruq ustası, Tərcüməçi, STƏMM mühəndisi (HSE officer), Geofizik, MWD/LWD Mühəndisi, Maili Quyu Layihəçisi, Maili Qazıma Koordinatoru, Baş Mühəndis (Əməliyyatlar Koordinatoru) və Biznesin inkişafı üzrə Menecer kimi vəzifələrdə çalışmışam.  

Rusiya, Belarusiya, Türkmənistan, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Oman, ABŞ, Böyük Britaniya, Almaniya, Yunanıstan, Hindistan və s. ölkələrdə çalışmış və ECO ölkələri Ətraf mühit və Mineralogiya şöbəsinin Enerji Direktoru təyin edilmişdim.

 

İxtira və Elmi Məqalələrin (sayı 46), Mühəndislik və həmçinin Tarixi-teoloji kitabın, bir çox qəzet məqalələrinin müəllifi və konfransların (o cümlədən  beynəlxalq) iştirakçısıyam. Azərbaycan, Rus və İngilis dillərində təhsil almış, bir qədər  Ərəb dilini öyrənmişəm.

 

“SIMURG” Azərbaycan Mədəniyyət  Assosiasiyası və  SSRİ Neft və qaz sənayesi Nazirliyinin Fəxri Fərmanları ilə təltif edilmişəm.

 

Gözlərimiz, Canımız, Ciyərimiz!!
 

.
bottom of page